Falçılar və cadular: Gələcəyinizi satan "ümid tacirləri" – Mütəxəssislər xəbərdarlıq edir
Hazırda insanlar müxtəlif fövqəlbəşəri və mistik hallara inanırlar. Bunlardan biri də ritual, fal və cadudur. Hətta bəzən ali məktəb əməkdaşları və müəllimləri belə falçılıq və cadu-piti ilə məşğul olurlar. Bununla da psixoloji olaraq ətrafını təzyiq altında saxlamağa çalışır.
Sosial şəbəkələrdə “ritual” adı altında 5, 10, 15 manat əldə etməyə çalışan şəxslərə rast gəlinir. Belə ki, onlar insanlara gələcəkdə uğur qazanmaq üçün yalandan vədlər verir, "işlər" görür, şamlar yandırırlar.
Bundan əlavə, falçılar da çox aktiv fəaliyyət göstərir — hətta evlərində növbələr də düzülür. Onlar sanki şəxsin taleyini bilirmiş kimi danışır, gələcəyini əvvəldən görmüş kimi təqdim edirlər. Cadugərlər isə problemləri həll etmiş kimi davranaraq insanları aldatmağa çalışırlar.
Belə hallardan biri ötən günlərdə baş verib. Falçının yanına gedənlər bildiriblər ki, qadın gələcək həyatı ilə bağlı proqnozlar verir və bunun qarşılığında pul alır. Qapının önündə isə həftənin müəyyən günləri kişilər, digər günlər isə qadınlar növbə ilə dayanır.
Ekspertlər hesab edirlər ki, bu cür hallar son zamanlar sürətlə artmaqdadır. İnsanların gələcək barədə ümid və qorxu içində olmaları, bu bazarın inkişafı üçün münbit şərait yaradır. Sosial şəbəkələrdə də eyni tendensiya müşahidə olunur — müxtəlif “enerji açma”, “tilsim” və “baxıcılıq” xidmətləri reklam olunur və insanlar bu cür xidmətlərə asanlıqla inanır.
Bu barədə Crossmedia.az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, falçılıq, kahinlik və buna yaxın olan bu cür batil inanclar bu əsrin məhsulu deyil: "Əsrlər bundan öncə - insanlıq cəmiyyəti qurulandan bəri belə yanlış yolları seçən cəmiyyətlər olub. Ancaq məsələ budur ki, hansı cəmiyyətdə ki, elm, irfan, məna, mənəviyyat zəif inkişaf edib, orada falçılıq həmişə ayaq tutub-yeriyib. Yəni falçılığın mühiti cəhalətdir. Cəhalət olan cəmiyyətlərdə falçılıq daha çox inkişaf edib, tərəqqi edib, insanları daha çox aldatmaq olub. Bu işin birinci tərəfidir. Məsələnin digər tərəfi isə budur ki, biz 21-ci əsrdə yaşayırıq. Bu atom əsrində, texnologiya əsrində yaşamağımıza rəğmən, hələ də bu əsrin insanları bu əsrin idrakına uyğun olmayan işlərlə məşğul olurlar".

İlahiyyatçı məsələnin qəribə tərəfi olaraq vurğulayıb ki, bir qrup insanlar toplu şəkildə cadugərlərin evlərinin qarşısında növbəyə düzülürlər və bəzən aralarında məşhurları seçib, onlardan istifadə edirlər: "Dinimiz cəhalətə qarşı savaş edib. Çünki İslam dininin ilk əmri oxu ilə başlayıb. Allahın ilk əmri oxudur. "Oxu, idrak et, yaşadığın dünyanı, içində var olduğun kainatı tanı, bu kainatın sahibi olan Allahı tanı". Yəni insan nə qədər çox tanıyırsa, dərinləşirsə, maariflənirsə, öyrənirsə, o qədər də cadugarlıqdan, sehirbazlıqdan və eyni zamanda nadanlıqdan, cəhalətdən uzaq olur. Və bütün bunlara görə də insan əslində məsuliyyət daşıyır. Çünki insan yer üzünün xəlifəsi olaraq yaradılıb.
Allah bu sənət əsərini yaratmıyb ki, insan gedib bu batıqlıqlarda həyatını batırsın, məhv etsin.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s) bir hədisdə vurğulayır ki, hər kim bir kahinin və yaxud da bir falçının, bilicinin, özünü bilən kimi göstərənin, qeybi bildiyini iddia edənin qapısına gedərsə, səmadan bunu inkar etmiş olur.
Yəni kahinin, cadugərin qapısını döymək və onun dediklərinə inanmaq, təsdiqləmək imanı bu qədər təhlükəyə atan qorxunc bir hərəkətdir. Odur ki, günümüzdə medianın əli ilə, sosial şəbəkələrin vasitəsi ilə və digər, televizorundan radiosuna qədər cəmiyyəti daha çox maarifləndirməyə çalışmalıyıq ki, bizim yeniyetmələrimiz, gənc nəsilimiz bu ümid tacirlərinin ticarət alətinə çıxmasınlar. Onlar oyansınlar, ayılsınlar, bilsinlər ki, Allah hər kəsə bir taleh yazıb. İnsanın taleyi insanlara məlum deyil. Allah insanın talehini qeybdə yaratmışdır. Bu qeyb dəftərini də hər kəsə açıb göstərmək üçün eləməyib; bu, məxfi saxlanır, izin verməyib ki, məsələn, kiminsə həyatına girsin, onun həyatını, şifrələrini oxusun , o insanın varlığına, taleyinə müdaxilə etsin. Yəni, belə bir imkan yoxdur".
İlahiyyatçı son olaraq vurğulayıb ki, falçılığın, bu işlə məşğul olan ekstrasenslərin, özünü bilgilə göstərən hər kim varsa bu zümrədən, bunlar insanları birbaşa və ya dolayısı ilə aldadır, onların sərvətinə əl qoyur, alın tərinə, onların zəka tərinə, əl qabarına hörmət göstərmirlər. Onun sözlərinə görə , bu sahədə marifləndirmə daha genişləndirilməli, insanlar daha çox bilgiləndirilməlidirlər ki, onların bu sektoruna yeni-yeni qurbanlar gəlməsinlər.
Bu barədə geniş açıqlama verən sosioloq Hüseyn İbrahimov isə belə seçimlərin sosioloji tərəfini, nədən qaynaqlandığına dair məlumat verib: "Hər bir cəmiyyətdə müasir dəyərlərə bağlı ənənəvi dəyərlər də var. Bu ənənəvi dəyərlərin müasirləşmə fonunda bir çoxu həm də möhkəmlənir. Çünki onlar sosial qrupların, təbəqələrin milli ənənələrinə söykənməsi kimi göstəriciləri özündə əks etdirir. Ancaq bir sıra "dəyər" həyat tərzinin bir forması olaraq insanlar tərəfindən təkrarlanır və ənənəyə çevrilir. Bunlardan biri də falçılıq və cadu kimi hallara insanların meyilliliyi məsələsidir. Yaxın və Orta Şərqdə qədim dövrlərdən cəmiyyətlərdə sosial qruplar - müəyyən şamanlar, sonrakı dövrlərdə isə digər dinlərin təsiri nəticəsində bu istiqamətdə öz təsirlərini qoymağa başlayıblar. Hazırkı dövrdə bütün cəmiyyətlər, hətta inkişaf etmiş dövlətlərdə belə keçid dövrü yaşanır. Bu nədir? Bu, psixoloji baxımdan yeni və köhnə nəsil arasındakı münasibətlər, yeniləşməklə informasiya asılılığının artması – bütün bunların hamısı insanların müxtəlif zümrələrdə, əhval-ruhiyyəsində bir keçid prosesini yazmağa başlamışdır. Artıq kommunikasiya məsələlərinin çox geniş yayılması insanların müəyyən məsələləri sosial media üzərindən həyata keçirməsinə səbəb olur".

Sosioloq qeyd edib ki, cadu-piti kimi məsələlərlə rastlaşan insanların bir-birinə bu məlumatı ötürmə imkanları indiki dövrdə çox artıb: "Bütün bu hallar sovet dövründə xeyli az idi. Ancaq son zamanlar bu kimi hallara insanların bir qədər meyilliliyi artıb. Bu, təəssüf doğuran hallardandır. İlk növbədə insanların həyat tərzində və münasibətlərində – istər ailə, istər evlilik, fərdi inkişaf, kariyera sahəsində rastlaşdıqları problemlərin silsiləsi dünyada artıb. Bəzi insanlar çox zaman kitabları mütaliə edir, dostlarla vaxt keçirir. Bəzi insanlar isə cadu və fal ilə bağlı müraciət edirlər. Bu müraciətlərin statistikası çətindir, çünki bu işlə məşğul olanlar qeyri-leqal fəaliyyət göstərir. Onlar sanki qrup şəklində fəaliyyət göstərirlər. İnsanların bu cür məsələlərə meyil etməsi onların sosial münasibətlərdə rastlaşdıqları istəklərin və seçimlərin çox olması ilə əlaqədardır. İnsanlar seçim çox olduqda dilemma qarşısında qalırlar. Bu yalnız peşə, ailə qurmaq və ya karyera məsələsi deyil, istər qohumlararası münasibətlərdə, istər fərdlərarası münasibətlərdə insanlar rastlaşdığı problemlərin həllində etimadını azaldan faktorlarla üzləşirlər. Bu həm də onunla əlaqədardır ki, insanlar arasında getdikcə yeni münasibətlər sistemi yaranır. Burada bəzən bir-birinə inamsızlıq, etimadın azalması və müxtəlif dəyərlərə münasibətlərdə belə amillərin rolunun azalması nəticəsində insanlar öz problemlərini həll etmək üçün yolunu bu şəkildə axtarırlar. Bəzən insanlar cəmiyyətdə problemlərin həlli üçün doğru yerə müraciət edirlər. Digərləri isə özləri onu həll etməyə meyilli olurlar. Bunun üçün cəmiyyətdə insanların şüurlu surətdə öz problemlərini həll etməsini təmin edən sistemlər – Qərb ölkələrinin bir çoxunda mesenatların rolu, ailələrə məsləhət xarakterli fikirlər verən qurumlar mövcud olub. Amma yenə də insanların müxtəlif fala və caduya inancı qalıb".
Sosioloq bunun aradan qaldırılması üçün ilk növbədə vətəndaş cəmiyyətinin rolunu gücləndirməyin lazımlı olduğun vurğulayıb: "İnsanlar problemlərini (ailədaxili, fərdi) həll etmək üçün asan və əlçatan, onlara faydalı məsləhətlər verə biləcək psixoloqların köməyindən istifadə etmək əvəzinə hansısa bir falçının yanına "qaçırlar". Falçı və ya cadugər onların etimadını qazanaraq tez bir zamanda sosial mediada məşhur "falçı" kimi görünür. Bununla da müraciət sayı təəssüf ki, artır. İnsanların bu kimi xidmətlərə müraciət etməsi sosial münasibətlər və qruplararası etimad dərəcəsi baxımından demək olar ki, mənfi vəziyyətləri göstərir. Maariflənən dünyamızda insanların belə məsələlərə müraciəti həm də bir-birlərinə qarşı olan münasibətlərində, üzləşdikləri problemlərin həlli üçün mövcud təsisatlara etimadın azalması ilə bağlı baş verir.
Məsələn, hazırda uşaqlarda depressiyaya meyillilik halları, ailələrdə boşanma halları artır. Bütün bunların həlli üçün ailələr sosial institut axtarırlar. Düzdür, belə sosial institutlar var. Ancaq bu institutların təchizatı və psixoloq fəaliyyət mərkəzlərinin sayı çox olmalıdır. Bu problemlərlə bağlı hüquqi məsləhətlərin də sayı artmalıdır. İnsanların güvən hissinin artırılması, psixoloji yardım və rastlaşdıqları problemlərə məsləhət verə biləcək dünyəvi sosial təchizatların sayının artması vacibdir. Bununla insanlar anlayarlar ki, onlara kömək edən falçılar deyil, bu qurumlar və psixoloqlardır. Məsələn, yaxınlarda pandemiya dövründən sonra bəzi uşaqlar psixoloji cəhətdən çox əziyyət çəkib. Ailələr övladları üçün tibbi müəssisələrə müraciət ediblər və müəyyən məsləhətlər alıblar. Ancaq onlara mütəmadi olaraq yardım göstərilməsi müəyyən məsrəf tələb edir. Bunun üçün də psixoloqlar çox zaman uşağı gördükdə ilkin ödəniş tələb edirlər. Bu vəziyyətlə rastlaşan valideyn hansısa falçıya müraciət edir ki, onu bu vəziyyətdən çıxarsın".
H.İbrahimov həmçinin boşanma hallarını da nümunə göstərib: "Eləcə də boşanma münasibətlərində, gənclərin yeni ailə qurduqları dönəmdə onları psixoloji vəziyyətdə saxlayan hər zaman bir institut olub. Bu gün ailə quranların çoxu fərdi yaşamaq qərarı verir. Belə olduqda bəzən valideynlər caduya müraciət edirlər".
Məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bu seçimlərin bir neçə daxili emosional–davranış mexanizminin üst-üstə düşməsi ilə izah edib: "İnsan problem və qeyri-müəyyənlik içində olanda beyin “təhlükə siqnalı” kimi bunu qəbul edir və ən sürətli yolla rahatlıq, məna və nəzarət hissi axtarır. Falçılıq isə məhz bu üç ehtiyacı çox tez “ödəyən” bir praktikadır. Qeyri-müəyyənlik (nə olacaq, necə olacaq) insanda gərginlik və daxili narahatlıq yaradır. Bu narahatlıqdan çıxmaq üçün “nəsə bilmək” və “nəsə etməklə təsir göstərə bilmək” ehtiyacı güclənir. Fal və oxşar praktikalar insana real nəzarət verməsə də, psixoloji olaraq “nəzarət illüziyası” yaradır. Sanki hadisələr proqnozlaşdırılıb, deməli idarə oluna bilər. Emosional tənzimləmə və təsəlli funksiyası da burada dövriyyyəyə girir. Belə ki, çətin anlarında insanın əsas hədəfi bəzən problemi dərhal həll etmək yox, hisslərini sakitləşdirmək olur. Fal “ümid”, “təsəlli”, “təskinlik” və “tək deyiləm” hissini aktivləşdirə bilir. Nəticədə insan emosional gərginliyi azaltmaq üçün sürətli rahatladıcı vasitə seçir".

Psixoloq, həmçinin qeyd edib ki, stress zamanı insanın “dayaq fiquru”na ehtiyacı artır: "Bəzən bu dayaq ailə, dost, din xadimi, bəzən də falçı kimi qəbul edilən “mənə yol göstərəcək biri” olur. Bu mexanizm “təhlükəsiz baza” axtarışı və yönləndirilmə ehtiyacıdır. Falçılığın inandırıcı görünməsində bir neçə tanınmış psixoloji effekt də rol oynayır. İnsan beyni təsadüfi informasiyada belə “nümunə və məna” tapmağa meyllidir. Ümumi və hamıya uyğun cümlələri insan “mənə dəqiq uyğundur” kimi qəbul edə bilir. Üstəlik, uyğun çıxan proqnozlar yadda qalır, uyğun çıxmayanlar isə tez unudulur (seçici yaddaş və təsdiqləmə qərəzi). Nəticədə “dəfələrlə düz dedi” təəssüratı insanda güclənir. Falçının verdiyi “məlumat” insanın narahatlığını həmin an azaltdığı üçün bu davranış mənfi möhkəmlənmə ilə güclənir. Beləliklə, narahatlıq azalır və insan yenidən eyni yola müraciət edir. Bəzən də proqnozların arabir “uyğun çıxması” qumar mexanizminə bənzər dəyişkən möhkəmlənmə yaradır və vərdişi daha da gücləndirir. Burada sosial-mədəni təsir də böyük rol oynayır. Cəmiyyətdə falçılıq “normal” və “adi məsləhət” kimi təqdim olunanda sosial təsdiq mexanizmi işə düşür. “Hamı gedirsə, deməli nəsə var.” Media və sosial şəbəkələr də bunu bəzən romantikləşdirərək gücləndirir. Ona görə də falçıya müraciət çox vaxt insanın “axmaq olması” ilə yox, stress altında beynin ən sürətli rahatlıq və məna axtarması ilə bağlıdır. Problem o zaman yaranır ki, bu praktika real qərarverməni əvəz edir, insanı passivləşdirir, məsuliyyəti arxaya ötürür və peşəkar, sübut əsaslı dəstəyi gecikdirir".
E.Rüstəmov bildirib ki, daha sağlam alternativ qeyri-müəyyənliklə işləmə bacarıqlarını artırmaq, emosional tənzimləmə strategiyaları öyrənmək, problem həlli addımlar atmaq və lazım gəldikdə psixoloq-psixoterapevt dəstəyi almaqdır.
Hüquqşünas Xəyalə Hənifəli danışaraq məsələni hüquqi tərəfdən izah edib: "Falçılıq, cadu, “enerji açma”, “tilsim”, “baxıcılıq” və s. adı altında insanların qorxu, ümidsizlik və psixoloji zəifliklərindən istifadə edib pul almaq hüquq baxımından sadəcə “inanclar” məsələsi deyil – bu, çox vaxt aldatma və dələduzluqdur. Falçılıq və cadu Azərbaycan hüququna görə “xidmət” sayılmır.

Reallıqda mövcud olmayan, elmi və hüquqi əsasları olmayan “mistik təsir” və “qeybi bilmək” üzərindən pul almaq hüquqi xidmət deyil. "Sənin üzərində cadu var”, “100 manat versən təmizləyərəm”, “Fal açım, taleyini dəyişək” – bunlar xidmət deyil, psixoloji manipulyasiya üzərindən qazancdır".
Hüquqşünas bu halların hansı cinayət tərkibi yaratdığını qeyd edib: "Cinayət Məcəlləsinin 178-ci maddəsi – Dələduzluq tərkibinə düşür. Dələduzluq – aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmədir. Falçıların etdiyi insanları qorxudur: “Sənin həyatın bağlanıb”, ümid verir: “Mən açaram”. Qarşılığında pul alır və bu klassik dələduzluqdur. "Amma adam özü inanıb pul verib” deyə məsuliyyət düşmürmü? Xeyr, düşür.
Hüquq zəif vəziyyətdə olan şəxsin aldadılmasını ayrıca qoruyur. İnsan qorxu, xəstəlik, ailə problemi, ölüm, boşanma kimi mövzularda psixoloji təsir altındadırsa, onun razılığı hüquqi cəhətdən etibarlı sayılmır".
X. Hənifəlinin sözlərinə görə, falçının istifadə etdiyi qorxu + ümid = psixoloji məcburiyyət cinayət yaradır: "Polisə şikayət edərək dələduzluq maddəsi ilə cinayət işi açıla bilər. Pul köçürülüb, WhatsApp yazışmaları var, səs yazıları, elanlar mövcuddur. Bütün bunlar sübutdur. Həmçinin, prokurorluğa müraciət etmək olar: Kütləvi şəkildə insanları aldadırsa, sosial şəbəkələrdə “cadu təmizləmə” reklamı verirsə, bu artıq sistemli dələduzluqdur. Vergi xidmətinə və İqtisadiyyat Nazirliyi xəttinə müraciət etmək olar: bu şəxslər qeyri-qanuni gəlir əldə edir, vergi ödəmirlərsə, bu ayrıca məsuliyyətdir.
Qeyd etmək lazımdır ki, sosial mediada “falçılıq reklamı” qanuni deyil.
İnsanların sağlamlığı, taleyi, ailəsi, psixoloji durumu üzərindən pul qazanmaq istehlakçının aldadılmasıdır və reklam qanunvericiliyinə ziddir".
Hüquqşünas qeyd edib ki, bu hallar yaşanmasın deyə hər bir insan öz dəyərini, öz həyatını tutacağı doğru yolun, düzgün addımın arxasında axtarmalıdır, hansısa fırıldaqçı dələduzların manipulyasiyasında yox.
Fatimə Məmmədova
12:07 10.01.2026
Oxunuş sayı: 10253