Qadın üzündə təbəssüm yaradan vasitənin ünvanı: Bazarda qiymətlər necədir? - REPORTAJ
Sabah 14 fevral- Sevgililər Günüdür. Şəhərdə olan gül dükanları hətta kiçik prospekt künclərində belə bir-birindən gözəl güllərin rəng palitrası ilə dolub-daşır. Hər vitrin, hər dükan, hər buket sadəcə çiçək deyil sevgi, diqqət və ehtiramın simvoludur. İnsanlar bu xüsusi gündə duyğularını ifadə etmək, yaxınlarını sevindirmək üçün ən gözəl gülləri seçmək istəyir. Lakin sual yaranır: hansını almaq daha mənalıdır? Hansı gül buketi həm gözəlliyi, həm də qiyməti ilə ürəyə dost olar? Və bəzən də, sadə bir çiçək buketi, ən bahalı güllərdən daha böyük təsir bağışlaya bilər.
Bu gün gül dükanlarının rəngarəng dünyasına səyahət etmək həm göz oxşayır, həm də maraqlı kəşflərə yol açır. Qızılgüllərin al-əlvan çalarları, lalələrin incə qoxusu, orkide və gerberaların fərqli harmoniyası – hər biri öz dili ilə danışır, sevginin müxtəlif çalarlarını təqdim edir. Qiymətlər isə bəzən sürprizlərlə doludur: bəzən kiçik bir buket böyük bir hədiyyə kimi görünür, bəzən isə lüks bir buket həm göz oxşayır, həm də cibə bir az sarsıntı gətirir.

Məlum olduğu kimi, sevgi yalnız sözlə deyil, həm də incə, estetik bir jestlə ifadə olunur – və ən gözəl jestlərdən biri də, əlbəttə ki, çiçəklərlə gəlir.
Adəti üzrə sevgililər günü öncəsi artıq gül dükanları çoxlu sifarişlər qəbul edir və dayanmadan hazırlaşırlar.
Sevgililər günü ərəfəsində qiymətmələrin qalxması artıq kimsəni təəccübləndirmir. Bu, adi hala çevrilib.
Paytaxtın Yasamal rayonundakı bir neçə dükana girib güllərin qiymətləri ilə maraqlanırıq.
Məni müştəri kimi mehribanlıqla qarşılayan satıcı ilə salamlaşıb güllərin qiymətini öyrənirəm. Satıcı güllərin dəyərinin növə görə dəyişdiyini bildirir: "Müxtəlif çeşidlərdə və qiymətlərdə olur. Buraya güllərin becərildiyi ölkə amili də təsir edir. İstər-istəməz yerli gül ilə xarici növ gül arasında fərq olur. Bizdə isə xüsusən xarici növ güllər daha çox olur və tələbat da olduqca yüksəkdir.

Satıcı ən çox alınan güllərdən - qzılgülün dənəsinin 6-7 manat, tülpanın 2-3 manat arası olduğunu qeyd edir.
Onun sözlərinə görə, qarışıq güllərdən ibarət buketin qiyməti 30-35 manat arasından 500-800 hətta,1000 manat aralığında dəyişir. Təbii ki, insanların seçimi cibinə və zövqünə görə dəyişir. Qiyməti yüksək olan güllərdən pion və qartenzia 15- 20 manat bir ədədi olur.
Satıxı xanımdan soruşuram?
- 800- 1000 min dəyərində sifarişləriniz çox olur?
Elə bu an bir müştəri gəlir və 40 manatlıq buket alır.
Müştəri təəccüblə soruşur:
- Nə əcəb qiymətlər qalxmayıb?- Bu zaman onun sevincini hiss etməmək mümkün deyil.
Satıcıya baxıram. Təbəssüm edir. Amma heç nə demir.
Müştəri gedəndən sonra satıcı sualıma cavab verir: "Əlbəttə, yüksək dəyərdə olan sifarişlər də olur. Bəzən isə adi bir gül dənəsini də sifariş verən və ya yerindəcə alan olub. Əsas odur saf niyyət olsun. O zaman təbəssümü bir gül dəstəsi ilə də yaratmaq olar".
Mən də satıcının fikirlərinə qoşulub bu fikri təsdiqləyirəm. Bu zaman orta bir dayı mağazaya daxil olur. Gül buketi alır və ödəniş zamanı deyir:
- Bala, qocalsaq da gün o gündür, sevgi yaş tanımır.
Onun bu sözləri məni xeyli düşündürür. Hə halda kişinin dediklərində ciddi məna var.
Təqribi 30 dəqiqəyə yaxın söhbət əsnasında bu qənaətə gəlirəm ki, vəziyyət qənaətbəxşdir. İnsanlar cibinə və zövqünə uyğun bir gül götürür. Bu, çox xoş bir haldır.

Satıcı, həmçinin əhalinin iddia etdiyi əlamətdar günlərin xüsusən sevgililər günü öncəsi qiymət artımına da öz münasibətini bildirir: "Əlbəttə, hamı eyni qiymətdə gülləri satmır. Kimi baha, kim isə nisbətən ucuz sata bilər, lakin ümumi götürdükdə burada 1-2 manatdan artıq fərq olmur. Sevgililər günü öncəsi qiymət artımına gəldikdə isə qeyd edim ki, bu, istər-istəməz xidmətin keyfiyyətindən asılı ola bilər. Təbii ki, bu da dükana görə dəyişir. Bəzən də sifarişlərin ağırlığı və xidmət operativliyi, həmçinin istehsalçı şəxslərin qiyməti artırması səbəbindən cüzi bahalaşma olur. Buna rəğmən biz elə edirik ki, müştəri maksimum məmnun qalsın. Məsələn biz kollektiv olaraq 14 fevral üçün də qərara almışıq ki, qiymətlərdə heç bir dəyişiklik olmasın. Bu istiqamətdə maksimum səy göstəririk. Lakin cüzi artımların da olması dediyim kimi mümkündür".
Satıcı ilə maraqlı söhbətimi tamamlayıb dükandan "Allah bazar versin "deyib ayrılıram. Daha bir alıcının dükana daxil olduğunu görürəm. Onun sevgisinin hələ ilk çağlarında olduğu hiss olunur.
Son da qarşıdan gələn gün münasibətilə isə sevgili cütlükləri səmimi qəlbdən təbrik edir və firəvanlıq diləyirəm. Unutmayaq ki, bir qadını sevindirmək özü böyük bir nemətdir. Qəlbi zərif xanımlarımızın üzündə adi bir gül dənəsi ilə də təbəssüm yaratmaq olar. Gününüz mübarək olsun əziz sevgililər!
Elmir Heydərli
12:20 13.02.2026
Oxunuş sayı: 1570