Xocalıya qayıdırıq, amma qanla yazılmış xatirələr unudulmur
Xocalıya qayıdırıq. Doğma yurda dönüş başlasa da, Azərbaycan Prezidenti dəfələrlə vurğuladığı kimi, Xocalı faciəsi heç vaxt unudulmamalıdır. Bu tarix yalnız bir günün deyil, bütöv bir xalqın yaddaşıdır. Biz də bu faciənin dəhşətlərini öz gözləri ilə görmüş, ölümün və həyatın arasında qalmış Xocalı sakini, tibb bacısı Səadət Zeynalovanın yaşadıqlarını təqdim edirik. Onun xatirələri Xocalının ağrısını, insanlıq əleyhinə törədilmiş cinayətin miqyasını bir daha xatırladır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsinin canlı şahidlərindən biri olan Səadət Zeynalova həmin dəhşətli gecəni, yaşadığı ağrıları və itkiləri illər keçsə də unutmayıb. Tibb bacısı olan Səadət Zeynalova faciə gecəsi də son ana qədər peşə borcunu yerinə yetirib. O, yaşadıqlarını göz yaşları içində xatırlayır.
– Səadət xanım, əvvəlcə özünüz haqqında qısa məlumat verməyinizi istərdik.
– Mən Zeynalova Səadət Tofiq qızıyam. 1968-ci il 31 iyul tarixində Xocalı şəhərində anadan olmuşam və orada böyümüşəm. 1985-ci ildə Bakı şəhəri 2 nömrəli Tibb Kollecinə daxil oldum. Kolleci bitirdikdən sonra doğma Xocalıma qayıdaraq tibb bacısı kimi çalışdım.
– Xocalı faciəsinin baş verdiyi gecəni necə xatırlayırsınız?
– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyatımın ən ağır gecəsi oldu. Həmin gecə rusca danışan silahlı şəxslər kəndə daxil oldular. Biz padvalda gizlənmişdik. Hamımız ümid edirdik ki, Xocalının yolu açılacaq, kömək gələcək və şəhərimizi müdafiə edəcəyik.
Bizə dedilər ki, buraya ruslar və 366-cı alay gəlib. Qardaşım Qədirlə birlikdə padvaldan çıxdıq. Bir gün əvvəl Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev yaralanmışdı. Mən onun və Cabbar adlı bir gəncin yaralarını sardım. O an qorxudan çox peşə borcumu düşünürdüm.
– Daha sonra Xocalı əhalisi hansı vəziyyətdə şəhəri tərk etdi?
– Həmin gecə Xocalı əhalisi ilə birlikdə Qarqar çayını keçərək dağlara üz tutduq. Çox güclü qar yağırdı, dumanlı və çiskinli hava idi. Yolumuzu itirmişdik. Təxminən 280 nəfər idik, lakin onların çox az hissəsi sağ qala bildi.
Şuşa istiqamətinə çıxmağa çalışdıq, sonradan səhv yolda olduğumuzu anladıq. Günlərlə meşələrdə ac-susuz qaldıq. Ocaq qalaya bilmirdik, çünki tüstü bizi ələ verə bilərdi. Yorğunluqdan harada otururduqsa, yuxuya gedirdik.
– O günlərdə sizi ən çox sarsıdan nə oldu?
– Ermənilərin bizi izlədiyini sonradan bildik. Arxada qalanları gizlicə tuturdular. Bəzən dağın başından Azərbaycan dilində səslənib köməyə gəldiklərini deyərək insanları aldadırdılar.
Daşbulaqdan olan 18 yaşlı bir qız yadımdadır. Üzü donmuşdu, ayaqları qarın üzərində yalın idi. Sonradan dedi ki, çayı keçərkən ayaqqabılarını çıxarıb. O tək deyildi. Belə talelər minlərlə idi. O qızın ayaqlarını dizindən kəsdilər.
– Ailəniz sizin sağ qaldığınızı nə zaman bildi?
Bu sualı cavablandıran müsahibimiz göz yaşlarını saxlaya bilmədi:
– Martın 2-də Ağdamın Şelli kəndinə çatdıq. Anamgil Bakıda idi. Mənim və qardaşımın adları “Səhər” qəzetində “girov düşənlər” siyahısında çıxmışdı. Bacıma zəng edəndə səsindəki ümidsizliyi hiss etdim. “Biz sağ-salamatıq” deyəndə evdə olan hər kəs sevinc içində ağlayırdı. Onlar günlərlə bizdən xəbər gözləmişdilər.
Amma itkilərimiz çox oldu. Xalam oğlunu o hala salmışdılar ki, barmaqlarını, qulağını, burnunu kəsik-kəsik etmişdilər, tanınmaz hala salmışdılar. O vəziyyətə salmışdılar ki, xalam öz oğlununmeyidini gələndə tanıya bilmədi. Yoldaşım Vaqif Şükürov Xocalıda şəhid oldu. Nəinki bəzi qohumlarımızdan, heç sümüklərindəm belə bu günə qədər xəbər yoxdur.
– Bu gün Xocalıya qayıtmaq sizin üçün nə deməkdir?
– Qardaş və bacılarım artıq Xocalıda məskunlaşıblar. Mən də tibb bacısı kimi orada çalışıram. Son ana qədər vəzifə borcumu yerinə yetirdiyimə görə medalla təltif olunmuşam. Hazırda müharibə veteranı və əliləm.
Bu gün ən böyük təsəllim odur ki, Xocalımız artıq işğaldan azaddır.
Fatimə Məmmədova
16:54 26.12.2025
Oxunuş sayı: 1445