Pakistanın müdafiə naziri: Netanyahu tarixin ən nifrət olunan cinayətkarıdır
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid edərək onu “tarixin ən nifrət olunan cinayətkarı” adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, Netanyahunun İran İslam Respublikasının dinc nüvə proqramı ilə bağlı səsləndirdiyi iddialar İsrailin İrana qarşı təcavüzkar siyasətinə haqq qazandırmaq məqsədi daşıyır.
Asif bu fikirləri İslamabadda “Geo” telekanalına verdiyi müsahibədə səsləndirib. O, eyni zamanda ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı sərt və təhdidedici mövqeyini də kəskin tənqid edib.
Pakistanın müdafiə naziri vurğulayıb ki, ABŞ-nin Pakistanın qonşusu olan İrana qarşı istənilən aqressiv yanaşması İslamabad üçün də ciddi problemlər və çağırışlar yarada bilər.
Xavaca Məhəmməd Asif Donald Trampa müraciət edərək qeyd edib ki, əgər ABŞ prezidenti həqiqətən bəşəriyyətin taleyi ilə səmimi şəkildə maraqlanırsa, beynəlxalq axtarışda olan və onun sözlərinə görə tarixin ən böyük cinayətkarlarından biri sayılan Netanyahunun həbs olunaraq ABŞ məhkəmələri qarşısında cavab verməsinə şərait yaratmalıdır.
Nazir ABŞ-nin İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərdə roluna da toxunaraq bildirib ki, cinayətkarları dəstəkləyən və onların cinayətlərini asanlaşdıran şəxslərin qanun qarşısında hansı məsuliyyəti daşıdığı məsələsi gündəmə gətirilməlidir.
16:38 07.01.2026
Oxunuş sayı: 5792