Baş nazir yeni qaydanı təsdiq edib
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təsdiqlədiyi qərara əsasən, Prezidentin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın icrası çərçivəsində informasiya təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi ilə bağlı yeni qayda tətbiq edilir.
Qərara əsasən, dövlət orqanları və qurumları öz informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də informasiya və kibertəhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması məqsədilə risklər reyestri formalaşdırmalıdırlar. Reyestrdə risklərin mənbəyi, başvermə ehtimalı, mümkün zərər dərəcəsi və riskin qəbul edilə bilən olub-olmaması əks olunacaq.
Məlumata görə, risklər reyestrinin aparılması dövlət orqanları (qurumları) üçün məcburidir və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə həyata keçirilən nəzarətin predmetini təşkil edəcək.
Eyni zamanda, müvafiq qərarla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Təhdidlər və həllər” kataloqunun yaradılması və mütəmadi yenilənməsi, eləcə də dövlət qurumlarında formalaşdırılan risklər reyestrlərinin təsdiqlənmiş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsi tapşırılıb.
Bildirilib ki, risklər reyestri informasiya təhlükəsizliyi sahəsində risklərin obyektiv qiymətləndirilməsinə, resursların prioritetlər üzrə bölüşdürülməsinə, həmçinin mümkün informasiya təhlükəsizliyi insidentləri zamanı hüquqi məsuliyyətin qiymətləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd olunub ki, bu mexanizmin tətbiqi informasiya təhlükəsizliyinin davamlı və sistemli şəkildə idarə olunmasını təmin etməklə yanaşı, dövlət qurumlarının kibertəhdidlərə qarşı dayanıqlığını artıracaq.
15:32 26.12.2025
Oxunuş sayı: 1266