Əcnəbilərlə ailə həyatı quranların sayı niyə artır? - SƏBƏBLƏR AÇIQLANDI
Müasir dövrdə miqrasiya proseslərinin sürətlənməsi, beynəlxalq təhsil və əmək bazarının genişlənməsi, eləcə də informasiya mübadiləsinin artması ailə münasibətlərində yeni reallıqlar formalaşdırır. Bu reallıqların ən bariz nümunələrindən biri müxtəlif vətəndaşlığa malik şəxslər arasında bağlanan nikahların sayının artmasıdır. Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmır.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah qeydə alınıb. Bu rəqəm təkcə ailə qurmaq qərarının coğrafi sərhədləri aşdığını deyil, eyni zamanda cəmiyyətin sosial strukturunda baş verən dəyişiklikləri də əks etdirir. Digər tərəfdən, ötən illərdə və ya əvvəlki dövrlərdə bağlanmış bu tip nikahların bir qisminin davamlı olmaması da diqqətdən yayınmır. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşlarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağladığı 652 nikahın pozulması rəsmiləşdirilib.
Mütəxəssislərin fikrincə, bu göstəricilər müxtəlif mədəniyyətlərin, hüquqi sistemlərin və ailə modelinin qarşılıqlı təsirini gündəmə gətirir. Dil baryeri, mentalitet fərqləri, sosial adaptasiya çətinlikləri və hüquqi prosedurlar belə nikahların həm uğurlu, həm də riskli tərəflərini müəyyənləşdirən əsas amillər sırasında göstərilir. Bu baxımdan statistika təkcə rəqəmlərdən ibarət deyil, eyni zamanda cəmiyyətin dəyişən ailə dəyərlərinin və sosial münasibətlərinin güzgüsüdür.
Məsələ ilə bağlı sosioloq Əhməd Rəhmanov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumiyyətlə, başqa millətlərin nümayəndələri ilə ailə qurma meyli daha çox hansı ölkələrdə müşahidə olunur? Təcrübə göstərir ki, bu hal əsasən iqtisadi sabitliyin zəif olduğu, işsizlik probleminin kəskin hiss edildiyi dövlətlərdə daha geniş yayılıb. Belə ölkələrdə insanlar öz ölkələrində layiqli iş tapa bilmədikləri üçün çıxış yolunu miqrasiya etməkdə, bəzən isə başqa millətlərlə ailə qurmaqda görürlər. Düzdür, məsələn, ABŞ kimi ölkələrdə də müxtəlif millətlər arasında ailə qurma halları mövcuddur. Lakin burada əsas fərq ondadır ki, ABŞ-yə axın edənlər məhz başqa ölkələrdən gedənlərdir. Yəni, ABŞ-dən kütləvi şəkildə başqa ölkələrə üz tutan insanları demək olar ki, görmürük. Bu da onunla bağlıdır ki, ABŞ əvvəldən formalaşmış “yığma cəmiyyət”, müxtəlif xalqların bir araya gəldiyi bir dövlətdir.Bizim kimi ölkələr isə uzun illər qapalı cəmiyyət şəraitində inkişaf edib. Təxminən yetmiş il Sovet hakimiyyəti dövrü və ondan sonrakı mərhələlərdə cəmiyyətimiz əsasən xarici təsirlərə qapalı şəkildə formalaşıb. Məhz bu səbəbdən də bu cür sosial və mədəni yeniliklər bizdə daha gec və bəzən də daha kəskin şəkildə qəbul olunur".
Sosioloq, həmçinin Azərbaycan kimi ölkələrdə müşahidə olunur ki, əsasən qadınların sayı kişilərdən çoxdur və bu səbəbdən kişilər bəzən xarici ölkələrdən həyat yoldaşı seçdiklərini vurğulayıb: "Bu halın səbəbi qadınların xoşbəxtlik arzusu ilə yaşaması və ümid etməsidir ki, başqa bir ölkədə həyatlarını qurmaqla müəyyən dərəcədə öz problemlərindən uzaqlaşacaqlar. Statistikaya nəzər salsaq, əcəmilərlə ailə quranların təxminən yetmiş faizi ölkəni tərk edir; Azərbaycanda isə çox az hallarda belə ailələr yerində qalır. Əlbəttə, bu vəziyyətin əsas səbəbi iqtisadi amillərlə bağlıdır. Uzun müddət davam edən müharibələr nəticəsində ölkəmizdə müəyyən yaş həddində olan, yəni bu gün sağlam ailə qurmaq yaşında olan gənclərimiz itirilmişdir. Bu da ailə qurma prosesinə öz təsirini göstərir. Belə ki, bəzi xanımlar öz yaşıdları ilə ailə qurmaq imkanına malik olmadıqda, başqa seçimlərə üz tuturlar. Eyni zamanda, iqtisadi çətinliklər və sosial təminatın yetərsizliyi, həmçinin işsizlik və qanunların real həyata tam uyğun olmaması bu meyli gücləndirir. Əgər bu vəziyyət davam edərsə, xarici ölkələrdən şəxslərlə nikahların sayı getdikcə artacaq. Qeyd etmək lazımdır ki, buradakı nikahların statistikası yalnız ölkə daxilində aparılır; xaricə gedən şəxslərin nikahlarının davam edib-etmədiyi isə rəsmi olaraq qeydə alınmır. Buna görə də nikahların sayı real olaraq daha çox ola bilər. Təəssüf ki, vəziyyətin gedişi göstərir ki, bu meyl yaxın gələcəkdə daha da artacaq".
Elmir Heydərli
11:10 15.01.2026
Oxunuş sayı: 2015