Marketlərdə, vitrin və piştaxtalarda orforqrafik normalar kobud şəkildə pozulur - Professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası ölkənin mədəni irsinin qorunması, inkişafı və beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələnin əsasını qoyur. Bu strateji sənəd, xüsusilə Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsi, onun mahiyyətcə inkişafı, həmçinin qlobal miqyasda təbliği və təşviqinə yönəlmiş tədbirləri əhatə edir. Konsepsiya, milli kimliyimizin əsasını təşkil edən dilimizin müasir çağırışlara cavab verən şəkildə inkişaf etdirilməsini prioritetləşdirərək, Azərbaycanın mədəni suverenliyini və beynəlxalq nüfuzunu möhkəmləndirməyi hədəfləyir. Bu sərəncamın bir hissəsi olaraq qeyd olunan tədbirlər – Azərbaycan dilinin rolunun artırılması üçün sistemli fəaliyyətin həyata keçirilməsi və onun inkişafı, təbliği ilə bağlı işlərin gücləndirilməsi – ölkənin mədəni siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Gözlənilən nəticələr isə Azərbaycan ədəbi dilinin inkişafı, yeni əsərlərin yaradılması, dilin istifadəsinin artması və rəqəmsal platformalarda geniş yayılması kimi mühüm nailiyyətləri vəd edir. Bu yazıda konsepsiyanın əsas aspektlərini, həyata keçiriləcək tədbirləri, potensial çətinlikləri və uzunmüddətli təsirlərini ətraflı təhlil edərək, Azərbaycan dilinin mədəniyyətimizdəki strateji yerini dərindən araşdıracağıq.
Professor Sevinc Əliyeva prezident İlham Əliyevin sərəncamında öz əksini tapmış dil məsələsi ilə bağlı Crossmedia.az-a açıqlama verib:
“Cənab Prezident həm Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında, həm də televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı vacib tövsiyə və təkliflərini səsləndirmiş, eləcə də doğma dilimizin düzgün tətbiqinə mane olan məsələlərlə bağlı ciddi narahatlığını diqqətə çatdırmışdır. Bununla yanaşı, ölkə başçısı tərəfindən imzalanan “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında isə konkret müddəa və bəndlərdə nəzərdə tutulan tədbirlər, eləcə də gözlənilən nəticələr və perspektiv proqnozlar öz əksini tapmışdır”.

Professor, Azərbaycan ədəbi dilinin inkişafı ilə bağlı qeyd edib ki, cənab Prezidenti narahat edən və cəmiyyətimizi ən çox düşündürən məsələlərdən biri də məhz budur: “Çünki ədəbi dilin düzgün tətbiqi dil mədəniyyətinin formalaşması baxımından son dərəcə vacibdir. Məlumdur ki, ədəbi dil danışıq dilinin normaya salınmış və cilalanmış formasıdır. Bu baxımdan, televiziya və radio kanallarında, internet saytlarında, ümumilikdə bütün ictimai sahələrdə, xüsusilə orta və ali məktəb müəllimlərinin nitqində ədəbi dil normalarına ardıcıl şəkildə əməl olunmalıdır. Azərbaycan dilini yüksək tribunadan, kürsüdən və televiziya məkanından səsləndirən hər bir şəxs ədəbi dildə danışmağın məsuliyyətini dərk etməli, ədəbi dilin qorunmasına öz töhfəsini verməlidir. Azərbaycan dilində yeni əsərlərin yaradılması məsələsi müasir dövrdə xüsusi aktuallıq kəsb edir. Bu gün həm tərcümə ədəbiyyatı, həm də müasir Azərbaycan ədəbiyyatı ilə tanış olarkən, dilçi, oxucu və vətəndaş kimi belə bir sual yaranır ki, doğrudanmı Azərbaycan dilinin ədəbiyyatda və ədəbi nümunələrdə tətbiqi bu şəkildə olmalıdır? Bizim yazıçılarımızın, şairlərimizin sadə, anlaşıqlı üslubu, özünəməxsus ifadə tərzi niyə bu qədər dəyişib? Bu, qloballaşmanın, yoxsa başqa dillərin ana dilimizə təsiridir? Axı bu dil əsrlər boyu qorunub saxlanıb, həm bizim liderlərimiz tərəfindən, ölkə başçılarımız tərəfindən, həm də bizim ziyalılarımız, məhz şair və yazıçılarımız tərəfindən ciddi şəkildə qorunub. Cənab prezident vurğuladı ki: “Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq? Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan dili nə xilafətin dili olan ərəb dilinə, nə poeziyanın dili olan fars dilinə, eləcə də rus və Avropa dillərinə məğlub olmayıb, özünü yad təsirlərdən qoruya bilib. Bəs indi — müstəqillik və inkişaf dövründə — vəziyyət necədir? Artıq aydın şəkildə müşahidə olunur və hamılıqla dərk edilməlidir ki, ana dilimiz ölkə başçısı, eyni zamanda Dövlət Dil Komissiyasının sədri tərəfindən daim nəzarətdə saxlanılır və bu nəzarət ardıcıl, ciddi xarakter daşıyır. Belə olduğu halda dilimizi qorumaqda nə üçün çətinliklərlə üzləşirik, bu dildə səlis danışmaqda və düzgün yazmaqda niyə hələ də problemlər yaşayırıq? Bu vəziyyətə mane olan amillərin mənbəyi ilk növbədə ədəbiyyatdan və ədəbi nümunələrdə müşahidə olunan dil xətalarından başlayır. Çünki hər bir şəxsin — istər aparıcının, istər şagirdin, istərsə də tələbənin — ümumilikdə isə hər bir vətəndaşın nitqi məhz mütaliə yolu ilə formalaşır və zənginləşir. Ədəbiyyatla və ədəbi nümunələrlə nə qədər yaxından tanış olur, nə qədər çox kitab oxuyur və mütaliə ediriksə, nitqimiz də bir o qədər səlis və zəngin olur, fikir ifadəsində, cümlə quruluşunda və dilimizin çeşidli söz və ifadələrindən düzgün istifadədə çətinlik çəkmirik. Bu halda nitqin formalaşdırılması və qurulması prosesi də asan və təbii şəkildə baş verir. Əksinə, mütaliənin zəif olduğu hallarda dilimizdə danışmaq və fikirlərimizi ifadə etmək üçün lazımi söz və ifadə ehtiyatı formalaşmır, cümlələr düzgün qurulmur, nəticədə isə yerli-yersiz xarici sözlərə və Azərbaycan dilinə xas olmayan sintaktik quruluşlara üstünlük verilir. Bütün bu hallar bir-biri ilə sıx bağlı olub, dil mədəniyyətinin zəifləməsinə gətirib çıxaran əsas amillər kimi qiymətləndirilməlidir. Efir məkanında səsləndirilən dilin səviyyəsi necədirsə, şair və yazıçılarımız tərəfindən yaradılan bədii nümunələrin dili necədirsə, nəticə etibarilə, Azərbaycan ədəbiyyatının və Azərbaycan dilinin ümumi vəziyyəti də elədir. Bu baxımdan sual yaranır: bugünkü ədəbiyyat klassik ədəbi ənənələri layiqincə davam etdirə bilirmi? Müasir gəncliyi düşündürəcək, onları mənəvi və estetik baxımdan düzgün istiqamətləndirəcək əsərlər varmı və yazılırmı? Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bir sıra hallarda Azərbaycan ədəbiyyatı tərcümə olunmuş ədəbiyyatı xatırladır. Sanki bəzi bədii nümunələr Azərbaycan dilində yazılmayıb, hansısa əsərin dilimizə uğursuz tərcümə variantı təsiri bağışlayır. Anlaşılmaz üslub, qeyri müəyyən söz və ifadələr, cənab Prezidentin də vurğuladığı kimi, yazıçının təfəkkür göstəricisi deyil. Bu cür hallar əsasən müəllifin Azərbaycan dilinin lüğət tərkibinə dərindən bələd olmaması, eləcə də dilimizin cümlə quruluşunu, söz sırasını və ifadə xüsusiyyətlərini kifayət qədər mənimsəməməsi ilə izah oluna bilər. Deyə bilərsiniz ki, bu bədii əsərdir və elmi, yaxud publisistik üslubdan fərqli olaraq bədii üslubda müəyyən sərbəstlik, fərqli yanaşma və ifadə tərzi mümkündür. Lakin bu, Azərbaycan dilini və azərbaycanlı oxucunun təfəkkür tərzini unutmaq anlamına gəlməməlidir. İlk növbədə nəzərə almaq lazımdır ki, bu kitabı oxuyacaq şəxs azərbaycanlıdır — oxucudur, şagirddir, tələbədir, gəncdir — və bu əsər həm milli-mənəvi dəyərlərin aşılanması baxımından, həm də dil faktoru kimi onun şüuruna və dünyagörüşünə necə təsir edəcək. Başqa sözlə, biz nə yazdığımızın və nə oxuduğumuzun fərqində olmalıyıq”.
S.Əliyeva əlavə edib ki, cümlələri süni şəkildə qəlizləşdirmək, mətnləri tərcümə olunmuş yazı nümunəsinə çevirmək, qeyd edildiyi kimi, nə dərin düşüncənin, nə də fərqliliyin göstəricisidir. Bu baxımdan bədii ədəbiyyat sadə, oxunaqlı və anlaşılan olmalıdır: “Bir əsərin dili nə qədər sadə və aydın olarsa, o qədər də oxucunun qəlbinə birbaşa yol tapa bilər. Arzu edir və inanırıq ki, həmişə olduğu kimi, bundan sonra da Azərbaycan ədəbiyyatında oxunaqlı, sevilən, həm məzmun, həm də dil baxımından uğurlu əsərlər yazılıb-yaradılacaqdır. Qeyd etdiyim məsələlər bir daha göstərir ki, ədəbi dilin qorunması və möhkəmləndirilməsi bilavasitə onun real dil mühitində düzgün tətbiqi ilə bağlıdır. Bu baxımdan Azərbaycan ədəbi dilindən istifadənin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, dilimizi düzgün tətbiq etsək, danışıq dilindən ədəbi dilə keçidi bacarsaq, bu proses həm şifahi, həm də yazılı nitqdə öz müsbət nəticəsini göstərəcəkdir. Bir daha vurğulamaq istərdim ki, bir dilçi kimi apardığımız müşahidə və təhlillər nəticəsində gəldiyim qənaət ondan ibarətdir ki, şifahi nitqlə yazılı nitq arasında mövcud olan fərqlər zaman-zaman aradan qaldırılmalı, bu iki nitq forması bir-birinə yaxınlaşdırılmalıdır. Ədəbi dilə keçidin mahiyyəti də məhz bundadır: biz danışdığımız kimi yazmamaq üçün, əksinə, yazdığımız kimi danışmağı bacarmalıyıq. Əks halda, yazılı nitqdə formalaşmış ədəbi dil normaları şifahi ünsiyyətdə tətbiq olunmazsa, zamanla ədəbi dilin ciddiyyəti, sabitliyi və normativ gücü zəifləyə, hətta itə bilər”.
Professor Azərbaycan dilindən rəqəmsal platformalarda istifadə ilə bağlı əlavə edib ki, Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunması müasir dövrün əsas tələblərindən biridir və bu, eyni zamanda cəmiyyətin dil mədəniyyətinin göstəricisidir: “Təbii ki, bu, hər birimizin arzusudur. Lakin mövcud vəziyyət göstərir ki, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmiş rəqəmsal və kommersiya mühitində hələ də ciddi problemlər qalmaqdadır. Xüsusən marketlərdə, vitrin və piştaxtalarda Azərbaycan dilinə məxsus “ə”, “ö”, “ü” kimi xarakterik saitlər qorunmadığı halda məhsul adlarının “çorek”, “et”, “gobelek” və s. formada yazılması orfoqrafik normanın kobud şəkildə pozulduğunu nümayiş etdirir. Unutmamalıyıq ki, türk dilləri, o cümlədən Azərbaycan dili saitlər üzərində qurulan və ahəng qanununa tabe olan dillərdəndir. Bu baxımdan Azərbaycan dilinin rəqəmsal mühitdə tam və düzgün tətbiqi üçün mühüm addımlardan biri də milli dil korpusunun yaradılmasıdır. Milli korpusun mövcud olmaması nə tərcümə mətnlərinin keyfiyyətli hazırlanmasına, nə də mobil tətbiqlər, proqram təminatları və digər rəqəmsal platformalarda Azərbaycan dilinin funksional istifadəsinə tam şəkildə nail olmağa imkan verir. Məhz buna görə də milli dil korpusunun yaradılması və istifadəyə verilməsi müasir dövrdə Azərbaycan dilinin rəqəmsal mühitdə mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan dilinin rəqəmsal platformalarda düzgün tətbiqi və geniş istifadəsi dilin bütün sahələrdə normativ şəkildə işlədilməsinin birbaşa göstəricisi kimi qiymətləndirilməlidir. Müvafiq konsepsiyada Azərbaycan dili məsələlərinə kifayət qədər geniş yer ayrılması da təsdiq edir ki, dil mədəniyyətin əsas göstəricisi və onun başlıca təzahür formasıdır. Çünki istənilən mədəni nümunə və ya mədəni abidə — istər poeziya nümunəsi olsun, istər musiqi əsəri — əgər dil baxımından uğurlu deyilsə, söz düzgün və yerində işlədilməyibsə, həmin nümunə tam mənada təsirli ola bilməz. Belə mədəni nümunələr nə oxucunun, nə dinləyicinin, nə də tamaşaçının estetik zövqünü oxşaya bilir. Xüsusilə nəzərə alsaq ki, Nəzərə alsaq ki, Azərbaycan tamaşaçısı çox zövqlüdür, seçməyi və uğurlu seçim etməyi bacarır, çalışmaq lazımdır ki, məhz Azərbaycan dilində ən uğurlu əsərlər həmin tamaşaçının qəlbinə nüfuz edə bilsin. Bu isə məhz sözlə sənətin, sözlə musiqinin vəhdəti və sənətkarın, ifaçının düzgün, səlis ifa və ifadə tərzində mümkün ola bilər. Bədii əsərlərimiz tamaşaya qoyulduqda seriallarda, filmlərdə, sənədli və bədii filmlərdə dil mühiti düzgün yaradılmalıdır ki, tamaşaçı kütləsini toplaya bilsin, baxılsın, sevilsin. Bütün bunlar üçün isə, ilk növbədə dilimizi sevməliyik. Çünki dilimizə sevgi olmasa, milli kimliyimizin göstəricisi olan dilimizi sevməsək,onun düzgün tətbiqinə nail ola bilməyəcəyik. Sevgi isə ruhumuzda,qəlbimizdə, bütün varlığımızda olmalıdır. Biz bu sevgi ilə doğuluruq, dilə sevgi sonradan yaranmır. Vətənimizi necə seviriksə, ailəmizi necə seviriksə, dilimizi də o cür sevməliyik. Sevməsək, qoruya da bilməyəcəyik. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan dilini qorumaq hər birimizin ən ümdə vəzifəsi olmalıdır”.
Ayhan
11:30 22.01.2026
Oxunuş sayı: 1473