Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində nazirlik və tabe qurumların əməkdaşları üçün “İnsan hüquqları sahəsində beynəlxalq, regional və milli qanunvericilik aktlarının tətbiqi” mövzusunda təlim təşkil olunub.
Təlimin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hüquqi maarifləndirmənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə Ombudsman Aparatının əməkdaşlarına təşəkkür edib. Mətin Kərimli qeyd edib ki, inkişafa meyilli insanlar öyrənməyə daha həvəsli olur və bilikləri daha effektiv mənimsəyirlər.
Tədbirin mövzusunun hər kəs üçün önəmli olduğunu bildirən Mətin Kərimli insan hüquqları sahəsində məlumatlılığın artırılmasının vacibliyini xüsusi qeyd edib və hər kəsin bu mövzuya maraq göstərməsinin əhəmiyyətini vurğulayıb.
Ombudsman Aparatının Əhali qruplarının hüquqları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aynur Həmidova dövlət qulluqçularının insan hüquqları sahəsində biliklərinin artırılmasının, beynəlxalq insan hüquqları standartlarının gündəlik xidməti fəaliyyətə tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, insan hüquqlarına əsaslanan yanaşma dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Təlimdə Ombudsman Aparatında şöbə müdirinin müavini – İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri Adil Eyvazov tərəfindən iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən təhsil hüququnun beynəlxalq və milli hüquqi mexanizmlər əsasında təmin olunması məsələlərinə dair çıxış edilib.
Təlimçi qismində Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və sektorun baş məsləhətçisi Aydan Talıbova tərəfindən insan hüquqları anlayışı və əsas prinsiplər, Ombudsman institutunun mandatı, Birləşmiş Millətlər Təşkilatı sistemində insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı əsas beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər, habelə bu standartların dövlət qulluğunda praktik tətbiqi mövzularında ətraflı təqdimatlar edilib.
İnteraktiv formatda keçirilmiş təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
17:13 10.02.2026
Oxunuş sayı: 415