CROSSMEDIA - İctimai şuraların formalaşmasında qanun pozuntuları var - AÇIQLAMA
Gündəm

İctimai şuraların formalaşmasında qanun pozuntuları var - AÇIQLAMA

Azərbaycan Milli QHT Forumu ictimai şuraların formalaşdırılmasında aşkar edilən qanun pozuntuları və sui-istifadə halları ilə bağlı geniş bəyanat yayıb. Forum bəyanatında bəzi ictimai şuraların qanuna zidd olaraq təyinat əsasında yaradıldığını, “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə əməl edilmədiyini vurğulayıb. Eyni zamanda, bəyanatda xarici təsirlərin bəzi şuralara nüfuz etməsi və bu statusdan şəxsi maraqlar üçün istifadə edilməsinə qarşı narahatlıq ifadə olunub.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlamasında ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin yaradılmasında “İctimai iştirakçılıq haqqında” qanunun roluna diqqət çəkib. O bildirib ki, qanunun məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının dövlət proqramlarının icrasında fəal iştirakını təmin etməkdir. Lakin bəzi hallarda ictimai şuraların yaradılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmir:
“İctimai şuralar seçki prosedurlarına əsaslanaraq formalaşdırılmalıdır. Təəssüf ki, bəzi hallarda bu şuralar təyinat əsasında qurulur. Bu isə qanuna zidd olmaqla yanaşı, ictimai nəzarətin effektivliyinə də mənfi təsir göstərir.”

Pərvanə Vəliyeva əlavə edib ki, ictimai şuraların üzvləri fəaliyyətlərini şəffaf şəkildə qurmalı, mütəmadi olaraq hesabat təqdim etməlidir. Onun sözlərinə görə, ictimai şuraların fəaliyyətinə aktiv nəzarət həmin şuraların seçildiyi qurumlar tərəfindən həyata keçirilməlidir. Deputat bu problemlərin gələcəkdə təkrarlanmaması üçün Milli QHT Forumunun çağırışlarını dəstəkləyir.

Milli QHT Forumu ictimai şuraların formalaşdırılması zamanı qanunvericilik tələblərinə tam riayət edilməsini, şuraların fəaliyyətinin şəffaflıq və hesabatlılıq prinsiplərinə uyğun təşkil edilməsini tələb edir. Eyni zamanda, Forum dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi üçün sistemli yanaşmanın zəruriliyini vurğulayıb.

Maral Şahverdili

13:58 04.12.2024

Oxunuş sayı: 9405

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR