Bu səfər TRİPP yolu üzrə işlərin sürətləndirilməsinə töhfə verəcək
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri regionda gedən siyasi, iqtisadi və təhlükəsizlik proseslərinə beynəlxalq marağın artdığını bir daha göstərir. Səfər çərçivəsində ABŞ–Azərbaycan münasibətlərinin gələcək perspektivləri, strateji tərəfdaşlıq, regional nəqliyyat-kommunikasiya layihələri və sülh gündəliyi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva ABŞ administrasiyasının bölgəyə yanaşması, Vaşinqton razılaşmalarının davamı kimi qiymətləndirilən bu səfərin əhəmiyyəti və TRİPP layihəsinin region üçün yaratdığı imkanlar barədə danışıb:
" Ötən ilin bu günlərində Münhen təhlükəsizlik konfransında "Avropa özünün yaratdığı böhranla üz-üzədir" deyən ABŞ vitse-prezidenti Ceyms Devid Vensin bu günlərdə regionumuza səfəri başlayıb. Səfər planına əsasən Ermənistanda 9-10 fevral, Azərbaycanda 10-11 fevral tarixlərində rəsmi səfərdə olacaq Vensin hansı məsələlərlə bağlı iş aparacağını ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində qısaca bildirmişdi.
Azərbaycanla hərbi və təhlükəsizlik sahəsində irəliyə doğru addımların, əməkdaşlığın, qarşılıqlı faydalı ticarət barədə müzakirələrin aparılması nəzərdə tutulur. Vensin gəlişi öncəsi bu gün Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb. Qeyd edim ki, ABŞ-lə Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi məsələlərdə əməkdaşlığın inkişafı üzrə çalışacaq. Bu isə ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir.
Fikrimcə, TRİPP yolunun işlək hala gətirilməsi üçün növbəti addımlar üzrə müzakirənin aparılması səfər proqramının tərkib hissəsi olacaqdır. Yanvarın 14-də Ağ Evdə, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və ABŞ Dövlət Katibi Marko Rubio arasında imzalanmış TRİPP İcra Çərçivəsi (TIF) adlı sənəddə bir çox məqamlara aydınlıq gətirilmişdi. Belə ki, bu sənəd bir daha Vaşinqton razılaşmalarına istinadən Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə maneəsiz keçidinin təmin edilməsini açıq və dəqiq şəkildə ifadə etmişdi. TRİPP Şərq-Qərb istiqamətində əsas nəqliyyat yoluna çevrilmək potensialına malikdir. Buranın investisiyalar, ticarət məkanına çevrilməsi hədəflənir. ABŞ coğrafi cəhətdən regionumuza uzaq olsa da, müasir dövrün ticarət və bağlantılar anlayışı bu stereotipi qırır. Bu gün artıq virtual bağlantılar da gündəmdədir. TRİPP Çərçivə sənədində qeyd olunduğu kimi, Zəngəzur dəhlizi vasitəsilə xam materiallar, kritik minerallar, yer Kürəsində nadir tapılan metallar Amerika bazarlarına çıxarılacaq. TRİPP beynəlxalq layihədir və bu təkcə Azərbaycanın və ya təkcə Ermənistanın gündəliyi deyil, bu marşrutdan Çindən Avropayadək, hətta ABŞ-adək uzanan bütün coğrafiyada olan ölkələr faydalanacaqdır".
Deputat, həmçinin qeyd edib ki, bölgədə yaranmış sülhü ABŞ administrasiyası alqışlayır və tərəfdaşlıqların inkişafına təkan vermək məqsədilə vitse-Prezident Ceyms D Vensi öz elçisi kimi Vaşinqton Sülh Sammitindən sonra ilk dəfə olaraq regiona göndərir.Belə ki, bu səfər Vaşinqton razılaşmalarının davamı kimi qiymətləndirilməlidir:
"Qeyd edim ki, ABŞ Prezidentinin Dövlət Başçımıza xüsusi ehtiramı var və onun apardığı uğurlu siyasətə böyük heyrətamizliklə yanaşır, onu ağıllı lider adlandırır. Onun cənab Prezidenti Yaxın Şərq Sülh Sammitinə şəxsən dəvət etməsi, Sülh Şurasına təsisçi ölkə kimi dəvət etməsi bir daha göstərir ki, Prezident Donald Tramp Azərbaycan xalqına, onun liderinə xüsusi rəğbət bəsləyir və onu yaxın tərəfdaşı kimi qəbul edir. Bu isə, ABŞ-la strateji tərəfdaşlığın daha da inkişafında özünü göstərir. Beləliklə, bu vacib səfər TRİPP yolu üzrə işlərin sürətləndirilməsinə töhfə verəcək. Bu, ABŞ-nin regionumuzla bağlı məsələlərlə yaxından məşğul olacağı, Trampın xarici siyasət gündəliyində ölkəmizin də olması mesajını verir".
Fatimə Məmmədova
17:12 09.02.2026
Oxunuş sayı: 629