CROSSMEDIA - Azərbaycan bu məsələdə digər dövlətlərə örnək ola bilər - RƏY
Gündəm

Azərbaycan bu məsələdə digər dövlətlərə örnək ola bilər - RƏY

Azərbaycan dövləti uzun illərdir ki, sosial siyasəti dövlət idarəçiliyinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Vətəndaşların rifahının artırılması və sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar ölkəni sosial dövlət kimi tanıdıb. Bu gün Azərbaycan, sosial siyasət sahəsindəki uğurları ilə bir çox dövlətlər üçün nümunə göstərilir.

Dövlətin sosial siyasətinin əsas hədəfi vətəndaşların rifahını təmin etməklə yanaşı, ictimai-siyasi sabitliyi qorumaqdır. Bu siyasət nəticəsində ölkədə iqtisadi və sosial göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Son illərdə Azərbaycanda həyata keçirilən sosial islahatlar əhəmiyyətli nəticələr verib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum pensiya məbləği iki dəfədən çox artırılıb. Bununla yanaşı, orta aylıq pensiyalar, müavinətlər və təqaüdlərdə dəfələrlə artımlar həyata keçirilib. Bu tədbirlər yalnız vətəndaşların maddi vəziyyətinin yaxşılaşmasına deyil, dövlətə olan etimadın möhkəmlənməsinə də səbəb olub.

Azərbaycan hökumətinin sosial siyasəti yalnız maddi rifahı yaxşılaşdırmaqla məhdudlaşmır. Bu siyasət eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri arasında sosial inteqrasiyanı da təşviq edir. Həyata keçirilən islahatlar və özünüməşğulluq proqramları vətəndaş cəmiyyəti institutlarının inkişafına müsbət təsir göstərib.

Azərbaycan dövləti həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə diqqət ayırır. Bu ərazilərdə müasir infrastrukturun qurulması ilə yanaşı, vətəndaşların sosial təminatının gücləndirilməsi də prioritet məsələlərdən biridir. Bu, ölkənin ərazi bütövlüyünün bərpası ilə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlardır.

Azərbaycanın sosial siyasəti vətəndaş rifahını yüksəltməklə yanaşı, dövlətin dayanıqlı inkişaf modelini möhkəmləndirir. Sosial təminatın gücləndirilməsi və şəffaf idarəçilik prinsipləri Azərbaycanı sosial siyasət sahəsində regionda lider mövqeyə çıxarır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirir ki , Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir. Onun sözlərinə görə, bu siyasət həm sosial rifahın artırılmasına, həm də dövlət-vətəndaş birliyinin möhkəmlənməsinə xidmət edir:

Ekspert: "Biz bunu etməsək, məsələ qeyri-sağlam qüvvələr tərəfindən idarə  oluna bilər" - 02.05.2021, Sputnik Azərbaycan

"Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ölkə vətəndaşlarının rifahını təmin etməyi prioritet vəzifə olaraq müəyyənləşdirib. 2003-cü ildə 'Mən hər bir azərbaycanlının prezidenti olacağam' vədini verən Prezident bu prinsipə sadiq qalaraq bütün sosial layihələri və islahatları ardıcıl şəkildə həyata keçirir. Bu gün Azərbaycan cəmiyyətində sosial ədalət və rifahın təmin edilməsi istiqamətində görülən işlər digər dövlətlər üçün də nümunə ola bilər."

Orucov qeyd edib ki, son illərdə sosial təminat sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub: "Minimum pensiya məbləği iki dəfədən çox artırılıb. Bununla yanaşı, orta aylıq pensiyalar, sosial müavinətlər və təqaüdlər dəfələrlə artırılıb. Xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək üçün genişmiqyaslı proqramlar həyata keçirilib. İşsiz ailələr üçün özünüməşğulluq layihələri çərçivəsində onlara davamlı gəlir mənbələri yaradılıb. Bu tədbirlər yalnız maddi rifahın yaxşılaşdırılmasına deyil, həm də vətəndaşların dövlətə olan inamının möhkəmlənməsinə səbəb olub."

O, həmçinin vurğulayıb ki, sosial siyasət sahəsində şəffaflıq təmin edilib: "Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə çərçivəsində elektron hökumət sistemlərini tətbiq edib. Bu sistemlər vasitəsilə vətəndaşlar dövlət xidmətlərinə asanlıqla çıxış əldə edirlər. Eyni zamanda, sosial təminat sahəsində hesabatlılıq artırılıb, vətəndaşların ehtiyaclarına daha sürətli və səmərəli cavab verilir."

İlqar Orucov işğaldan azad olunmuş ərazilərdə görülən işlərə də toxunub: "Bu gün Azərbaycan işğaldan azad etdiyi torpaqlarda müasir yaşayış massivləri və infrastruktur layihələri həyata keçirir. Qarabağın bərpası çərçivəsində həmin ərazilərə qayıdacaq vətəndaşlar üçün ən müasir həyat şəraiti təmin edilir. Bu, Prezidentin xalq qarşısında verdiyi vədlərə sadiqliyinin və dövlət-vətəndaş birliyinin bariz nümunəsidir."

O əlavə edib ki, sosial siyasət yalnız vətəndaşların rifahını artırmaq məqsədi daşımır, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə də töhfə verir: "Sosial rifahı təmin edən güclü dövlət modeli Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz həm daxili, həm də beynəlxalq səviyyədə dayanıqlı inkişaf yolunda inamla irəliləyir."

Orucovun sözlərinə görə, dövlətin bu istiqamətdə gördüyü işlər davamlı olacaq və qarşıdakı illərdə vətəndaşların rifahını daha da artıracaq yeni islahatlar həyata keçiriləcək.

Nihat Tahirov

11:30 02.12.2024

Oxunuş sayı: 8558

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR