2 fevral 1943: ll Dünya Müharibəsinin axarını dəyişən gün
Tarix bəzən bir günün üzərinə yığılır. Təqvimdə adi görünən, amma arxasında milyonlarla insanın taleyini daşıyan günlər olur. 2 fevral da məhz belə tarixlərdəndir.
Bu gün, 83 il əvvəl Stalinqradda silahlar susdu və İkinci Dünya müharibəsinin taleyi artıq əvvəlki kimi olmadı. Altı aydan artıq davam edən, şəhəri daş-daş, küçə-küçə məhv edən Stalinqrad döyüşü həmin gün başa çatdı və müharibənin istiqaməti qəti şəkildə dəyişdi.
1942-ci ilin yayında alman ordusu özünü yenilməz hesab edirdi. Moskva yaxınlığında uğursuzluğa baxmayaraq, Vermaxtın əsas qüvvələri hələ də salamat idi və Hitler müharibənin taleyini cənubdan – Volqa sahillərindən həll edəcəyinə inanırdı. Stalinqrad bu baxımdan sadəcə bir şəhər deyildi. O, həm sənaye mərkəzi idi, həm Volqa üzərində əsas nəqliyyat qovşağı, həm də Qafqaz neftinə gedən yolun açarı sayılırdı. Üstəlik, şəhərin Stalin adını daşıması döyüşü ideoloji qarşıdurmaya çevirirdi. Hər iki tərəf üçün geri çəkilmək məğlubiyyətdən daha ağır görünürdü.
17 iyul 1942-ci ildə başlayan döyüşlər qısa müddətdə misli görünməmiş miqyas aldı. Alman qoşunları sürətlə irəliləyərək yüzlərlə kilometr məsafəni qət etdi, sovet müdafiə xətləri yarıldı, minlərlə insan evsiz qaldı. Avqust ayına doğru Stalinqrad artıq hava zərbələrinin hədəfinə çevrilmişdi. Lüftvaffenin bombardmanları şəhəri xarabalığa döndərdi. Bir vaxtlar Volqa sahilində yaşayan yüz minlərlə insan üçün Stalinqrad artıq yaşanacaq yer deyildi. Lakin dağıntılar almanların düşündüyü kimi sovet müdafiəsini zəiflətmədi. Əksinə, dağıdılmış şəhər hər küçəni, hər zirzəmini müdafiə mövqeyinə çevirdi.
Stalinqrad uğrunda döyüş klassik cəbhə müharibəsindən çoxdan çıxmışdı. Burada döyüşlər mərtəbə-mərtəbə, otaq-otaq gedirdi. Bir binanın bir hissəsi sovetlərin, digər hissəsi almanların nəzarətində olurdu. Gündüz mövqe dəyişir, gecə geri qaytarılırdı. Şəhər canlı orqanizm kimi nəfəs alırdı – qan içində, amma müqavimət göstərərək. Stalin tərəfindən verilən “Bir addım da geri yox” əmri bu mübarizənin psixoloji əsasına çevrilmişdi. Geri çəkilmək təkcə əmrə qarşı çıxmaq deyil, ölümə razılaşmaq demək idi.
1942-ci ilin payızı yaxınlaşdıqca alman ordusu irəliləsə də, tükənməyə başlamışdı. Uzanan təchizat xətləri, sərt hava şəraiti və şəhər döyüşlərinin amansızlığı Vermaxtın gücünü səssizcə əritdi. Məhz bu məqamda sovet komandanlığı müharibənin gedişini dəyişən qərarı verdi. 19 noyabr 1942-ci ildə başlayan “Uran” əməliyyatı almanların ən zəif nöqtəsinə – cinahlarda yerləşdirilmiş rumın və macar qoşunlarına zərbə endirdi. Bir neçə gün ərzində alman 6-cı Ordusu Stalinqradda mühasirəyə düşdü.
Bu mühasirə təkcə hərbi yox, həm də psixoloji sarsıntı idi. Alman ordusu ilk dəfə bu miqyasda tamamilə təcrid olunmuşdu. Hitler geri çəkilməyə icazə vermədi. O, havadan təminatla ordunu saxlayacağına inanırdı. Amma qış yaxınlaşırdı, ərzaq azalırdı, yaralılar çoxalırdı. Havadan atılan yardımlar döyüşün taleyini dəyişməyə kifayət etmirdi. Stalinqrad artıq alman əsgərləri üçün tələ idi.
Dekabr ayında Manşteynin rəhbərliyi ilə mühasirəni yarmaq cəhdləri də nəticəsiz qaldı. Sovet qoşunları artıq təşəbbüsü ələ almışdı. Yanvarın 10-da başlanan “Koltso” əməliyyatı mühasirədəki alman qüvvələrini mərhələli şəkildə məhv etməyə yönəlmişdi. Döyüşlər getdikcə daha ümidsiz xarakter alırdı. Yanvarın son günlərində alman ordusu iki yerə parçalandı. Feldmarşal Fridrix Paulyus əsir düşdü. Bu, Almaniya tarixində görünməmiş hadisə idi – ilk dəfə feldmarşal rütbəli komandan təslim olurdu.
Və nəhayət, 2 fevral 1943-cü ildə Stalinqradda sonuncu alman qruplaşması da silahı yerə qoydu. Altı ay davam edən cəhənnəm bitdi. Bu, sadəcə bir döyüşün sonu deyildi. Bu tarixlə Almaniyanın “yenilməzlik” mifinin sonu gəldi. Stalinqrad Qırmızı Ordunun böyük strateji təşəbbüsü ələ keçirdiyi nöqtəyə çevrildi. Bundan sonra müharibə tədricən Almaniyanın geri çəkilməsi ilə davam edəcəkdi.
Stalinqrad döyüşünün nəticələri yalnız hərbi xəritədə deyil, siyasi və psixoloji müstəvidə də özünü göstərdi. Nasist Almaniyasının müttəfiqləri artıq Berlində verilən vədlərə əvvəlki kimi inanmırdı. Sovet cəmiyyətində isə inam və döyüş ruhu misli görünməmiş dərəcədə yüksəldi. Bu döyüş milyonlarla insanın həyatı bahasına başa gəlsə də, müharibənin taleyini dəyişən əsas dönüm nöqtəsi kimi tarixə düşdü.
Bu gün, 2 fevralda Stalinqrad döyüşü sadəcə xatırlanmır. O, müharibənin nə qədər amansız, insan iradəsinin isə nə qədər güclü ola biləcəyini bir daha xatırladır. Tarix göstərdi ki, bəzən dağıdılmış bir şəhər bütöv bir imperiyanın irəliləyişini dayandıra bilir.
Fatimə Məmmədova
12:00 02.02.2026
Oxunuş sayı: 480