O taylı, bu taylı Azərbaycan onu çox sevib– Azadlıq şairinin anadan olmasının ildönümü
Bu gün azadlıq şairi, Əlu Tudənin anadan olmasının ildönümüdür. Belə ki, əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Çanaxbulaq kəndindən olan Əli Tudə, tam adı ilə Əli Qulu oğlu Cavadzadə, 1924-cü il yanvarın 31-də Bakıda dünyaya göz açmışdır. Onun ailəsi, ötən əsrin əvvəllərində neftin paytaxtı olan Bakı şəhərinə iş və gələcək ümidi ilə köç etmişdi. Lakin bu səfər ailəyə xoşbəxtlik gətirmədi: Əli Tudə uşaq yaşlarında böyük itkilər yaşadı – bir yaşında atasını, beş yaşında isə anasını itirdi. Beləcə, həyatın ilk illərini nənəsi Qəribin himayəsində keçirdi. Bu ağır itkilər onun şəxsiyyətini formalaşdırdı, lakin eyni zamanda Tanrı ona yetimlik acısının əvəzində istedad, yaradıcılıq duyğusu bəxş etdi.
Balaca Əli, şəhadətnamədə Heydər Rzazadə adı ilə qeydə alınsa da, onun ruhunu daha çox yaradıcılıq və milli şüur doldururdu. 1931-ci ildə o, keçmiş Sovet küçəsində yerləşən “Bədəlbəyin məktəbi” adlanan 1 nömrəli məktəbdə təhsilə başladı, dördüncü sinifdə isə 150 nömrəli məktəbdə təhsilini davam etdirdi. Məktəb illəri onun üçün yalnız bilik qazanmaq dövrü deyildi; o, həm də ədəbiyyata olan sevgisini kəşf edirdi. 12 yaşında Bakı Mərkəzi Pionerlər Evində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv oldu və burada ilk şeir sərgilərini yazdı, oxudu və müzakirə etdi.
1938-ci ildə Pionerlər evinin almanaxında, “Oktyabr rayonu 150 nömrəli məktəbin yeddinci sinif tələbəsi Heydər Rzazadə” imzası ilə onun iki şeiri şəkilləri ilə birlikdə çap olundu. Bu, gənc şairin uğurlarının ilk açıq sənədli ifadəsi idi. Artıq 1937-ci ildə onun “Sovet Konstitusiyası” və “Vətən nəğməsi” adlı şeirləri müvafiq qəzetlərdə dərc edilmişdi.
Lakin taleyin sərt sınaqları Əli Tudəni də yanından əskik etmədi. 1938-ci ildə Cənubi Azərbaycandan olduğu üçün, nənəsi ilə birlikdə İrana sürgün edildi. Bu, onun həyatında mühüm dönüş nöqtəsi oldu. Təbriz və Ərdəbil ətrafında keçən mühacir həyatı onun həm fiziki, həm də mənəvi gücünü sınadı. O, təsərrüfat işlərində, fəhləlikdə çalışır, boş vaxtlarında isə qələmindən süzülən misraları kağıza köçürürdü:
“Sən ey baxıb neçə yerə,
Nəsə xəbər alan dünya!
Heç demirsən bircə kərə,
Nə təhərdi balan, dünya!”
1940-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının baş qaldırması Əlinin həyatına yeni bir səhifə açdı. Gənc şair, mübarizə ruhunu qələmində də əks etdirərək xalqını milli oyanışa səsləyirdi.
“Nə qədər döyüş var, mübarizə var,
Bayrağım vətəndir, silahım qələm”.
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda Milli Hökumət quruldu və Əli Tudə bu hökumətin fəal üzvü oldu. O, Maarif Nazirliyində şöbə müdiri vəzifəsində çalışaraq ana dili dərsliklərinin hazırlanmasında və çap olunmasında xüsusi rol oynadı. Daha sonra İran tarixində ilk dəfə Təbrizdə Milli Filarmoniya yaratdı və onun həm ilk, həm də son müdiri oldu. Əli Tudə filarmoniyanı təşkil etmək üçün regionları gəzərək istedadlı musiqiçiləri burada birləşdirdi. Bu dövrdə onun alovlu misralarla dolu kitabı Təbrizdə çap olunmaq üzrə idi, lakin hökumətin süquta uğraması ilə kitab mətbəədə yandırıldı.
22 yaşında ikən Əli Tudə milli hökumət tərəfindən “21 Azər” medalı ilə təltif olundu. Lakin qanlar bahasına qurulan hökumət uzun ömür sürmədi və İran dövləti tərəfindən boğuldu. Şair təhlükəsizliyi üçün Şimali Azərbaycana qayıtmalı oldu və 1946-cı il dekabrın 12-də sərhədi keçərkən “Mən nə gətirdim” şeirini yazdı. Bu şeir, Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunələrindən biri kimi xalq arasında məşhurlaşdı.
Bakıya qayıtdıqdan sonra Əli Tudə “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərdi. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu və 1952-ci ildə fərqlənmə diplomu ilə məzun oldu. Sonrakı illərdə Azərnəşr, “Azərbaycan” qəzetində ədəbi şöbə müdiri kimi çalışdı. O, Azərbaycan Yazıçılar Birliyi və SSRİ Yazıçılar Birliyinin üzvü olaraq bütün həyatını bədii yaradıcılığa həsr etdi.
Əli Tudənin 60 illik yaradıcılığı boyu Vətən, Cənub həsrəti və azadlıq mövzusu əsas yer tutmuşdur. O, 40-dan çox kitabın müəllifi olmuş, əsərləri bir çox dillərə tərcümə edilmişdir. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” kimi kitabları ilə Azərbaycan poeziyasına dəyərli irs qoymuşdur.
Yaşayanlar görəcəkdir
Əli Tudə 1996-cı il fevralın 26-da vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Həyatı boyunca heç kəsə baş əyməmiş, məğrur, azad ruhlu şair kimi Azərbaycanın yaddaşında xalqının sadiq övladı, Azadlıq şairi olaraq qalmışdır.
Qarabağın yaylağını
Meşə örtmüş duman kimi.
Mən gəzirəm qucağını
Bir vəfalı mehman kimi.
Parçalanmış ana torpaq
Bu Qarabağ, o Qaradağ.
Lal sərhəddə Araz ancaq
Haray çəkir insan kimi.
Vətən qızı gözüyaşlı,
Dağlar uca, yollar daşlı.
Yenə dərdim həddən aşdı,
Dalğalandı ümman kimi.
Bir yaranmış Azərbaycan!
Ayırsa da onu zaman,
Görəcəkdir hər yaşayan
Bu ölkəni bir can kimi.
Fatimə Məmmədova
12:30 31.01.2026
Oxunuş sayı: 414