“ASAN xidmət” – Azərbaycanın uğurlu innovasiya brendi - ÖZƏL
Azərbaycan Respublikasında vətəndaşlara göstərilən xidmətlərin sadələşdirilməsi, şəffaflığın təmin edilməsi və dövlət qurumları ilə vətəndaşlar arasında etibarlı əlaqələrin qurulması məqsədilə yaradılan “ASAN xidmət” ilk gündən böyük uğur qazanıb. Bu layihə yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da nümunəvi və uğurlu innovasiya brendi kimi tanınır. “ASAN xidmət” həm müasir idarəetmə yanaşması, həm də yüksək keyfiyyətli xidmətləri ilə vətəndaşların gündəlik həyatını asanlaşdırmaqda davam edir.
Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a verdiyi açıqlamasında “ASAN xidmət”in fəaliyyətinin ölkəmizin inkişafında və beynəlxalq tanınmasında oynadığı mühüm rolu vurğulayıb.
Deputatın fikrincə, “ASAN xidmət” təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də diqqət çəkən bir modelə çevrilib. O bildirib ki, xidmətlərin vahid pəncərə prinsipinə uyğun təşkil edilməsi, vətəndaş məmnuniyyətinin təmin edilməsi və idarəetmə sisteminin şəffaflaşdırılması baxımından “ASAN xidmət” Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir:
“Bu layihə təkcə ölkəmizdə deyil, dünyada da ən müvəffəqiyyətli və innovativ layihələrdən biri hesab olunur. Şəxsən, “ASAN xidmət”in xidmətlərindən yararlanan bir vətəndaş kimi deyə bilərəm ki, bu layihə həm vaxtın səmərəli idarə edilməsi, həm də göstərilən xidmətlərin peşəkarlığı və keyfiyyəti baxımından yüksək səviyyədə təmin olunub.”
Deputat əlavə edib ki, “ASAN xidmət” yalnız mərkəzlərdə deyil, işğaldan azad edilmiş ərazilərdə də uğurla fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan “ASAN xidmət” mərkəzləri bu ərazilərə qayıdan vətəndaşlara hərtərəfli dəstək göstərir:
“Bu gün böyük regional “ASAN xidmət” mərkəzinin Xankəndidə fəaliyyətə başlaması, Şuşada yeni bir filialın açılması göstərir ki, bu xidmət dünya standartlarına tam cavab verir. Bu layihə həm də işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən bərpasında mühüm rol oynayır.”
Tural Gəncəliyev vurğulayıb ki, “ASAN xidmət” artıq Azərbaycan brendi kimi dünya miqyasında tanınır. Bu layihə beynəlxalq təşkilatlar tərəfindən öyrənilir və digər ölkələrdə tətbiq olunur. Onun fikrincə, “ASAN xidmət”in uğuru ölkəmizin inkişafında və beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayacaq:
“Bu layihə, şübhəsiz ki, Azərbaycan tarixində və beynəlxalq təcrübədə ən uğurlu xidmət modellərindən biri kimi qalacaq. Bu gün “ASAN xidmət” vətəndaşlara xidmət sahəsində bir dünya brendinə çevrilib.”
“ASAN xidmət” təkcə bir dövlət xidməti deyil, həm də Azərbaycanın müasir idarəçilikdə qazandığı uğurları göstərən mühüm nümunədir. Bu layihə ölkənin yenilikçi yanaşmasının və vətəndaş mərkəzli idarəçilik prinsipinin təzahürüdür.
Nihat Tahirov
13:04 03.12.2024
Oxunuş sayı: 7715