Donmuş ayaqlar və bataqlıq: Çanaqqala döyüşləri
Tarix göstərir ki, müharibələr yalnız düşmənlə aparılmır, bəzən təbiətin amansız qüvvəsi də ən böyük düşmən kimi qarşıya çıxır. 1915-ci ilin noyabr ayında Çanaqqala cəbhəsində baş verən hadisələr bu həqiqəti acı bir şəkildə sübut etdi.
Araşdırmalara görə, Sarıqamışda yaşanan donaraq şəhid olma faciəsi, əslində Çanaqqalada da təkrar olunmuşdu.
Çanaqqala döyüşləri aparılan araşdırmalar, arxiv sənədləri və zabitlərin xatirələri əsasında məlum olur ki, 26 noyabr 1915-də başlayan və üç gün davam edən fırtına Anafarta Ovasını demək olar ki, yaşana bilməyəcək bir bataqlığa çevirmişdi. Əvvəlcə güclü yağış yağmış, sonra isə qar fırtınası əsgərlərin üzərindəki nəmişi donduraraq onları “ağ ölüm”lə üz-üzə qoymuşdu.
Vəsaitlər su ilə dolmuş, silah-sursatlar selə qarışmış, əsgərlər isə düşmənin atəşindən daha çox, təbiətin amansız gücünə qarşı sınmışdı.
Türkiyəli professor Murat Karataş bu durumu belə izah edib:
"Bu üç gün ərzində təbiət sanki üçüncü bir ordu kimi hərəkət etdi, siperləri yaşana bilməz hala gətirdi".
Soyuğun dağıdıcı təsiri
Araşdırmalar göstərir ki, soyuq bütün əsgərləri, rütbədən və təcrübədən asılı olmayaraq vurmuşdu. İngilislər 28 noyabrı “Donmuş Ayaq Günü” kimi yadda saxlamışdı. Rəsmi qeydlərə görə, əməliyyat boyunca 1 380 əsgərin ayağında donma halları qeydə alınmış, əlavə olaraq 6 602 əsgər donaraq xəstəxanaya aparılmışdı. Təxminən 8 min əsgər bir güllə belə atmadan döyüşdən kənarda qalmışdı.
Ən çox zərər görən birliklər 18, 33, 34, 36 və 59-cu alaylar idi. 18-ci Alayın komandiri Mustafa vəziyyəti belə izah etmişdi:
"Alayımız sel və don hadisələrindən sonra sanki böyük bir döyüş vermiş qədər məhv olmuşdu".
Əsgərlərin üzləşdiyi soyuq, yalnız bədənə deyil, ruh halına da təsir etmişdi. Bəzi əsgərlər ayaqlarını itirdiklərini hiss etmədən döyüşdə qalmağa çalışmış, bəziləri isə donaraq hərəkətsiz qalmışdı. Əsgərlərin məktublarında və xatirələrində bu dəhşətli soyuq və nəmli mühitin gətirdiyi qorxu açıq şəkildə ifadə olunur.
İtkilər və faciənin miqyası
Rəsmi arxivlərə görə, fırtına və sel səbəbindən 53 əsgər boğularaq, 248 əsgər isə donaraq şəhid olmuşdu. Amma əslində itkilər bundan qat-qat çox idi; xəstəxanaya gedə bilmədən şəhid olan əsgərlərin sayı 500-dən az deyildi. Sarıqamışda olduğu kimi, Çanaqqalada da əsgərlər düşmənin atəşindən çox, təbiətin sərt və amansız şəraitinə qarşı böyük səbir və dözüm göstərmişdi.
Jurnalların sayında bu faciə sənədlərlə ətraflı qeyd olunmuş, döyüşün şəraitini yaşayan əsgərlərin ifadələri və rəsmi hesabatlar əsasında tarixə unudulmaz bir dərs kimi salınmışdır. Hər bir sətirdə əsgərlərin həm fiziki, həm də mənəvi mübarizəsi aydın görünür.
Təbiətin ordudan güclü olması
Çanaqqala döyüşləri göstərdi ki, bəzən döyüş meydanında düşməndən də qorxulu olan təbiətin sərt qüvvələridir. Yağış, sel, qar fırtınası və buz kimi soyuq, ən təcrübəli əsgərləri belə sınağa çəkdi. Hər siper, hər hərəkət, hər addım əsgərlər üçün həyati təhlükə demək idi.
Çanaqqala və Sarıqamışdakı şəhidlər isə bizə vətənə sevgini, səbir və dözümlülüyü öyrədən əfsanəvi qəhrəmanlıqlar göstərmişlər. Onların verdiyi dərs yalnız tarix kitablarında deyil, həm də qəlblərimizdə yaşayacaq. Təbiətin amansız gücünə qarşı göstərilən bu dözümlülük və qəhrəmanlıq, gələcək nəsillərə həm vətən sevgisi, həm də insan ruhunun sərt sınaqlara qarşı dayanıqlılığı haqqında əbədiləşmiş bir örnək olaraq qalır.
Fatimə Məmmədova
10:52 02.02.2026
Oxunuş sayı: 472