CROSSMEDIA - Qərbi Azərbaycana qayıdış insanlarımızın həm də mənəvi haqqıdır - ÖZƏL
Gündəm

Qərbi Azərbaycana qayıdış insanlarımızın həm də mənəvi haqqıdır - ÖZƏL

Uzaqdan görünsə də, həqiqətlər unutqanlığın buludu altında gizlənmir. Qərbi Azərbaycanın məhrumiyyətlərlə dolu tarixi, qədim köklərinə söykənərək, gün işığına çıxmalıdır. Təəssüf ki, uzun müddət bu həqiqətlər lazımi şəkildə dünya ictimaiyyətinə çatdırılmayıb.

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Crossmedia.az-a verdiyi açıqlamada bildirib:

“Çox təəssüf ki, uzun illər ərzində biz Qərbi Azərbaycan həqiqətlərini dünyaya lazımi səviyyədə çatdıra bilməmişdik. Qərbi Azərbaycanla bağlı həqiqətlərin, törədilən vandalizm cinayətlərinin, insanlarımızın zorla öz dədə-baba yurdlarından qovulmasının, eləcə də mülkiyyət hüquqları ilə bağlı məsələləri dünya ictimaiyyətinə çatdırmaq olduqca vacibdir.

Son bir neçə ildə Qərbi Azərbaycan icması bu istiqamətdə məhsuldar şəkildə fəaliyyət göstərir. Ayrı-ayrı ölkələrdə keçirilən tədbirlər, beynəlxalq konfranslar vasitəsilə son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələrə dair geniş məlumatlandırma işləri aparılır. Qərbi Azərbaycan icmasının bir neçə sənədinin BMT tribunasından 190 ölkəyə BMT-nin rəsmi sənədi kimi yayılması da bunun bariz sübutudur.

Amma bununla kifayətlənmək olmaz. Bu məsələdə hər kəsin əlini daşın altına qoyması lazımdır. İstər QHT-lər, istər beynəlxalq təşkilatlarda təmsil olunan siyasi partiyalar, istər Parlament, istərsə də rəsmi qurumlar Qərbi Azərbaycan məsələsini hər zaman diqqət mərkəzində saxlamalıdır. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən səfirliklər, diaspor təşkilatları, beynəlxalq qurumlarda təmsil olunan nümayəndə heyətlərinin hər fürsətdə bu məsələni diqqətə çatdırması vacibdir.

Xüsusilə də insanımızın mülkiyyət hüquqlarının bərpası istiqamətində kompleks tədbirlərə ehtiyac var. Azərbaycanlılara qarşı törədilmiş bütün hüquq pozuntuları kimi, mülkiyyət hüququnun pozulmasının nəticələrinin aradan qaldırılmasına görə də Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistanı azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasına, eləcə də mülkiyyətə vurulmuş zərərə və ondan istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməyə məcbur etmək lazımdır. Bu istiqamətdə əldə olunacaq nəticə insanımızın geri qayıdışı hüquqlarının da təmin olunmasına təkan verəcək. Qərbi Azərbaycana qayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuş insanımızın mənəvi və hüquqi haqqıdır”.

Bütün bunlar bizə bir daha xatırladır ki, Qərbi Azərbaycan məsələsi ümumi məsuliyyət tələb edir. Siyasi partiyalar, QHT-lər və beynəlxalq qurumlar birlikdə bu məsələnin həlli üçün çalışmalıdırlar. Qərbi Azərbaycana geri dönüş isə yalnız insanlarımızın hüquqi deyil, həm də mənəvi haqqıdır.

Samirə Şərif

12:17 03.12.2024

Oxunuş sayı: 8987

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR