Şərqi Türküstan Türk respublikası az yaşadı, amma...
Birinci Dünya müharibəsindən sonra dünyada formalaşan yeni siyasi nizam dövlətlərin öz mövqelərini möhkəmləndirmək uğrunda mübarizəsini daha da gücləndirdi. Bu proses bir sıra hallarda azsaylı xalqların milli və siyasi hüquqlarının məhdudlaşdırılması ilə nəticələndi. Belə xalqlardan biri də uzun müddət müxtəlif siyasi təsirlərin və idarəçilik modellərinin təsiri altında yaşayan uyğur xalqı idi. XX əsrin ikinci rübündə uyğurların müstəqil dövlət qurmaq cəhdi kimi tarixə düşən Şərqi Türküstan İslam Respublikası məhz bu mürəkkəb siyasi şəraitin nəticəsi olaraq meydana çıxdı. Şərqi Türküstan İslam Respublikası, digər adla Birinci Şərqi Türk İslam Respublikası və ya Uyğurıstan Respublikası, 1933-cü il noyabrın 12-də Şərqi Türküstan ərazisində — hazırkı Çinin Sincan bölgəsində vətəndaş müharibəsi şəraitində yaradılmış qısaömürlü dövlət quruluşu olmuşdur. Paytaxtı Qaşqar şəhəri elan edilən bu dövlət bölgədə baş verən siyasi, milli və sosial qarşıdurmaların kulminasiya nöqtəsində formalaşmışdı.
XX əsrin əvvəllərindən etibarən Sincan bölgəsində siyasi vəziyyət tədricən gərginləşirdi. 1930-cu ildə Kumul xanı Şah Məsud xanın vəfatı bölgədə hakimiyyət böhranını daha da dərinləşdirdi. Mövcud ənənəyə görə hakimiyyət xan nəslinə keçməli olduğu halda, Sincan valisi Jin Şuzen Kumul xanlığını ləğv edərək ərazidə birbaşa Çin idarəçiliyini tətbiq etdi. Bu addım yerli uyğur əhalisi tərəfindən həm siyasi, həm də sosial hüquqların məhdudlaşdırılması kimi qəbul olundu və narazılığın artmasına səbəb oldu. Vergilərin artırılması, kənd təsərrüfatı torpaqlarının müsadirə edilərək başqa bölgələrdən gətirilmiş əhaliyə verilməsi, yerli əhalinin isə əlverişsiz ərazilərə köçürülməsi bölgədə sosial gərginliyi daha da artırdı. Nəticədə 1931-ci il fevralın 20-də Kumul bölgəsində başlayan üsyan qısa müddətdə Turfan, Xotan, Qaşqar və digər ərazilərə yayıldı. Üsyan təkcə uyğurlarla məhdudlaşmadı; qazax, qırğız, huey və digər etnik qrupların nümayəndələri də bu prosesə qoşuldular. Üsyançı qüvvələrin Qaşqarı ələ keçirməsi bölgədə yeni siyasi mərhələnin başlanmasına səbəb oldu. 1933-cü il noyabrın 12-də Şərqi Türküstan Türk İslam Respublikası elan edildi. Hacı Niyazi Xoca prezident, Sabit Damolla baş nazir, Mahmud Muhiti isə müdafiə naziri seçildi. Dövlət milli və dini ideyalar üzərində qurulsa da, vahid siyasi və hərbi idarəetmənin formalaşmaması, müxtəlif silahlı qruplar arasında fikir ayrılıqlarının qalması onun dayanıqlığını zəiflədirirdi.

Respublikanın yaranması ilə regiondakı münaqişə daha mürəkkəb xarakter aldı. Üsyançı qüvvələr arasında birlik uzun sürmədi və liderlər arasında rəqabət gücləndi. Uyğur və huey qüvvələri arasında baş verən qarşıdurmalar hərbi gücün parçalanmasına gətirib çıxardı. Bu vəziyyətdən istifadə edən Sincan rəhbərliyi və onu dəstəkləyən qüvvələr üsyançıların mövqelərini zəiflətməyə nail oldular. Bununla yanaşı, bölgədə böyük dövlətlərin maraqlarının toqquşması da proseslərə ciddi təsir göstərirdi. Sovet İttifaqı Sincan hakimiyyətinə hərbi və siyasi dəstək verirdi, Çin hökuməti isə bölgədə nəzarəti bərpa etməyə çalışırdı. Respublika beynəlxalq səviyyədə tanınmaq üçün SSRİ, Əfqanıstan, İran, Türkiyə və Britaniya Hindistanına nümayəndələr göndərsə də, heç bir dövlət onu rəsmi şəkildə tanımadı. Böyük dövlətlərin regionda yeni qarşıdurmaya qoşulmaq istəməməsi respublikanın beynəlxalq təcrid vəziyyətində qalmasına səbəb oldu. 1933-cü ilin sonlarından etibarən vəziyyət respublikanın əleyhinə dəyişməyə başladı. Sovet İttifaqının dəstəyi ilə Sincan rəhbərliyi hərbi üstünlük qazandı və bölgəyə “Altay könüllü ordusu” adı altında hərbi birləşmələr yeridildi. Eyni zamanda huey hərbi qüvvələrinin hücumları və daxili parçalanmalar respublikanın müdafiə imkanlarını daha da zəiflətdi.
1934-cü ilin əvvəllərində Qaşqar və ətraf bölgələrdə ağır döyüşlər baş verdi. Uyğur və qırğız qüvvələri ciddi itkilər verdi, şəhərlərdə qətliamlar yaşandı və respublikanın hərbi strukturu faktiki olaraq dağıldı. Nəhayət, 1934-cü ilin aprelində huey qoşunlarının Qaşqarı tam nəzarətə götürməsi ilə Şərqi Türküstan İslam Respublikasının mövcudluğuna son qoyuldu. Respublikanın rəhbərləri müxtəlif istiqamətlərə çəkildi. Prezident Hacı Niyazi Xoca SSRİ-yə sığındı və sonradan Sincanın cənubunda məhdud hakimiyyətlə geri qayıtdı. Digər siyasi xadimlərin bir qismi isə Hindistan və Əfqanıstana mühacirət etdi. Beləliklə, Şərqi Türküstan İslam Respublikası qısa müddət mövcud olsa da, regionun siyasi tarixində mühüm hadisə kimi yadda qaldı. Onun süqutu daxili parçalanmalar, beynəlxalq dəstəyin olmaması və böyük dövlətlərin müdaxiləsi ilə bağlı idi. Bu hadisələr Sincan bölgəsində sonrakı onilliklərdə baş verən siyasi proseslərin formalaşmasına ciddi təsir göstərdi və regionun taleyində uzunmüddətli iz buraxdı.
Ayhan
15:22 06.02.2026
Oxunuş sayı: 494