Bakı–Daşkənd təhsil körpüsü: Özbəkistan Ali Təhsil Müəssisələrinin II Təhsil Sərgisindən reportaj
Yanvarın 30-u səhər saatlarında AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olan kimi fərqli bir ab-hava hiss elədim. Zalda həm rəsmi təntənə, həm də canlı ünsiyyət üçün yaradılmış açıq mühit vardı. Burada Özbəkistan Ali Təhsil Müəssisələrinin II Təhsil Sərgisi keçirilirdi. Sosial şəbəkələrdən aldığım məlumata görə sərgi INGLA International Education and Training Center-in təşəbbüsü, Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi və Özbəkistanın Ali Təhsil Nazirliyinin təşkilatçılığı, AMEA Mərkəzi Elmi Kitabxanası və CrossMedia-nın dəstəyi ilə reallaşmışdı.
İki gün – 30–31 yanvar tarixlərini əhatə edən sərgidə Özbəkistandan 8 ali təhsil müəssisəsi və 30-a yaxın professor-müəllim heyəti iştirak edirdi. Tədbirə maraq böyük idi. Bunu sərgi salonunun içindəki izdihamdan və qapıya yığılmış insanlardan anlamaq mümkün idi. Könüllü komandası çox çevik işləyir, qonaqları düzgün yönləndirirdi. Məni də sərginin keçirildiyi ikinci mərtəbəyə yönləndirdilər. Mən tədbirə gələndə rəsmi açılış mərasimi idi. Açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğuladı. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, deputatlar Nigar Məmmədova, Müşfiq Cəfərov, Özbəkistanın mədəniyyət səfiri Günay Əfəndiyeva o cümlədən AMEA-nın elm və təhsil şöbəsinin müdiri Sərxan Xavərini çıxışlarında bu cür sərgilərin gənclər üçün açdığı imkanlardan danışdılar. INGLA International ETC-nin nümayəndəsi Lalə Nəsibova isə layihənin məqsədinin sadəcə sərgi yox, davamlı akademik əməkdaşlıq qurmaq olduğunu qeyd etdi. Bu rəsmi çıxışlar həqiqətən sübut edirdi ki, tədbir keçirilməsi, ikitərəfli təhsil əməkdaşlığı ilə yanaşı ölkələr arasındakı humanitar əlaqələri də inkişaf etdirir.
Tədbirdə Özbəkistan Ali Təhsil Nazirliyinin nümayəndəsi Shokhrukh Makhmudov, Andican Dövlət Universitetinin prorektoru Farruxbək Rəsulov, Özbəkistan Geologiya Elmləri Universitetinin prorektoru Leyla Şərəfutdinova, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Rövşən Rayimjanov, MAMUN Universitetinin prorektoru Rəcəbov İzzətbək çıxış edərək universitetlərinin imkanları, təhsil proqramları və beynəlxalq tələbələr üçün yaradılan şərait haqqında geniş məlumat verdilər. Açılışa xüsusi rəng qatan məqamlardan biri də Azərbaycan və Özbəkistan xalq artisti Gülyanaq Məmmədovanın ifası oldu. Musiqi zalda həm rəsmi, həm də səmimi bir ovqat yaratdı.
Rəsmi hissədən sonra tədbir daha sərbəst və interaktiv mərhələyə keçdi. Universitetlər bir-bir səhnəyə çıxaraq öz ali təhsil ocaqlarını təqdim etdilər, Azərbaycan–Özbəkistan humanitar münasibətlərinin dərinliyindən danışdılar. Zalda olanlar stendlərə yaxınlaşaraq bakalavr, magistratura və doktorantura proqramları, xüsusilə tibb, mühəndislik, İT kimi tələbatlı ixtisaslar, qəbul şərtləri və təhsil haqları barədə ətraflı məlumat aldılar. Bir çox gəncin real seçim etdiyini, qeydiyyatlar apardığını görmək mümkün idi. Sərgi bitənə qədər iştirakçılar gəlməyə davam edir, stendlərdən məlumatlar alırlar. Özbəkistan universitetləri özləri ilə Özbəkistandan müxtəlif suvenirlər, yaylıqlar gətirmişdilər ki, bu da sərgi davamında iştirakçılara hədiyyə edildi. Burda qarşılıqlı səmimiyyət və inam körpüsü formalaşmışdı. Valideynlər öz övladlarını inamla, arxayınlıqla Özbəkistana göndərməyə razılıq verirdilər. Bəlkə də bu sərgidə iştirak etməsə, bu səmimiyyəti, ab-havanı görməsə fikirləri fərqli olardı.
Tədbirdə ən yadda qalan məqamlardan biri, Özbəkistan mətbəxinin incisi olan “Özbək plovu” idi. Sərgi salonunun birinci mərtəbəsində iştirakçılar üçün fasilədə həm özbək plovu həm də müxtəlif özbək təamları verildi. İştirakçı olaraq bir sərgidə bu qədər özəl münasibət görmək diqqətdə olmaq sözsüz ki, xoş idi və unudulmaz oldu.
Qeyd edim ki, bu sərgi ötən il də uğurla keçirilmişdi. 2025-ci ilin 1–4 may tarixlərində Ingla School Baku-nun dəstəyi ilə təşkil olunan ilk sərgidə 15-ə yaxın universitet və 40–50 nümayəndə iştirak etmişdi. Məhz həmin uğurun davamı olaraq, sərginin hər il mütəmadi keçirilməsi qərara alınıb.
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında gördüyüm mənzərə bir şeyi açıq göstərirdi: Azərbaycan və Özbəkistan arasında təhsil əməkdaşlığı artıq sadəcə sənədlər üzərində deyil, real tələbə seçimi, real universitet əlaqələri və real gələcək planlar üzərində qurulur. Bu sərgi isə həmin gələcəyin canlı platformasıdır.
Mən Özbəkistan universitetləri ilə maraqlandım, seçimimi etdim. Sizin də seçiminizi etməyiniz üçün əlaqə nömrəsini sizinlə paylaşıram.
010 – 310 – 61 – 16 - INGLA International Education and Training
Ayhan
12:14 02.02.2026
Oxunuş sayı: 715