QHT-lərin bələdiyyə seçkilərində fəallığı nə dərəcədə önəmlidir?
2025-ci il yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər ölkədə demokratik proseslərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyri-hökumət təşkilatlarının (QHT) bu prosesdə fəal iştirakı diqqət çəkir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Crossmedia.az-a verdiyi açıqlamada qeyri-hökumət təşkilatlarının (QHT) bələdiyyə seçkilərindəki rolunun vacibliyini vurğulayıb. O, QHT-lərin həm seçici fəallığının artırılmasında, həm də seçkilərdə namizəd və müşahidəçi kimi iştirakında mühüm töhfə verə biləcəyini qeyd edib.
Yanvarın 29-da keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri ilə bağlı danışan Ramil İskəndərli bildirib ki, QHT-lər maarifləndirmə işləri apararaq vətəndaşların seçki hüquqlarından daha aktiv istifadə etməsinə dəstək ola bilər. O qeyd edib ki, seçkilərdə yalnız seçici kimi iştirak deyil, həm də namizədlik irəli sürmək hüququndan istifadə etmək vacibdir:
"QHT-lər cəmiyyətin müxtəlif təbəqələri ilə işləyən qurumlar olaraq yerli məsələlərdə kifayət qədər məlumatlıdırlar. Bu səbəbdən onların bələdiyyə seçkilərində fəal iştirakını vacib hesab edirik. Bu fəallıq həm namizədlik, həm də müşahidəçilik fəaliyyətlərini əhatə etməlidir."
Ramil İskəndərli həmçinin QHT-lərin seçkilərin şəffaflığını təmin etmək üçün müşahidəçi kimi iştirak etmə ənənəsinin davam etdirilməsini zəruri sayır. O, əvvəlki seçkilərdə müşahidəçi qismində iştirak edən QHT-lərin bələdiyyə seçkilərində də eyni fəallıq göstərəcəyinə ümid etdiyini bildirib.
Lakin İskəndərli bələdiyyə seçkiləri ilə bağlı müzakirələrin hələ geniş miqyasda aparılmadığını qeyd edib: "COP 29 sammiti yeni başa çatıb və QHT-lər bu prosesdə fəal iştirak ediblər. Bələdiyyə seçkiləri ilə bağlı konkret təşəbbüslər və müzakirələr isə yaxın gələcəkdə daha intensiv olacaq."
Sonda Ramil İskəndərli vurğulayıb ki, QHT-lər bələdiyyə seçkilərində həm hüquqi təminatın, həm də demokratik proseslərin inkişafında əsas oyunçulardan biri olaraq mühüm rol oynaya bilər.
Nihat Tahirov
11:16 29.11.2024
Oxunuş sayı: 10008