Elm hüquqi dəstəyi olmayan yeganə fəaliyyət sahəsidir
Azərbaycan
Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası həqiqətən də priambulada göstərildiyi kimi “Hüquqi, dünyəvi və
demokratik dövlət, sosial rifah və mədəni müxtəliflik prinsiplərinin dərin kök
saldığı müasir Azərbaycanda mədəniyyətin intibahı dövrün regional və qlobal
çağırışları müstəvisində mühüm əhəmiyyət daşıyır”.
Dövlət
başçısının nəzarəti və rəhbərliyi ilə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin
inkişafında əldə olunan müsbət tendensiyaların dinamikası görünməkdədir. Elmi
institutların optimallaşdırılması, elmi araşdırmaların genişləndirilməsi, Azərbaycan
elminin dünya elminə inteqrasiyası, akademik mühitin sağlamlaşdırılması və
inkişafı, elmin inkişafı ilə bağlı yeni alətlərin formalaşdırılması, gənc nəslin
müasir standartlara uyğun təhsil alması, elm və təhsil müəssisələrinin təmiri və
tikintisi, elm və təhsildə həyata keçirilən islahatlar öz nəticəsini göstərməkdədir.
Dövlət başçısının elm, təhsil və mədəniyyətin dinamik inkişafına yönəldilmiş sistemli addımlarını həyata keçirmək üçün elm, təhsil və mədəni mühitin sağlamlaşdırılması ilk addımlardan biri hesab edilə bilər. Belə ki, əlaqədar qurumların həyata keçirdiyi informasiya siyasətində proqressiv model tətbiq edilməli, bədbinləşdirici deyil, ümidverici məlumatlar yayılmalıdır. Məsələn son illər “Ali Attestasiya Komissiyası: son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib”, “2025-ci ildə 38 dosentə imtina olunub, 7 professora imtina olunub” kimi xəbərlərdə problemin qoyuluşu yanlışdır. Sanki, bu vəziyyətlə iftixar edirlər. Akademik prosesin hüquqi qeydə alınması əvəzinə “cəza verici” müəssisə kimi özünü təqdim edən bu qurum nədən belə bir mühit yaratsın ki, insanlar “istədiklərinə alim adını verirlər, istəmədiklərindən də alırlar” kimi düşüncələrə gəlsin. Axı həqiqət belə deyil. Geniş ictimaiyyət bilmir ki, hər bir imtinanın arxasında bir il və ya iki il fasilə var, akademik fəaliyyətlə məşğul olan şəxs sonunda bu elmi dərəcə və adı alacaq.

2023-cü ildən tətbiq edilən “Azərbaycan Milli
H-indeksi reytinqlərinin” açıqlanması ölkədə elmin əhəmiyyətli inkişafını
rəqəmlərlə ifadə edir. Azərbaycanın dünya şöhrətli alimləri var və sözün əsl
mənasında ölkənin qürur mənbəyidirlər. Bu alimlərin haqqında mütəmadi olaraq mediada
məlumat vermək, ictimaiyyətə təqdim
etmək gənclərin akademik karyeraya təşviq olunması deməkdir.
2025-ci ilin son günlərində Azərbaycanın akademik mühitində yeni-yeni xoşagəlməz xəbərlər yayılırdı ki, əslində bu da akademik mühitin sağlamlaşmasına qarşı atılan addımlar kimi qiymətləndirilməlidir. Təxminən ölkənin çox hörmətli 20 min nəfərlik ziyalı təbəqəsini əhatə edən, elmi-pedaqoqlu heyətdə baş verən hadisələr təbiidir ki, geniş kütləni yaxından maraqlandırır. Odur ki, gündəm yaradan mövzulara hüquqi çərçivədə yanaşmağa çalışaq.
Nüfuzlu media orqanları (14 yanvar 2026) xəbər verir ki, Akademiyanın müxbir üzvünün professor elmi adı AAK-ın Rəyasət Heyyətinin 26.12.2025-ci il tarixli qərarı ilə “əsasnamənin” 8.3.2 –ci yarımbəndinə əsasən elmi addan məhrum edilib. Bu barədə redaksiyanın sorğusuna AAK sədrinin müavini professor Sakin Cabbarov məlumat verib. Nə “cəza verən”, nə də “cəza alanı” şəxsən tanımadığımız halda, eyni zamanda onların nüfuzlu elm adamı olduqlarını da bilirik.
Məsələ burada şəxslərlə bağlı deyil. Biz nə hər hansı şəxsi müdafiə etmirik, nə də kiminsə əleyhinə kampaniya aparmırıq. Bizim qedylərimiz belə bir mənfi presedentin yaranması və yayılmasının ziyanlı ola biləcəyi ilə bağlıdır. Alimin elmi dərəcəsini bu şəkildə ləğv etmək olmaz. Bu etik deyil və elmi camiədə də yaxşı qarşılanmır. Odur ki, baş verənlərə hüquqi zəmində cavab axtaraq. Nə qədər sadə görsənsə də bu məsələyə bir qədər dərindən baxmağa çalışaq.
Azərbaycan Respublikası Prezidentinin 11.06.2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq olunmuş Elmi dərəcələrin və elmi adların verilməsi qaydası haqqında Əsasnamə qanun hökmlüdür və tələb olunan prosedurları tənzimləyir. Əsasnamənin 8-ci bölməsi “Elmi addan məhrumetmə və elmi adın bərpası” adlanır və onun 3-cü paraqrafında yazılıb: -Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:
8.3.1. şəxs elmi dərəcədən məhrum edildikdə;
8.3.2. elmi ad verilməsi proseduru pozulduqda;
8.3.3. elmi plagiat aşkar edildikdə;
8.3.4. elmi etika pozulduqda.
Göründüyü kimi AAK sərdrinin müavini professor
Sakin Cabbarov 3-cü paraqrafın 2-ci bəndinə əsaslanaraq redaksiyaya cavab verib və
bununla da vəzifəsini yerinə yetirmiş olub.
Burada üç
istiqamətdə hüququn pozulması hadisəsi baş verir ki, onlara diqqət edək.
1. Sakin Cabbarov hüquqşünas deyil, fizikdir və verdiyi cavab “uşaq
başı aldatmaqdan başqa bir şey deyil”. İcra olunan prosedurlarda və AAK dəftərxanasına
təqdim olunan “dosyedə” universitet diplomunun surətinin olmaması da
prosedurların pozulması hesab edilə bilər. Məgər bu halda uzun illərin əməyi
hesabına verilmiş elmi addan insanı məhrum edirlər? Bu qərar hansı hüquqi
normalara əsaslanır? Azərbaycanda belə prosedur qaydalarının pozulma halları
inzibati hüquqla tənzimlənir ki, bu da ayrıca bir araşdırmanın obyektidir.
AAK
mütəxəssisləri tərəfindən tərtib edilən prosedur qaydalarının icrası təyin olunmuş
müdafiə şuraları tərəfindən icra olunmalı və buna AAK tərəfindən nəzarət edilməlidir.
İddiaçının prosedurların pozulmasında nə kimi günahı ola bilər sualına cavab
verən yoxdur.
Nəzərə
alınarsa ki, “attestasiyanın” mahiyyəti və prosedurların icrası, prosedurların
pozulması və cəzalandırma hadisələri hüquqi hadisələrdir, deməli, AAK
stukturuna rəhbərlik aktiv elmlə məşğul olan alimlərə deyil, praktiki hüquqla məşğul
olanlara tapşırılmalıdır. Əks halda, bir fizik alim digər bir fizik alimə “Sənə
diplomu mən vermişəm, mən də alaram” kompleksindən qurtarmayacaq.
2.
Haqqında cəza tədbiri görülmüş
AMEA-nın müxbir üzvü 2013-cü ildə elmlər doktorluğunu müdafiə edib, 2016-cı ildə
professor elmi adını alıb və 2019-cu il əsasnaməsinin prosedurlarını ona tətbiq
etmək onun konstitusiya hüququnu pozmaqdır.
Azərbaycanın qüvvədə olan Konstitusiyasının “Hüquq və qanun” adlanan beşinci bölməsinin, X fəsli “Qanunvericilik sistemi” adlanır. Onun
149-cu maddəsinin 7-ci paraqrafında yazılır: -“VII. Fiziki və hüquqi şəxslərin
hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.
Göründüyü kimi ölkənin ən
mühüm qanunu pozulmuş olub. Müvafiq olaraq qanunların
"geriyə qüvvəsinin olmaması" ümumi hüquqi prinsip olaraq qəbul olunur
və Azərbaycanda da tətbiq edilir. AAK funksioneri ya bunu bilmir, ya da bilərək
onu icra etmir, çünki, hüquqşünas deyillər. Dar ayaqda deyəcək ki, bilmirdim.
Lakin prosedurların kobudcasına pozulması ilə əlaqədar İnzibati məhkəmələrdə qaldırılmış iddialarda AAK funksionerləri yenə də hüququn əksinə olaraq pozuntuları görməməyə çalışır və yenə də “dar ayağa düşəndə” deyirlər ki, mən hüquqşünas deyiləm.

3. Baş vermiş hadisədə akademik etika kobudcasına pozulub, əgər akademik
etikanı hüquqi kateqoriyaya daxil edə biləriksə. Diqqət edək ki, nə baş verir:
Bir professor elmi potensialına görə özündən heç də aşağı olmayan, bəlkə də
bəzi parametrlərinə görə yüksək olan bir alimə professor vəsiqəsini ya verir,
ya da əlindən alır. Dünya təcrübəsində hesab edilir ki, professor adının əldə
edilməsi üçün elmin konkret istiqamətlərində tanınmış 3-5 böyük alimin rəyi
vacibdir. Burada isə 3-5 alimin rəyi və mövqeyi bir alim-məmur tərəfindən ləğv
edilir və “qapı bağlanır”.
Populyar elmi istiqamətlərdə, məsələn, AAK sədri iqtisadçı professor, onun bir müavini fizika-riyaziyyat professoru, digər bir müavin biologiya-tibb professoru olarsa və elmi dərəcələri yalnız bunlar verərsə, deməli, elmdə alternativ fikir olmayacaq. Bunların “körpüsündən keçməsən” nə müdafiə edə bilərsən, nə də elmi ad ala bilərsən.
Məlumdur ki, AAK-ın sədri və onun iki müavini də professorlardır və onların akademik profillərinin araşdırmaları göstərir ki, 2019-cu ilin əsasnaməsi tətbiq olunarsa, onların da vəziyyəti yaxşı olmaz. Yalnız, AAK-ın digər bir sədr müavini, Sakin Cabbarovun durumu fərqlidir. Çünki, AAK sədri F.Mustafayevin akademik platformada 2021-ci ildən sonra heç bir məqaləsi yoxdur, H-indeksi 3, elmi isnadlarının sayı 45 təşkil edir və 2019-cu il əsasnaməsinə görə professor ola bilməz. Eləcə də, sədr müavini Nigar Agayevanın da akademik profilində 2025-ci il üçün heç bir məqaləsi yoxdur, H-indeksi 3, elmi isnadlarının sayı 33 təşkil edir ki, 2019-cu il əsasnaməsinə görə professor adı daşımaq üçün H-indeksi azı 10 olmalıdır.
Yazılmış
məktublara, edilmiş müxtəlif müraciətlərə veriləcək cavablar gecikdirildiyi
zamanlar AAK funksionerləri daima vaxtın az olmasından, işlərin çox olmasından
şikayətlənsələr də həqiqətdə məlum olur ki, boş zamanları çoxdur. Məsələn,
S.Cabbarov yalnız 2025-ci ildə 15-dən artıq elmi məqalə yazıb və yalnız 2025-ci
ildə bu məqalələrə 33 elmi isnad da alıb.
İldə iki ay məzuniyyəti çıxarıqsa, hər aya iki elmi məqalə düşür. Bu
yaxşı bir məhsuldarlıqdır. Lakin, müəllifin bu məqalələrdə çox sayda həmmüəllifləri
ilə hansı “korparativ münasibətlərdə” olması, elmi dərəcələrin və elmi adların
verilməsində “maraqlar konflikti” ayrıca bir tədqiqat obyektidir.
Sakin
Cabbarov “Google Akedemiya” elmi platformasında “Neytron Difraksiyası” elmi
istiqamətində dünya sıralamasında 48-ci yeri tutur, “yüksək təzyiq” sahəsində
mövqeyi 3246 isnadla xeyli geridədir. Bu elmi istiqamətdə Ho-Kwang Mao (Yüksək Təzyiq
Elmi və Texnologiyası Qabaqcıl Tədqiqatlar Mərkəzinin direktoru) 87113 isnadla
liderlik edir. Əlbətdə ki, Ho-Kwang Mao məmur deyil, ABŞ-da
30 ildən çox Karnegi Elm
İnstitutunun Geofizika Laboratoriyasında ştatlı alim işləyib və yüksək təzyiqli geoelmlər və fizika elmləri
sahəsində tanınmış aparıcı alimdir. Onun adını daşıyan iki mineral da var
(Davemaoite və Maohokite).
Əsasnamənin 8.3.3. elmi plagiat aşkar edildikdə; və 8.3.4. elmi etika
pozulduqda, maddələri də hüquqi normalara əsaslanmır və subyektiv yanaşma ilə
qiymətləndirilir. Qeyd olunan yarımbəndlərin hər birinin şərhi geniş
araşdırmanın mövzusu ola bilər. Əlbəttə ki, hüquqi normalarla da müşahidə
olunmalıdır. “Plagiat” hadisəsini bir kommersiya şirkətinin təqdim etdiyi
proqramın ümidinə qoymaq yanlışdır və “akademik etika” da bir nəfərin subyektiv baxışı hesab
edilməməlidir. Ümumiyyətlə əsasnamənin bir çox bəndi mövcud praktikada yanlış
icra olunur və lazım gəldikdə “prosedur qaydalarının pozulması” kimi qələmə
verilir. Ən başlıcası da odur ki, bu proseslərdə heç bir iştirakı olmadığı
halda iddiaçı cəzalandırılır.
Cəza
almış Professorun isə akademik profilindən məlum olur ki, çox sayda elmi məqalələri
və elmi isnadları olduğu halda, son iki ildə heç bir elmi məqaləsi yoxdur və ya
elmi platformada qeydə alınmayıb. Bu durum real mənzərəni ifadə edir. Böyük bir
təsərrüfata rəhbərlik edən məmur alim də olsa 15 məqalə yaza bilməz. Əlbəttə
ki, rəhbərlik etdiyi qurumun doktarantlarına, tabeçiliyində olan alimlərə
tapşırsa ki, məqalələrinizə mənim də adımı yazın, yəqin ki, yazarlar və birinci
müəllif olaraq yazarlar.
Azərbaycan
Pespublikasının Prezidenti bu yaxınlarda yerli jurnalistlərə verdiyi geniş
müsahibədə elmi fəaliyyətin qiymətləndirilməsi və bu sahədə sınaqdan keçmiş
mövcud dünya təcrübəsinin olduğunu qeyd etdi. Eləcə də Azərbaycan
Respublikasının Elm və Təhsil naziri də yubileyi qeyd olunan Universitet əməkdaşları
ilə görüşdə nüfuzlu xarici elmi
jurnallarda məqalələr çap edilməsinin əhəmiyyətini vurğulamışdı. Bu qeyd olunan mövqelər ölkənin
akademik mühitinin sağlamlaşdırılmasına və inkişafına yönəldilmiş dövlət siyasətidir
və bunu manipulyasiya etmək, yolundan sapdırmaq, “suyu bulandırmaq” düzgün
yanaşma deyil.
O cümlədən, “vətənə xəyanətdə” ittiham olunan şəxslərin də akademik profillərinin öyrənilməsi və geniş ictimaiyyətə təqdim olunması sahəsində işlər görülməlidir. Akademik mühitin hüquqi dəstəyini yaratmaq, onun etibarını bərpa etmək və alimlərimizi geniş ictimaiyyətə təqdim etmək üçün mövcud alətlərdən düzgün istifadə edilməlidir.
15:05 17.01.2026
Oxunuş sayı: 2067