ABŞ İranı vuracaq? -Mümkün ssenarilər açıqlandı
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi, professor Rüfət Quliyevdir)
Yaxın Şərq artıq uzun müddətdir ki, qlobal güclərin toqquşduğu əsas geopolitik məkandır. Bu region təkcə dini, etnik və ideoloji qarşıdurmaların yox, həm də dünya iqtisadiyyatının damarları sayılan enerji resurslarının mərkəzində yerləşir. Burada baş verən hər bir gərginlik yalnız regional deyil, qlobal nəticələr doğurur. İran isə bu mürəkkəb sistemin ən həssas və strateji həlqələrindən biridir.
Son illərdə ABŞ–İran münasibətləri artıq klassik diplomatik qarşıdurma çərçivəsini aşaraq, açıq hərbi təzyiq, sanksiyalar, kiberhücumlar, gizli əməliyyatlar və psixoloji müharibə mərhələsinə keçib. Vaşinqton üçün Tehran təkcə siyasi rəqib deyil, eyni zamanda Yaxın Şərqdəki mövcud güc balansını dəyişə biləcək əsas aktordur. İran isə öz növbəsində, bölgədəki hərbi və ideoloji təsir mexanizmlərini genişləndirərək Qərbin planlarına qarşı dayanıqlı sistem formalaşdırmağa çalışır.
Bu qarşıdurmanın arxasında yalnız nüvə proqramı və təhlükəsizlik məsələləri dayanmır. Burada əsas məsələ qlobal enerji marşrutlarına, neft və qaz ehtiyatlarına nəzarət, eləcə də XXI əsrin yeni dünya düzənində kimin söz sahibi olacağıdır. ABŞ, Çin, Rusiya və region dövlətləri arasında gedən bu görünməz savaş artıq diplomatik masalarda deyil, hərbi donanmaların hərəkətində, bazaların yerləşdirilməsində və regional müttəfiqlərin dəyişən mövqelərində özünü göstərir.
Hazırda müşahidə olunan proseslər göstərir ki, ABŞ–İran qarşıdurması sadəcə iki dövlət arasındakı problem deyil. Bu, bütöv bir regionun gələcəyini, enerji bazarlarının sabitliyini və beynəlxalq təhlükəsizlik arxitekturasını formalaşdıracaq qlobal sınaq mərhələsidir. Qarşıdakı günlərdə veriləcək qərarlar təkcə Tehran və Vaşinqton üçün yox, Bakıdan İstanbula, Pekindən Avropaya qədər geniş coğrafiya üçün ciddi nəticələr vəd edir.

Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu barədə proqnozlarını Crossmedia.az-la bölüşüb: "Öncə qeyd etmək lazımdır ki, artıq bu günlərdə ABŞ hərbi donanmasının altıncı aviadaşıyıcısı, kreyserlər, aviadaşıyıcı gəmilər və altıncı böyük hərbi gəmi İran ərazisinə doğru yaxınlaşır. Düzdür, bu qüvvələr hələ yoldadır, lakin kifayət qədər yaxınlaşıblar. Burada ABŞ-nin hərbi qüvvələrindən də bəhs etmək lazımdır ki, əlli mindən artıq xüsusi hazırlıq keçmiş əsgər və “spetsnaz” adlandırılan bölmələr bu əməliyyata cəlb olunub. Bundan əlavə, ABŞ-nin iki xüsusi təyyarəsi havaya qalxıb. Onlardan biri radiolokasiya mübarizəsi üçündür, digəri isə istənilən formada uran və nüvə silahı ilə bağlı izləri aşkar etmək məqsədi daşıyır. Bu təyyarələr həmin fəaliyyətləri tapıb müəyyən edə bilirlər. Qeyd etmək lazımdır ki, bu texnologiyalar Venesuela əməliyyatında da istifadə olunmuşdu. Bu isə o deməkdir ki, ABŞ bütün radiolokasiya sistemlərini neytrallaşdıra və eyni zamanda həm gəmilərlə, həm də digər təyyarələrlə birbaşa əlaqə yarada bilir. Bu da göstərir ki, Venesuelaya göndəriləndən də böyük bir donanma və hərbi güc artıq İran tərəfə doğru hərəkətə başlayıb və bu proses yekunlaşmaq üzrədir. Amma vəziyyət belədir ki, hələ də tam aydınlıq yoxdur və bir neçə ssenari mövcuddur".
Professor, həmçinin mümkün ssenariləri də qeyd edib: "Birinci ssenari yerüstü qoşunlarla İrana birbaşa müdaxilədir. Lakin bu, Amerika üçün olduqca çətin məsələdir. Burada coğrafi amillər var: İranın sərhədləri üç tərəfdən böyük dağlarla əhatə olunub və bu dağları aşmaq üçün xüsusi ordu və böyük səylər lazımdır. Bundan əlavə, ABŞ-nin uğursuz müharibə təcrübələri — Koreya, Vyetnam və sonda Əfqanıstan — hələ də yaddaşlardadır. Quru yolu ilə girib orada əməliyyat aparmaq, mənim fikrimcə, real deyil və buna inanmıram. Əgər hakimiyyəti devirmək istəsələr, klassik üsul tanklar, zirehli texnika və əsgərlərlə əraziyə daxil olmaqdır. Bu ssenari mümkündür, lakin ABŞ-nin buna gedəcəyinə inanmıram. Düşünürəm ki, buna əl atmayacaq. İkinci ssenari isə dəqiq zərbələrdir, yəni lazımi yerlərin bombardman olunmasıdır. Bu yerlər İran rəhbərliyinin yerləşdiyi bunkerlər, İnqilab Keşikçiləri Korpusu və “Bəsic” qüvvələridir. Qeyd etmək lazımdır ki, bu iki qurum İranı sonadək müdafiə edəcək. Bu ssenari ABŞ üçün daha uyğun görünür, lakin vaxt məsələsi problem yaradır. Donanmaların yerləşməsi üçün 7–10 gün vaxt lazımdır. Tramp isə 20 gün əvvəl İranda baş verən böyük mitinqlər zamanı bu planı həyata keçirmək istəyirdi və İranı bombardman edərək hakimiyyət dəyişikliyinə kömək etməyi planlaşdırırdı".
"Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Trampın burada kiməsə ürəyi yandığı üçün hərəkət etdiyini düşünmək düzgün deyil. Rəsmi sənədlərdə 4 min nəfərin həlak olduğu göstərilir, lakin Avropa dairələrində bu rəqəm 32 minə qədər qeyd olunur. Təxminən 10 min insan yaralanıb və bir o qədər də həbs olunub. 20 gün əvvəl insanlar ayağa qalxanda və hüquq-mühafizə orqanlarına təsir göstərmək mümkün olanda, ABŞ-ın taktiki planları “cərrahiyyə əməliyyatı” formasında müəyyən nəticə verə bilərdi. Lakin İran hakimiyyəti fiziki güc tətbiq edərək bunun qarşısını aldı. Bu layihə hələ də masanın üzərindədir. Üçüncü ssenari isə Venesuela variantında olduğu kimi blokadadır. Bu, böyük iqtisadi və maliyyə problemləri yarada bilər və bir neçə ay ərzində İrana ciddi təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, blokada üçün gəmilərin saxlanması böyük maliyyə tələb edir. İran neftinin təxminən 50 faizi Çinə gedir və ABŞ bu addımı atarsa, Çinlə toqquşa bilər. Çin isə bu vəziyyətdə İrana maddi və hərbi yardımını əsirgəmir. Əgər ABŞ blokada tətbiq etsə, İran Hörmüz boğazını bağlaya bilər. Bu isə bütün ərəb ölkələrinin neft ixracını dayandırar və onları İranı nəzərə almağa məcbur edər. Bu vəziyyət Ərəb ölkələri ilə İran arasında ciddi gərginlik yaradar. Bu gün İranı birbaşa müdafiə etməsələr də, öz maraqlarını qoruyan ərəb ölkələri var. Bir çoxunda ABŞ bazaları yerləşir. Əgər münaqişə genişlənsə, İranın onları atəşə tutacağı ehtimal olunur və bu barədə artıq bəyanatlar verilir", - müsahibimiz əlavə edib.
Professorun fikrincə, Səudiyyə Ərəbistanı bu məsələdə xüsusilə maraqlıdır: "Məhz buna görə də onun müdafiə naziri bu yaxınlarda ABŞ-a səfər edib və əməliyyatın qarşısını almağa çalışır. Oman, BƏƏ və digər ərəb ölkələrinin də bu mövqedə olduğu bildirilir. Çünki bu münaqişədən ən çox zərər çəkəcək ölkə məhz Səudiyyə Ərəbistanıdır.Bir daha qeyd edim ki, burada əsas motiv iqtisadi maraqlardır. Demokratiya və insan haqları bu prosesdə əsas rol oynamır. İsrail isə bu vəziyyətdən istifadə edərək əməliyyatın həyata keçirilməsində maraqlıdır. Bu yaxınlarda İsrailin xüsusi xidmət orqanlarının rəhbərləri ABŞ-yə gələrək görüşlər keçiriblər və İran ərazisində harada nə yerləşdiyinə dair məxfi məlumatlar təqdim ediblər. Onların mövqeyi ondan ibarətdir ki, “cərrahiyyə əməliyyatı” həyata keçirilməli və sonda hakimiyyət dəyişməlidir. ABŞ-nin əsas tələbi isə İranın nüvə silahı istehsalını və ballistik raket proqramını tam dayandırmasıdır. Əgər bu tələblər qəbul olunarsa, İranın hərbi imkanları ciddi şəkildə zəifləyəcək. PVO sistemləri artıq məhv edilib və İran səmasında düşmən təyyarələri rahat hərəkət edir. İranın əsas cavab vasitəsi isə ballistik raketlərdir ki, bunlarla İsraili və ərəb ölkələrində yerləşən ABŞ bazalarını hədəfə ala bilər. Bütün bunların arxasında yenə də iqtisadi maraqlar dayanır. ABŞ, Çin və digər güclər gələcək iqtisadi üstünlüyü qorumaq üçün bu mübarizəni aparırlar. Əgər bombardman və ya müharibə başlasa, milyonlarla qaçqın yaranacaq. Onların bir qismi ərəb ölkələrinə, xüsusilə Dubaya, bir qismi isə Türkiyəyə üz tutacaq. İran əhalisinin təxminən 30 milyonu etnik azərbaycanlıdır və bu da region üçün əlavə risk yaradır. Son iki gündə yeni məlumatlar əldə olunub. Diplomatik kanallardan əldə edilən məlumata görə, ABŞ bu məsələni diplomatik yollarla həll etməyi arzulayır. Lakin İranın mövqeyi fərqlidir; orada Amerikanın tələb etdiyi tələblərin qəbul edilməsi çətin görünür. Əvvəlcə qeyd etmişdim ki, bəzi ssenarilər mümkündür, o cümlədən dördüncü ssenari də mövcuddur. Beşinci ssenari isə diplomatik yolla həll variantını nəzərdə tutur. Bu yenilik deyil, sadəcə son məlumatlara əsasən vurğulamaq istədim ki, belə bir imkan var".
Alim düşünür ki, BMT-nin icazəsi, məsləhəti və ya müzakirəsi olmadan güclü dövlətlər öz siyasətlərini həyata keçirə bilir: "Tramp isə son açıqlamasında İranla danışıqlara hazır olduğunu bildirib. Əgər bu baş tutmasa, hərbi varianta əl atacağını deyib. Artıq regionda ciddi təşviş var və yaxın günlərdə hansı addımın atılacağı məlum olacaq. Azərbaycanın mövqeyi dəyişməzdir: ölkəmiz öz ərazi bütövlüyünü qoruyur və yalnız sülh yolu ilə həll tərəfdarıdır. Rusiya isə hazırda İrana real yardım göstərə bilmir, yalnız beynəlxalq arenada dəstək verir, çünki özü də münaqişə içindədir. Əgər blokada və ya hərbi addımlar atılarsa, neftin qiyməti qalxacaq və bu, dünya ticarətinə ciddi təsir edəcək. Hörmüz bölgəsində əsas limanlardan biri olan Bəndər-Abbasın fəaliyyəti dayanarsa, qlobal logistik zəncir pozulacaq və qiymətlər avtomatik artacaq. Adətən belə hərbi əməliyyatlar BMT və NATO çərçivəsində müzakirə olunur. Lakin bu halda heç bir rəsmi mexanizm işə salınmayıb. Bu da göstərir ki, artıq dünyada “kim güclüdürsə, o haqlıdır” prinsipi formalaşıb. Cənab Prezident İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla söhbətində də vurğulandığı kimi, Azərbaycan heç vaxt öz ərazisinin üçüncü tərəf tərəfindən istifadə edilməsinə şərait yaratmayacaq. Bu, Azərbaycanın xarici siyasətinin müdrikliyini göstərir: biz hərbi münaqişələrə qarışmırıq və heç bir hərbi blokun üzvü deyilik. Son hadisələr bunu bir daha göstərir. Azərbaycanın mövqeyinə gəldikdə isə qeyd etmək istəyirəm ki, biz yalnız sülh və diplomatik yollarla məsələlərin həllinə çalışırıq.
Elmir Heydərli
15:01 03.02.2026
Oxunuş sayı: 895