Ekspert danışdı: İngilis dili həyati əhəmiyyətli fənnə çevrilir
Gələn ildən XI sinif üzrə xarici dil fənnindən buraxılış imtahanında tətbiq ediləcək yeni model təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Yeni yanaşmaya əsasən, şagirdlərin dinləmə, oxu, leksik-qrammatik və yazı bacarıqları ayrı-ayrılıqda ölçüləcək, yazı hissəsində isə ən azı 100 söz həcmində esse tipli tapşırıq yer alacaq. Rəsmi izahlar bu modelin şagirdlərin real dil bacarıqlarını daha obyektiv qiymətləndirməyə xidmət etdiyini göstərsə də, məsələ cəmiyyətdə birmənalı qarşılanmır.
Bəs bu dəyişikliklər mövcud tədris şəraiti və məktəblərin real imkanları ilə nə dərəcədə uzlaşır? Buraxılış imtahanında ingilis dilinin bu qədər çətinləşdirilməsi doğrudanmı zəruri idi, yoxsa bu, şagirdlər üçün əlavə stress və bərabərsizliyin dərinləşməsi riski yaradır? Yeni imtahan modeli keyfiyyətli dil biliklərinin formalaşmasına töhfə verəcək, yoxsa mövcud problemləri daha da qabardacaq? Bu suallar ətrafında müzakirələr davam edir.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:

"2021-ci ildə tətbiq olunacaq proqnostik qiymətləndirmədə müəyyən yeniliklər nəzərdə tutulur. Demək olar ki, şagirdlər artıq əvvəlki illərdə tətbiq olunan formata alışmışdılar. Belə ki, 2025-ci ildə IX sinif üzrə proqnostik qiymətləndirmə zamanı onlara üç təsvir təqdim olunur və həmin təsvirlər əsasında təxmini, öz fikirlərini ifadə etdikləri, esse xarakterli yazı tələb edilirdi. Şagirdlər mövzu üzrə və təqdim olunan təsvirlər üzərindən müəyyən düşüncələrini qeyd edirdilər.
Yeni yanaşmada isə həmin təsvirlərin yerinə şagirdlərdən təxminən 100 sözdən ibarət esse yazmaları tələb olunur. Bu, həcminə görə bir abzas səviyyəsindədir və hesab edirəm ki, bu dəyişiklik ciddi çətinlik yaratmamalıdır.
İngilis dilinin çətinləşdirilməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda ali təhsildə bir çox ixtisaslar üzrə ingilis bölmələri yaradılıb. Həmin bölmələrə qəbul zamanı ingilis dilini bilmək əsas şərt kimi qoyulur. İngilis dili üzrə bacarıqların formalaşması artıq zəruri tələbə çevrilib. Bəzi hallarda universitetlər bu məsələ ilə bağlı çətinliklərlə üzləşirlər. Hətta elə ali təhsil müəssisələri var ki, “foundation” proqramı tətbiq edərək bir il ərzində tələbələrə ingilis dili tədris edir, yalnız bundan sonra əsas tədris prosesinə başlayırlar".
Ekspert əlavə edib ki, bu isə bəzən haqlı və ya haqsız narahatlıq, narazılıq yaradır: "Belə ki, normalda dörd il ərzində bitirilməli olan universitet təhsili, ingilis dili bazası zəif olduğu üçün beş ilə başa çatdırılır. Məhz buna görə də artıq aşağı siniflərdən başlayaraq şagirdlərdə ingilis dilinin öyrənilməsi, danışıq və yazı bacarıqlarının formalaşdırılması vacibdir ki, gələcəkdə ingilis bölmələrində təhsil alarkən çətinliklərlə üzləşməsinlər.
İngilis dili beynəlxalq dildir və istifadə olunan elmi ədəbiyyatın, resursların böyük əksəriyyəti məhz bu dildədir. Şagirdlər ali təhsil alarkən, yaxud təhsilin növbəti pilləsi olan magistratura mərhələsində imtahan verdikdə, elmi-tədqiqat işi aparmaq istədikdə ingilis dilinə mütləq ehtiyac duyurlar. Belə olan halda ingilis dilini bilmək, qeyd etdiyim kimi, vacib şərt olaraq ön plana çıxır və bu bilik gələcək akademik və peşəkar inkişaf üçün əsas rol oynayır".
Ayhan
15:08 28.01.2026
Oxunuş sayı: 513