Təhlükəsizlik məsələsində cəmiyyətin rolu
Bəzən təhlükə gəlirəm demir, nə atəş açılır, nə silah səsləri eşidilir, nə də küçələri panika dalğası bürüyür. Bu təhlükənin səsi insanların gündəlik həyat tərzinin səsi ilə eyni olur. Bu təhlükə rəngsiz görünsə də kənardan pıçıltı ilə bəlkə də səssiz, lakin daxilində yatan kütləvi qırğınlar, təşviş, siyasi ideoloji məqsədlər, panika, həyəcan və son olaraq ölkəyə matəm donunu geyindirmək məqsədi daşıyır. İdeoloji əsaslar dini şüarların arxasında pusqu qurur. Bu "Səssiz faciə" bizim üçün başqa ölkələrdə baş vermiş "Terror aktı" anlayışı kimi xəbərlərdə yer alır. Məsələn, xəritədə Azərbaycanla həmsərhəd olmayan ölkələr – Əfqanıstan, Suriya, İraq kimi Azərbaycanın rifahını təhlükəyə atmayan yerlər kimi görünür. Lakin bu son hadisələr "Səssiz faciə" artıq coğrafiya tanımır və cəmiyyətin içinə sızacaq qədər bizə yaxındır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat Xidməti məlumat yaydı: "Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər".
DTX-nin əməliyyat qrupu hücumun, insan itkisinin, partlayışın və ən əsası planlaşdırılan bir "Terror aktı"-nın qarşısını aldı. Bu dəfə terrorun hədəfi uzaq cografi ölkələr deyil, Bakının mərkəzində yerləşən bir səfirlik idi. Bütün bu ssenarini real həyatda tətbiq etmək üçün seçilən "qurbanlar" elə məhz cəmiyyətin içindən, gənc nəsil arasından seçilmişdi. "Kimlərsə" ssenarini yazır və onlara kor-koranə tabe olan gənclər də səssiz şəkildə yazılanı oynayırlar. Burada ən azı "Səssiz faciə" qədər təhlükəli olan elə səssiz şəkildə də yeridilən "beyinlərin işğalı" siyasətidir. Hadisəni həyata keçirmək üçün tutulan qurbanların yaşına diqqət yetirsək vəziyyətin nə qədər kritik olduğunu anlamaq çətin olmaz. Bunlar 2000 və 2005-ci il təvəllüdlü cəmiyyətin "gənc qurbanlarıdırlar". Hərçənd onlar artıq DTX tərəfindən zərərsizləşdirib və qanuna uyğun cəzalandırılacaqlar.
Burada adi görünən "beyinlərin işğalı" siyasəti gözə görünməz formada mərhələli şəkildə təbliğ olunur. Terrorun kökündə elə bu siyasət durur. Terrorçuların alətinə çevrilmiş siyasət dini donunu geyinərək öncə insanın düşüncəsinə səssizcə daxil olur və zamanla insanın şüurunu elə keçirərək insan beynini şəxsi iradələrinə uyğun kodlarla yenidən yazırlar. Öncə cəmiyyətlə insanın arasına nifaq toxumu səpirlər. Cəmiyyətin daim ona qarşı ədalətsiz davrandığını və haqqının tapdanıldığı təbliğ olunur. Artıq insan cəmiyyətdən uzaqlaşaraq öz yolunu tutmaq qərarını alır. Əslində bu qərar "kimlərinsə" yeni qurbanının şüurunu itirmiş və artıq şüursuz şəkildə onlara tabe olacağının qərarıdır. Daha sonra cəmiyyətlə insan arasında ayrı-seçkilik qanuna qoyulur və düşüncə olaraq 2 cəbhə formalaşır. "Allah tərəfindən seçilənlər" (onlara cənnət vəd olunur) və "Allahdan uzaq düşmüşlər". Bu cəbhə artıq beynin tam şüursuz şəkildə tabe olması deməkdir. Daha sonra onların yazdığı "din" anlayışı beyinlərə köçürülür. Bu dinin tələbləri zorakılıq savab əməl, kütləvi insan qətli isə Allahın hökmüdür. İnsan artıq cinayəti şüursuz şəkildə savab əməl kimi qəbul edir. Cinayət "qurban"lara Allah tərəfindən göndərilən müqəddəs missiya olaraq aşılanır.
Bu prosesin böyük bir mərhələsi görünməyən əlaqələrdə baş verir. Sosial media okeanının ən gizlin məkanları məhz bu prosesin həyata keçirilməsi üçün ən əlverişli ünvandır. "Qapalı qruplar", "Gizlin mesajlaşma proqramları" bu prosesin ocağıdır. Insan ona deyilənə şüursuz tabe olur və burada əlavə sual vermək "Allaha şərik qoşmaq" qədər günahdır. Və hər bir günahın öz cəzası var.
Bu hadisədə DTX əməliyyat qrupu hücumun, insan itkisi və partlayışın qarşısını aldı. Təhlükəsizlik baxımından əməliyyat uğurla nəticələnib. Amma hadisə eyni zamanda cəmiyyət üçün xəbərdarlıqdı: tutulanlar yalnız terroru icra edən, göz önündə olanlardır. Radikalizmin özəyi isə hələ aktivdir. Terrorçuların Xarici səfirliyi hədəf almasının məqsədi dövlətlərarası münasibətlərə zərbə vurmaq və ölkəni beynəlxalq arenada risk altına qoymaqdır. Radikalizmi bəzən “ədalət”, “iman”, "din" və “qardaşlıq” kimi qəbul olunan sözlərin arxasında gizlənir. Burada müəllimlər, dini icmalar və media üzərinə böyük yük düşür. Cəmiyyətə dinin mahiyyətini sağlam şəkildə, qorxutmadan, şüurlu şəkildə anlatmaq lazımdır. Terrorla mübarizə yalnız hüquq-mühafizə orqanları tərəfindən aparılmır. Cəmiyyətin şüuru da qalxan rolunu oynayır. Sağlam dini bilik, müzakirəyə açıq münasibət, maarifləndirmə və gənclərlə daimi ünsiyyət bu mübarizənin ən güclü silahlarıdır.
Şəms Zaman
15:41 28.01.2026
Oxunuş sayı: 507