Taksi şirkətlərindən narazılıq artır? - Sərnişinlərin "qanayan yarası"
Son vaxtlar şəhərdə taksi xidmətlərindən narazılıqlar artıb. Sərnişinlər bildirirlər ki, bəzi taksi sürücüləri ehtiyatsız və təhlükəli şəkildə işləyir. Onların sürəti sərnişinləri qorxudacaq dərəcədə yüksək olur, çox sərnişin daşımaq və ya yol qaydalarını gözləməmək halları rast gəlinir.
Bundan başqa, sərnişinlərlə olan qeyri-etik münasibətlər də diqqəti çəkir. Bəzi sürücülər sərnişinlərlə kobud davranış sərgiləyir, istənilən sual və ya şikayətə cavab verməkdə gecikir və ya laqeyd yanaşırlar. Sərnişinlər isə həm təhlükəsizlik, həm də rahatlıq baxımından taksi şirkətlərindən daha diqqətli xidmət gözləyirlər. Nəticədə bu məsələlər ictimai müzakirələrdə gündəmi tutmağa davam edir və taksi xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı çağırışları gündəmə gətirir.

Taksi sürücülərindən artan şikayətlər fonunda Crossmedia.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Adil Nəbiyev sərnişinlərin haqlı narazılığının nəzarət sisteminin çox aşağı səviyyədə olması ilə əlaqədar olduğunu vurğulayıb: "Taksi şikətləri keyfiyyətdə rəqabəti artıra bilmirlər. Peşəkar yanaşma yoxdur. Son vaxtlar sərnişinlərdən taksi sürücüləri ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Bu narazılıqlar əsasən diqqətsiz sürücülük, etik davranış problemləri və xidmət keyfiyyətinin qeyri-sabitliyi ilə bağlıdır. Məsələ təkcə bir-iki sürücünün davranışı yox, ümumi sistemin yaratdığı problemlərlə də əlaqəlidir. Ən çox səslənən şikayətlərdən biri sürücülərin yolda diqqətsiz olmasıdır. Telefonla danışmaq, tətbiqlə həddindən artıq məşğul olmaq, sürət həddini aşmaq, qəfil manevrlər etmək sərnişinlərdə haqlı narahatlıq yaradır. Taksi avtomobilinə minən şəxs üçün əsas gözlənti təhlükəsiz və rahat yolçuluqdur, lakin bu gözlənti hər zaman doğrulmur. Digər mühüm məsələ davranış və ünsiyyətdir. Bəzi hallarda sürücülər sərnişinlə kobud danışır, ünvanla bağlı irad bildirir, sifarişi ləğv etməklə hədələyir və ya gediş zamanı narazılığını açıq şəkildə ifadə edir. Bu cür münasibət xidməti nəqliyyat anlayışına ziddir və etibarı zəiflədir".
Ekspertin sözlərinə görə, narazılıqların bir hissəsi sistem problemlərindən qaynaqlanır: "Uzun iş saatları, aşağı qazanc, sifarişlərin qeyri-sabitliyi və yol şəraitindəki gərginlik sürücülərin psixoloji vəziyyətinə təsir edir. Bu gərginlik bəzən birbaşa sərnişinə ötürülür. Yəni problem yalnız sürücünün şəxsi məsuliyyətsizliyi deyil, eyni zamanda iş modelinin yaratdığı təzyiqdir. Bununla yanaşı, nəzarət və seçim mexanizmlərinin zəifliyi də rol oynayır. Təcrübəsi az, yol hərəkəti qaydalarına yetərincə bələd olmayan şəxslərin taksi fəaliyyətinə cəlb olunması riskləri artırır. Reytinq və şikayət mexanizmləri olsa da, onların real təsiri hər zaman hiss edilmir. Nəticə olaraq, taksi xidmətindəki narazılıqlar bir tərəfli yanaşma ilə həll edilə bilməz. Sürücülərin peşəkarlığının artırılması, müntəzəm təlimlər, davranış standartları, real nəzarət mexanizmləri və eyni zamanda sürücülərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması vacibdir. Yalnız bu halda həm sərnişin məmnunluğu, həm də yol təhlükəsizliyi təmin oluna bilər".
Fatimə Məmmədova
10:38 13.02.2026
Oxunuş sayı: 1171