Adambaşına maliyyələşmə peşə təhsilində keyfiyyət artımına xidmət edəcək – Ekspert
Azərbaycanda təhsil sahəsində aparılan islahatlar insan kapitalının inkişafına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönəlib. Xüsusilə peşə təhsilinin gücləndirilməsi və maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. 2026-cı ildə uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi üçün 30,7 milyon manat vəsaitin ayrılması təhsilin keyfiyyətinin artırılmasına və daha geniş təhsilalan kütləsinin əhatə olunmasına xidmət edir. Bununla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində yüzlərlə gəncin xaricdə təhsil imkanlarının maliyyələşdirilməsi dövlətin təhsilə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirir.
Bu barədə Crossmedia.az-a danışan Gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, 2026-cı ildə Azərbaycanda peşə təhsil müəssisələrinin mərhələli şəkildə adambaşına maliyyələşmə sisteminə keçməsi təhsil ekosistemində köklü dəyişikliklərə yol açacaq və bu sahədə inkişafı sürətləndirəcək: “30,7 milyon manat vəsaitin ayrılması bu keçidin maliyyə dayanıqlığını təmin etdiyini göstərir. Həmçinin bu, keyfiyyət və əmək bazarı ilə uyğunluq baxımından öz strateji üstünlüklərini göstərə biləcək. İlk növbədə adambaşına maliyyələşməyə keçidin peşə təhsilinin keyfiyyətinə təsirindən danışmaq lazımdır. Bu, ümumiyyətlə, müəssisələr arasında rəqabətin formalaşmasına gətirib çıxaracaq. Çünki dövlətin ayırdığı vəsait müəssisənin nə qədər çox tələbə cəlb etməsindən asılı olacaq və nəticədə daha çox büdcə əldə etməsinə imkan verəcək”.
Onun sözlərinə görə, bu sistem peşə təhsil məktəblərinə daha yaxşı ixtisaslar və müəllim heyəti formalaşdırmağa, eyni zamanda müasir infrastrukturu qurmağa şərait yaradacaq: “Laboratoriyalar və digər tədris mühitləri yaradılacaq. Ümumilikdə tələbə oxuduğu müddətdə həm peşəkar biliklərə, həm də zəruri səriştələrə yiyələnə biləcək. Digər tərəfdən, daha keyfiyyətli təhsil və tədris proqramları əldə ediləcək. Yəni bu sistemdə vəsait tələbəni izləyir. Adambaşına maliyyələşmə mexanizmi resursların effektiv idarə edilməsinə imkan yaradır və eyni zamanda maliyyə müstəqilliyini də şərtləndirir. Burada ayrılan vəsait təkcə infrastrukturun saxlanmasına deyil, bütövlükdə innovativ texnologiyaların tətbiqinə, tələbə inkişafına və tədris materiallarının yenilənməsinə yönəldiləcək”.
İ.Orucov vurğulayıb ki, büdcə artımı müəllimlərin əməkhaqqı məsələsində differensiallaşmanı və peşəkar inkişafa daha çox yer ayrılmasını sürətləndirəcək: “Təbii ki, bunun əmək bazarına uyğun kadr hazırlığına da təsiri olacaq. Bu mexanizm əmək bazarında tələbat olmayan ixtisasların saxlanılmasında marağı azaldacaq. Müəssisələr gələcəkdə məzunların iş tapma ehtimalı yüksək olan ixtisaslar üzrə kadr hazırlığına üstünlük verəcəklər. Bu, diplom naminə oxumaq deyil, əmək bazarının tələbləri naminə oxumağı formalaşdıracaq. Bu sistem peşə təhsil müəssisələri ilə özəl sektor arasında sinerjinin qurulması baxımından da faydalıdır. Kadr hazırlığının keyfiyyətini artırmaq üçün peşə məktəbləri işəgötürənlərlə sıx əməkdaşlıq etməlidirlər. Burada dual təhsil modelləri – həm məktəbdə, həm də konkret iş yerində təhsil modeli formalaşacaq. Ayrılmış 30,7 milyon manat vəsait müasir, yüksək texnoloji peşələrə marağı da artıracaq. Buraya rəqəmsallaşma, bərpa olunan enerji və müasir aqrar sahəyə aid ixtisaslar daxildir. Bu ixtisaslar üçün müvafiq avadanlıqlar tələb olunur”.
Eskpert bildirib ki, ümumilikdə adambaşına maliyyələşmə mexanizminə keçid peşə təhsilini ixtisaslı kadrlarla təmin edən bir investisiya mərkəzinə çevirmək istiqamətində böyük təkan olacaq: “Bu isə birbaşa ölkədə işsizliyin azalmasına, yerli istehsalın rəqabət qabiliyyətinin artmasına və məzunların əmək bazarının tələblərinə cavab verən mütəxəssislər kimi formalaşmasına gətirib çıxaracaq”.
Mehriban Yariyeva
13:36 08.01.2026
Oxunuş sayı: 1704