Azad edilmiş ərazilərdə yaşıl enerji və enerji səmərəliliyi üzrə İşçi Qrupunun iclası keçirilib
Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur obyektləri, həmçinin bu ərazilərdə 65 mindən artıq insan yaşadığı qeyd olunub. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda hər birinin gücü 50 MVt olan “Şəms” və “Üfüq” günəş elektrik stansiyalarının təməli qoyulduğu, “Şəfəq” GES-də isə tikinti-quruculuq işlərinin davam etdirildiyi, həmçinin Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlandığı, azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 MVt gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.
İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Günəş panelləri, kollektorlar, günəş enerjisi əsaslı LED işıqlandırma avadanlıqları, LED əsaslı işıqlandırma qurğularından, dirəklərdən, ağıllı dayanacaqlardan, tikintidə izolyasiya materiallarından istifadə üzrə göstəricilər diqqətə çatdırılıb.
11:20 25.12.2025
Oxunuş sayı: 1792