Səyyar satış məntəqələri kimə mane olur? - REPORTAJ
Son günlər sosial mediada və ölkə mediasının gündəmində olan əsas məsələ Sumqayıt şəhərində icra nümayəndəsinin satıcıya olan münasibəti və “meyvə səbətini baqaja apar” deməsi oldu. Məsələ bir daha küçə ticarəti məsələsini gündəmə gətirdi. Qanuni satış məntəqəsi olmadan, vətəndaşlar üçün nəzərdə tutulmuş səkilərdə məhsul satışı demək olar çox geniş yayılıb. Azərbaycan Respublikasında küçə ticarəti qanunvericiliklə ciddi şəkildə tənzimlənən sahələrdən biridir. Ümumilikdə, küçə və səki kənarında icazəsiz ticarətin aparılması qadağandır və bu fəaliyyətlə məşğul olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq 80 manat məbləğində cərimə edilirlər. Bu tələb həm ictimai təhlükəsizliyin təmin olunması, həm şəhər mühitinin səliqəli saxlanması, həm də vergidən yayınmanın qarşısının alınması məqsədilə tətbiq olunur. Lakin ölkənin digər şəhərlərindən fərqli olaraq, Bakı şəhərində səyyar və mövsümi ticarət fəaliyyətinin müəyyən qaydalar çərçivəsində həyata keçirilməsinə icazə verilir. Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrıca qaydalar təsbit olunur və yalnız həmin qurum tərəfindən müəyyən edilmiş ərazilərdə ticarət aparmaq mümkündür. Yəni, hər bir şəxs istədiyi yerdə satış fəaliyyəti göstərə bilməz və bunun üçün mütləq rəsmi icazə tələb olunur. Səyyar ticarətlə məşğul olmaq istəyən sahibkarlar fəaliyyət göstərə biləcəkləri ərazi üçün rəsmi müraciət etməli, icazə sənədi almalı və yalnız bundan sonra ticarətə başlaya bilərlər.

Səyyar satışla məşğul olan şəxslər adətən insanların çoxluq təşkil etdiyi yerləri seçirlər. Bu yerlər də adətən yol qıraqları, səkilər, avtobus dayanacaqlarının yanı olur. Yəni vətəndaşların hərəkəti üçün nəzərdə tutulmuş yerlər. Bu da vətəndaşlar üçün müəyyən mənada çətinlik yaradır.
Bu gün yanlarından dəfələrlə keçdiyim lakin diqqət etmədiyim həmin o səyyar satış məntəqələrinin insanlara nə kimi çətinlik yaratdığını görmək üçün Bakı şəhərindəki məntəqələr diqqətlə baxdım, əlaqə yaratdım. "20 Yanvar" metrostansiyası çıxışında bir neçə səyyar satış məntəqəsi var. Lakin bunların heç biri insanların hərəkətinə heç bir maneə yaratmır. Səkinin kənarında yerləşən meyvə-tərəvəz satan satıcı ilə bir az danışdıqdan sonra soruşdum:
- Deyirlər səyyar satış məntəqələri insanların hərəkətlərinə mane olur, səkiləri tutur. Cərimələyib qanundan kənar hesab edirlər. Sizdə necədir vəziyyət?
- Vallah, bura gediş-gəlişin gur olduğu yerdir. Özün də görürsən, yerim kənardadır, gediş-gəlişə heç cür problem yaratmır. İcarələr çox bahadır, adamın gücü çatmır. Bizim də çörəyimiz bundan çıxır.

Haqlı idi. Piştaxta insanların gediş-gəlişinə heç bir maneə yaratmırdı. Bir az qabağa getdim. Yol qırağında balıq satırdılar. Piştaxta qarşısında xeyli adam var idi. Bu piştaxta da səkinin kənarında idi və insanların gediş-gəlişinə maneə olmurdu. Əksinə insanlar bu məhsulların yol qırağında olduğundan razı idilər.
Bir az irəlidə diqqətimi çəkən nüans səyyar satıcının eynək satması oldu. Maraqla yaxınlaşdım:
- Satdığınız eynəklər şüa üçündür, ya necə?
- Şüa üçün də var, zəif görmək üçün də. Öz göz faizini bilirsən?
- Yox, özüm üçün almıram, sadəcə səyyar satış məhsulunun eynək olması maraqlı gəldi.
- Hə, məndə apteklərdən daha ucuzdur.
- Qiyməti nəyə əsasən tənzimləyirsiniz ki, aptekdən ucuz olur?
- Mən ucuz satmıram, apteklər baha satır. Həkim reseptini gətir, nə eynək istəyirsən verim.
Sağollaşıb oradan da uzaqlaşdım. Və yol boyu məni müşayiət edən meyvə-tərəvəz piştaxtalarına diqqətlə baxırdım. Qarşısı insanlarla dolu, insanlar bazarlıq edirlər. Həmçinin bu səyyar satıcıların məhsulları marketlərdən qat-qat ucuz olur. Və bir vətəndaş kimi qeyd etməliyəm ki, keçdiyim yollarda qurulan səyyar satış məntəqələrinin heç biri mənim hərəkətimə maneə yaratmadı.
Ayhan
12:20 26.01.2026
Oxunuş sayı: 480