Reklamlarda uşaqların görüntüsündən istifadə ilə bağlı məhdudiyyətlər - Ekspertlər danışdı
Uşaqların hüquqlarının qorunması və onların fiziki, mənəvi inkişafına zərər yetirə biləcək təsirlərin qarşısının alınması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə informasiya mühitinin genişləndiyi, reklamların cəmiyyətə təsir imkanlarının artdığı müasir dövrdə uşaqların bu sahədə müdafiəsinin gücləndirilməsi aktual məsələ kimi ön plana çıxır.
Bu baxımdan Azərbaycanda hazırlanmış yeni “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək reklam sahəsində mühüm məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan təkliflərə əsasən, reklamlarda uşaqların görüntüsündən istifadə yalnız valideynlərin və ya onları əvəz edən şəxslərin razılığı ilə mümkün olacaq.
Təklif olunan dəyişikliklər uşaqların zərərli reklam məzmunundan qorunmasını, eləcə də onların hüquq və mənafelərinin prioritet şəkildə təmin edilməsini hədəfləyir. Yeni yanaşma reklam və digər ictimai təsir vasitələrində uşaqların iştirakına daha məsuliyyətli və hüquqi mexanizmlərlə tənzimlənən münasibətin formalaşdırılmasına xidmət edir.
Bu barədə Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Uşaqların reklamlara cəlb edilməsi məsələsi yeni deyil. Müəyyən yaş həddində olan uşaqların reklam çəkilişlərində iştirakı davamlı olaraq mövcud olub. Bu mövzu əvvəlki qanunvericilik aktlarında, o cümlədən “Radio yayımı haqqında” və “Reklam haqqında” qanunlarda dəfələrlə gündəmə gətirilib. Dünya təcrübəsində mövcud olan mexanizmlərin tətbiqi də məhz bu kontekstdə tövsiyə olunur.
Ümumilikdə uşaqlarla bağlı çəkilişlərə istər reklam, istər reportaj, istərsə də xüsusi hallarda onların şahid qismində iştirakına həmişə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bu məsələ etik çərçivədən daha çox hüquqi tənzimləmə predmetidir. Buna görə də reklamlarda uşaqların çəkilişi ilə bağlı məhdudiyyətlərin mövcudluğunu tamamilə təbii hesab edirəm. Şübhəsiz ki, reklam yaradıcılığı ciddi və məsuliyyətli bir sahədir. Bununla yanaşı, uşaqların psixologiyasına mümkün təsirlər də olduqca aktual məsələ olaraq qalır. Belə məhdudiyyətlər dünya təcrübəsində geniş yayılıb və görünən odur ki, həmin təcrübəyə istinad edərək bu yanaşmanın ölkəmizdə də tətbiqi nəzərdə tutulur.
Hüquq müdafiəçisi Elcan Həsənli isə söyləyib ki, bu, olduqca təqdirəlayiq bir qanun layihəsidir: "Qeyd etmək lazımdır ki, əvvələr praktiki olaraq da azyaşlı və ya yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin razılığı olmadan bu, edilə bilməzdi. İndi isə bu tam olaraq hüquqi formada həyata keçirilir. Bu da öz növbəsində belə hallarda pozuntuları minimuma endirəcək".
Elmir Heydərli
18:20 29.01.2026
Oxunuş sayı: 577