Uşaqlara psixoloji dəstək artırılır - Ekspertlər təqdir etdi
Uşaqların hüquq və mənafelərinin cinayət-prosessual mərhələdə daha effektiv şəkildə qorunması dövlətin hüquq siyasətində mühüm yer tutur. Xüsusilə yetkinlik yaşına çatmamış şəxslərin istintaq proseslərinə cəlb olunması zamanı onların psixoloji vəziyyətinin və hüquqi təhlükəsizliyinin təmin edilməsi xüsusi həssas yanaşma tələb edir.
Bu məqsədlə Azərbaycanda hazırlanmış yeni “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur. Təklif edilən yeniliklər istintaq proseslərində uşaqlarla bağlı prosedurların daha humanist, uşaqyönümlü və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə xidmət edir.

Məsələ ilə bağlı psixoloq Minarə Səbzəliyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Aydındır ki, paradoksal səslənsə də, psixoloqların istintaq prosesində iştirakı istintaqa mane olmur. Əksinə, bu iştirak prosesin keyfiyyətini artıra bilər. Çünki xüsusilə azyaşlı və yeniyetmə uşaqların stress altında verdikləri ifadələrin səhv olma ehtimalı daha yüksəkdir. Uşaq çox zaman faktiki həqiqəti deyil, ondan gözlənilən cavabı verməyə meyilli olur və aparılan tədqiqatlar da bunu təsdiqləyir. Bu məqamda psixoloq uşağın yaşına uyğun idrak imkanlarını, emosional vəziyyətini, eləcə də müstəntiqə və ya istintaq orqanlarına verdiyi ifadəyə bu amillərin təsirini dəyərləndirə bilər. Bu isə istintaqın obyektivliyinin daha dolğun şəkildə təmin olunmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, uşaqlar istər yeniyetməlik, istərsə də uşaqlıq dövründə psixoloji zədələnməyə daha açıq və həssas qrupdur.
Yetkinlik yaşına çatmamış şəxslər avtoritar fiqurlar qarşısında daha tez tabe ola bilirlər. Cəmiyyətdə də tez-tez müşahidə etdiyimiz kimi, uşaqlar qorxudularkən polis və ya müstəntiq obrazı ön plana çəkilir. Bu səbəbdən uşaq qorxu və günahkarlıq hisslərini ayırd etməkdə çətinlik çəkə, real olmayan və ya öyrədilmiş cavablar verə bilər. Psixoloq isə sualların formalaşdırılmasına nəzarət edərək uşağın ifadələrinin spontan olub-olmadığını, yoxsa yönləndirmə nəticəsində formalaşıb-formalaşmadığını ayırd edə bilər. İstintaq prosesində uşaq ciddi emosional yüklənmə və yüksək stress yaşaya bilər. Bu stressin tənzimlənməsində psixoloq mühüm rol oynaya bilər. Lakin aydın şəkildə qəbul edilməlidir ki, psixoloq müstəntiq deyil və onun iştirakı formal xarakter daşımamalıdır. Psixoloq sadəcə protokolda adı yazılmaq üçün dəvət edilən şəxs olmamalı, real müdaxilə və qiymətləndirmə səlahiyyətlərinə malik olmalıdır".
Müsahibimizin fikrincə, psixoloqun rolu yalnız uşağı sakitləşdirmək və ya istintaqın gedişini asanlaşdırmaqla məhdudlaşmamalıdır: "O, nə istintaq orqanlarının manipulyasiya aləti, nə də uşağın vəkili rolunda çıxış etməlidir. Psixoloq burada uşağın emosional tənzimlənməsini, təfəkkür səviyyəsini, stressi idarəetmə və problem həll etmə bacarıqlarını, hadisəni dərk etmə imkanlarını qiymətləndirən müstəqil mütəxəssis kimi fəaliyyət göstərməlidir. Psixoloqların bu sahə üzrə xüsusi peşəkar hazırlığa malik olması vacibdir. Uşaqların psixikasını, istintaq mühitinin yaratdığı stress faktorlarını və mümkün riskləri bilmədən aparılan müdaxilələr nə hüquqi baxımdan səmərə verər, nə də uşağın maraqlarına xidmət edər. Əksinə, yanlış yanaşma uşağın psixikasına ciddi zərər vura bilər. Nəticə etibarilə, psixoloqun rolu, səlahiyyətləri və müstəqilliyi düzgün müəyyən edildiyi, iştirakı formal deyil, funksional xarakter daşıdığı halda, bu mexanizm yetkinlik yaşına çatmamış şəxslərin istintaq prosesini daha keyfiyyətli, daha obyektiv və uşaqlar üçün daha az zədələyici edə bilər".

Sosioloq Rəvan Əliyev isə düşünür ki, yetkinlik yaşına çatmamış şəxslərin istintaq prosesində psixoloqların iştirak etməsi çox vacib və düzgün bir addımdır: "Çünki uşaq və yeniyetmələr böyüklər kimi düşünmür, stresə daha tez düşür və təzyiq altında səhv ifadə verə bilirlər. Psixoloqun iştirakı uşağın psixoloji durumunu qorumağa, onun qorxu, stress və təzyiq altında zərər görməsinin qarşısını almağa xidmət edir. Bu həm ədalətli istintaq üçün, həm də uşağın gələcək psixoloji sağlamlığı üçün önəmlidir. Sərt və təzyiqli istintaq uşağı islah etmir, əksinə, onu daha da travmatizə edə bilər. Bu məsələ göstərir ki, dövlət uşaqlara cinayətkar kimi yox, qorunmalı və tərbiyə olunmalı fərd kimi yanaşır. Bu, daha sağlam, ədalətli və humanist cəmiyyət qurmaq üçün mühüm addımdır".
Elmir Heydərli
17:02 29.01.2026
Oxunuş sayı: 592