Bu gün Daşaltı əməliyyatından 34 il ötür
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin ağır nəticələr verdiyi Daşaltı əməliyyatından 34 il ötür. 1992-ci ilin 25–26 yanvar tarixlərində Şuşa yaxınlığındakı Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat Azərbaycan Ordusu üçün ağır sınaq olmuşdu.
Belə ki, əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik etmiş, könüllülərdən ibarət bölüklər və Şuşa müdafiə taboru döyüşdə iştirak etmişdi. Lakin taktiki səhvlər, rabitə problemləri və xəyanət nəticəsində Azərbaycan qüvvələri düşmənin pusqusuna düşərək ciddi itkilər vermişdi.
Rəsmi məlumatlara görə, əməliyyatda 90-dan çox Azərbaycan əsgəri qəhramanlıqla şəhid olmuş, onlarla əsgər isə itkin düşmüşdü. Azərbaycan ordusu Ermənistan tərəfinin 80 əsgərini və bir neçə texnikasını məhv etmişdir. Nəticədə Daşaltı kəndi ermənilər tərəfindən tutulmuş, əməliyyat uğursuzluqla başa çatmışdı və bu gün də Azərbaycan tarixində ağır döyüşlərdən biri kimi yadda qalır.
Bu ağır itkilərə və uğursuzluğa rəğmən, Azərbaycan ordusunun və igid döyüşçülərin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi qalacaq.
Fatimə Məmmədova
10:32 25.01.2026
Oxunuş sayı: 626