Unuduruq, unuduluruq...
Bir az əvvəl "Watsap"da illər əvvəl yaradılmış qruplara baxırdım. Bir çoxunda tək-tük adam qalıb, əksəriyyət qrupdan çıxıb. Qrupların özləri isə çoxdandır səssizdir: nə yazan var, nə axtaran.
Qrupları tərk edən nömrələrə baxıram- bəzi üzvlərlə çoxdandır ünsiyyətim yoxdur, bəzi nömrələri isə unutmuşam. Yəqin ki, onlar da məni yaddan çıxarıblar.
Ürəyimdən keçir ki, mesaj yazım, uzun müddət danışdığımız və çoxdandır əlaqəmizin olmadığı insanların necə olduqlarını, nə etdiklərini soruşum. Görəsən nə deyərlər? Cavab yazarlar, ya mesajı görməzdən gələrlər? Bəlkə də, bəziləri çoxdan nömrələrini dəyişiblər.
Bu ovqatla digər sosial şəbəkələrə- "Feysbuk"a, "İnstagram"a baxıram. Orada da oxşar vəziyyətdir. Haçansa paylaşımlarıma ilk rəy yazanlar artıq izləmədən çıxarıblar. Əlbəttə, bu, o qədər də böyüdüləsi məsələ deyil. Amma istər- istəməz düşünməli olursan: niyə belə olur ki? Əslində cavab elə də qəliz deyil.
Məsələ burasındadır ki, həyatımızdakı kimsə ömürlük deyil. İnsanlar həyatımıza daxil olurlar, ona görə ki, həmin anda bir- birimizə ehtiyacımız olur. Mütəfəkkirlərin dediyi kimi, qarşı tərəf üçün missiyamızı yerinə yetirik. Sonra bir- birimizin həyatından çıxırıq. Bəzən sağollaşmadan, xəbərsiz...Çünki artıq bir - birimizə lazım olmuruq. Missiyamız başa çatır.
Bəzi insanlar biz az gec gedirlər. Bizi unutmayacaqlarını, daim xatırlayacaqlarını filan deyirlər. Əvvəl həftədə, sonra ayda bir dəfə zəng edirlər. Bir az keçir, belə zənglər, mesajlar ancaq bayramdan- bayrama olur. Amma əksər hallarda bu da bir müddətdən sonra dayanır...
Bütün bunlar baş verərkən hər birimizin həyatına yeni insanlar daxil olur. Bir salamla başlayır və davam edir. Tanış oluruq, dostlaşırıq, öyrəşirik. Sonra günün birində baxırıq ki, nə mesaj çatır, nə zəng. Həyat beləcə davam edir...
18:50 10.01.2026
Oxunuş sayı: 5365