Pakistanda iclas: əməkdaşlıq yeni mərhələyə keçəcək
Dekabrın 24-25-də İslamabadda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Pakistanın özəlləşdirmə və investisiya naziri Abdul Alim Xan məlumat verib. İclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi və iri infrastruktur layihələrinə investisiya imkanları müzakirə olunacaq. Azərbaycan Pakistana G2G modeli üzrə investisiya qoymaqda və dövlət müəssisələrinin özəlləşdirilməsində iştirakda maraqlıdır.
İqtisadçı ekspert Xalid Kərimli Crossmedia.az-a verdiyi açıqlamada Azərbaycan-Pakistan münasibətlərinin dərin strateji əsaslara söykəndiyini vurğulayıb:
“Azərbaycan ilə Pakistan arasında dostluq və müttəfiqlik münasibətləri uzun illərə dayanır. Pakistan, Türkiyədən sonra Azərbaycanın ən yaxın müttəfiqidir. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri də məhz Pakistandır. Həmçinin, Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işinə birmənalı dəstək verən dövlətlərdən biri olmuşdur”.
Kərimli qeyd edib ki, Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq strateji əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq:
“İndi Azərbaycan Pakistana dövlət idarəçiliyində ixtisaslaşmaq, bu sahədə təcrübə mübadiləsi aparmaq və özəlləşdirmə prosesinə dəstək vermək üçün şərait yaradır. Bu təşəbbüs, təkcə iki ölkə arasındakı iqtisadi əlaqələri deyil, həm də Pakistanın beynəlxalq investisiya mühitində cəlbediciliyini artıracaq. Xarici investorların bu prosesə marağı daha da artacaq və iki ölkə arasında iqtisadi münasibətlərin səviyyəsini yüksəldəcək”.
Ekspert həmçinin vurğulayıb ki, dövlətlərin qarşılıqlı iqtisadi təşəbbüslərinə daha çox maliyyə yatırmaları mühüm əhəmiyyət daşıyır:
“Bu əməkdaşlığın uğurlu olması üçün dövlətlər bir-birinə çox yaxın və güvənli münasibət qurmalıdırlar. Yalnız bu halda, qoyulan investisiyalar səmərəli istifadə edilə bilər. Əks halda, maliyyə resurslarının istifadəsi effektiv olmayacaq”.
İclasın nəticələrindən asılı olaraq, Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçə və regionda strateji layihələrin həyata keçirilməsinə zəmin yarada bilər.
Nihat Tahirov
14:49 30.11.2024
Oxunuş sayı: 8818