Bu gün akademik Zahid Xəlilovun anadan olmasının ildönümüdür
Bəzən bir ünvan təkcə coğrafi məkan deyil, tarixin və yaddaşın daşıyıcısına çevrilir. Bakıda akademik Zahid İsmayıl oğlu Xəlilovun adını daşıyan küçə də məhz belə ünvanlardandır.Qeyd edək ki, Crossmedia.az saytının ofisi də məhz bu küçədə yerləşir. Bir tərəfdə Azərbaycan elminin sütunlarından biri olan Zahid Xəlilovun adı, digər tərəfdə isə informasiya cəmiyyətində sözün və xəbərin gücünü daşıyan media portalı... Bu baxımdan Zahid Xəlilovun irsi təkcə akademik çərçivədə deyil, bu gün də ictimai yaddaşda yaşayır.
Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə qədim Borçalı mahalında Saraçlı kəndində anadan olub. Qarapapaq (tərəkəmə) türk ailəsində dünyaya göz açan Zahid Xəlilov erkən yaşlarından elmə maraq göstərib. İlk təhsilini Tiflisdə alan gələcək akademik orta məktəbi və Borçalı Türk Pedaqoji Texnikumunu bitirib.
1929-cu ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə qəbul olunması onun həyatında yeni mərhələnin başlanğıcı olub. Universitetin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirən Zahid Xəlilov 1932-ci ildə ali təhsilini başa vurub. Elmi axtarışlarını isə Tiflisdə– Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda dosent kimi çalışdığı illərdə də davam etdirib.
1937-ci ildə Zahid Xəlilov Tbilisidə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub. Onun elmi rəhbərləri dövrün ən nüfuzlu alimlərindən olan professor Stefan Berqman və akademik Nikolay Musxelişvili olub. 1940-cı ildə “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən alim Qafqaz türkləri arasında ikinci fizika-riyaziyyat elmləri namizədi kimi tarixə düşüb.
Elə həmin il Zahid Xəlilov Bakıya – Azərbaycan Dövlət Universitetinə dəvət olunub. Bu dəvət onun həyat yolunu birdəfəlik Azərbaycan elmi ilə bağlayıb. 1942-ci ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında çalışmağa başlayan alim, qısa müddətdə riyaziyyat və nəzəri fizika sahələrində yeni elmi istiqamətlərin formalaşmasına nail olub.
Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru
1946-cı ildə Zahid Xəlilov Tbilisidə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olub. Bu hadisə Azərbaycan elmi tarixində dönüş nöqtəsi hesab olunur. 1950-ci illərdən etibarən onun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi ilə yanaşı ABŞ-də də nəşr olunmağa başlayıb. Zahid Xəlilov funksional analiz sahəsində SSRİ miqyasında tanınan ideoloqlardan biri kimi qəbul edilib. 1949-cu ildə nəşr olunan “Funksional analizin əsasları” kitabı isə SSRİ-də bu sahə üzrə ilk dərslik və monoqrafiya kimi elmi dövriyyəyə daxil olub.
Elmi məktəb və dünya miqyasında tanınma
Zahid Xəlilov Azərbaycanda funksional analiz məktəbinin banisi sayılır. Onun tərəfindən yaradılan abstrakt sinqulyar operatorlar nəzəriyyəsi dünya elmi ədəbiyyatında “Zahid Xəlilov nəzəriyyəsi” kimi tanınır. Banax fəzalarında operatorların spektrinin tədqiqi, diferensial və inteqral tənliklərin həlli, neft və qaz yataqlarının işlənməsində tətbiq olunan riyazi modellər onun əsas elmi nailiyyətləri sırasındadır.
1959-cu ildə funksional analiz üzrə Ümumittifaq Konfransının Bakıda keçirilməsi də təsadüfi olmayıb. Bu, Zahid Xəlilovun rəhbərlik etdiyi elmi məktəbin artıq nüfuzlu mərkəzə çevrildiyini göstərirdi. 1966-cı ildə Moskvada keçirilən Ümumdünya riyaziyyatçılar konqresində etdiyi məruzə isə onun beynəlxalq elmi mövqeyini daha da möhkəmləndirib.
Akademik Zahid Xəlilov yalnız alim deyil, eyni zamanda güclü elmi təşkilatçı olub. 1950-ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilib, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1957–1959-cu illərdə vitse-prezident, 1962–1967-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib.
Onun rəhbərliyi ilə 30-dan çox elmlər namizədi və elmlər doktoru yetişdirilib. Zahid Xəlilov Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti, SSRİ Riyaziyyat və Mexanika Komitələrinin üzvü olub.
Zahid Xəlilov riyaziyyatı yalnız akademik auditoriyalarla məhdudlaşdırmayıb. “İnsanlar indiki riyaziyyata necə gəlib çatmışlar”, “Dairənin kvadraturası” kimi əsərləri elmin kütlələrə çatdırılması baxımından mühüm rol oynayıb. O, həmçinin Azərbaycan dilində ilk riyaziyyat lüğətinin yaradılmasının təşəbbüskarı olub, Nəsrəddin Tusi irsinin tədqiqinə dair ilk sistemli məqalələrin müəllifidir.
Akademik Zahid İsmayıl oğlu Xəlilov 4 fevral 1974-cü ildə Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bu gün onun adını daşıyan universitet küçəsi , məktəb və digər müəssisələr Azərbaycan elminin yaddaş xəritəsində mühüm yer tutur.
Zahid Xəlilovun irsi – qurduğu məktəblərdə, yetişdirdiyi alimlərdə və adını daşıyan ünvanlarda Azərbaycan elminin canlı tarixidir.
Fatimə Məmmədova
08:54 14.01.2026
Oxunuş sayı: 1747