29 Yanvar – Romeo və Cülyetta: Ölümsüz sevgi və faciənin səhnəyə ilk çıxışı
Tarix 29 yanvar 1595-ci ili göstərir və teatr tarixinin qaranlıq, amma eyni zamanda işıqlı səhifələrindən birini açır. İngilis dramaturqu Vilyam Şekspirin əfsanəvi əsəri Romeo və Cülyetta, ilk dəfə tamaşaçıların gözləri önündə canlanır.
Belə ki, bu gün, əsərin səhnələşdirildiyi tarix, təkcə teatr dünyası üçün deyil, bütün ədəbiyyatsevərlər üçün əlamətdar bir gündür.
Verona şəhərində, illər boyu davam edən düşmənçilik və qəzəb nəticəsində bir-birinə qarşı duran Montague və Capulet ailələrinin gəncləri, həyatlarının ən saf və təmiz hissi olan sevgini yaşamağa çalışırlar.
Romeo, Montague ailəsinin 17 yaşlı oğlu, Capuletlərin 13 yaşlı qızı Cülyettaya təsadüfən aşiq olur. İlk baxışdan yaranan bu ehtiras, ulduzların altında gizli bir macəraya çevrilir. Əsərin ən məşhur və qəlbləri titrədən səhnəsi olan balkon səhnəsində, Cülyetta balkonda, Romeo isə altındadır. Hər baxış, hər söz, hər nəfəs gizli və cəsarətli bir məhəbbət etirafıdır.
Amma Şekspirin dünyasında sevgi həmişə asan olmur. Taleyin sərt qanunları və ailələr arasındakı kin, gənclərin xoşbəxtliyinə mane olur. Romeo, sevdiyi Cülyettanın öldüyünü zənn edərək bir eczacıdan aldığı zəhəri içir. Onun ölümü, əsərin ürək dağlayan zirvəsidir.
Cülyetta isə Romeonun cansız bədəni yanında özünü xəncəri ilə ölümlə qucaqlaşır. Bu faciəli son, hər iki ailənin qəlbində bir dəyişiklik yaradır – illərlə davam edən düşmənçilik sona çatır.
Şekspirin Romeo və Cülyetta əsəri, teatr səhnələrində əsrlər boyu səhnələşdirilmiş, 40-dan çox filmə ilham vermişdir. 1908-ci ildən başlayaraq, 20-ci və 21-ci əsrlərdə də əsər Hollivud və Avropa səhnələrində, eyni zamanda opera və balet tamaşalarında təkrar-təkrar canlanmışdır. 1968-ci ildə Franco Zeffirelli tərəfindən ekranlaşdırılan klassik versiya, 1996-cı ildə Baz Luhrman tərəfindən modernləşdirilmiş və Leonardo DiKaprio ilə Claire Danes-in baş rolları ilə yeni nəsillərə təqdim edilmişdir.
Musiqi dünyası da bu faciəni görməzdən gəlməyib. Çaykovski, Prokofyev, Hector Berlioz və Charles Gounod kimi bəstəkarlara ilham verən Romeo və Cülyetta, həm melodram, həm də faciə janrının incilərindən biri kimi tarixdə iz buraxmışdır.
Bu əsərin əhəmiyyəti yalnız bir sevgi hekayəsi ilə ölçülmür. O, gənclərin ehtirasını, ailə qarşıdurmalarını, taleyin sərt qanunlarını və insan duyğularının ən dərin qatlarını göstərir. Hər baxış, hər gizli görüş, hər duyğu etirafı, oxucu və tamaşaçını Verona küçələrinə, maskaradların sirli gecələrinə, balkonların ulduzlu gecələrinə aparır. Romeo və Cülyetta, zamanın sərtliyinə və taleyin acımasızlığına baxmayaraq, sevginin ölümsüzlüyünü sübut edir.
Beləliklə, 29 yanvar, yalnız bir teatr pyesinin səhnəyə çıxdığı gün deyil, həm də insan sevgisinin, ehtirasının və taleyin dərslərinin ölümsüzləşdiyi gündür. Romeo və Cülyetta, əsrlər boyunca ürəklərdə yaşayacaq, hər nəsli öz hekayəsi ilə təsirləndirəcəkdir.
CÜLYETTA:
-De görüm, bura necə və niyə gəldin? Bağın divarları hündürdür, aşılması çətindir. Kim olduğunu bir düşün, əgər bizdən biri səni görsə, bu yer sənə məzar olar.
ROMEO:
-Mən bu divarları sevginin yüngül qanadları ilə aşdım,
Çünki daşdan olan sərhədlər sevgini saxlaya bilməz. Sevginin istəyib də bacarmadığı nə var ki? Bu üzdən qohumlarım da mənə mane ola bilməz.
CÜLYETTA:
-Yox, sənin gözlərində onların
İyirmi qılıncından da artıq təhlükə gizlidir. Yetər ki, mənə şirin bax. Bu baxış məni onların düşmənçiliyindən qoruyar.
Fatimə Məmmədova
13:00 29.01.2026
Oxunuş sayı: 361