İçərişəhərin UNESCO statusunun 25 illiyi münasibətilə tədbir təşkil edilib
İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub.
Crossmedia.az bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən xəbər verir.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, memarlıq və mədəniyyət sahəsinin tanınmış şəxsləri, ictimai xadimlər və media nümayəndələri iştirak edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirdə çıxış edərək dekabrın 2-də bu unikal irs nümunəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 ili tamam olduğunu, yubileyin təkcə əlamətdar tarix deyil, eyni zamanda görülən işlərə nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək üçün mühüm fürsət olduğunu vurğulayıb. “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək hər bir ölkəyə göstərilən nadir və yüksək etimad nümunəsidir, çünki bu siyahıya müstəsna ümumbəşəri dəyərə malik mədəni irs obyektləri salınır. İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi və müxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadir şəhərsalma məkanı kimi beynəlxalq səviyyədə tanınıb”-deyə sədr bildirib.
Çıxışında Rüfət Mahmud xüsusi olaraq vurğulayıb ki, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə, onun milli-mədəni irsin qorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasəti nəticəsində mümkün olub. O, əlavə edib ki, bu gün də İçərişəhərin qorunması və inkişafı istiqamətində işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davam etdirilir.
Tədbirdə çıxış edən rəsmi qonaqlar İçərişəhərin tarixi şəhər kimi qorunması, mədəni turizm mərkəzi kimi inkişaf etdirilməsi və gələcək nəsillərə estetik görünüşünün bütöv şəkildə ötürülməsinin vacibliyi vurğulayıb. Qeyd olunub ki, İçərişəhərin qorunması yalnız ayrı-ayrı abidələrin saxlanılması deyil, həm də burada formalaşmış həyat tərzinin, ənənələrin və tarixi şəhər mühitinin davamlılığını təmin etməkdən ibarətdir.
Bakının tarixi mərkəzi olan İçərişəhər minilliklər boyu formalaşmış zəngin mədəni irsi, unikal şəhərsalma quruluşu və nadir memarlıq nümunələri ilə seçilir. Xəzər dənizi sahilində yerləşən və 22 hektar ərazini əhatə edən bu qədim yaşayış məkanı orta əsrlər Azərbaycan şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanılmış nadir nümunələrindəndir.
Məhz bu tarixi-memarlıq bütövlüyü, autentikliyi və universal dəyəri nəzərə alınaraq, İçərişəhər 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Sonda bu əlamətdar hadisənin 25 illiyi münasibətilə beynəlxalq tərəfdaşlarımız tərəfindən ünvanlanmış təbrik videoları nümayiş olunub.
Yubiley musiqili proqram ilə davan etdirilib.
18:37 19.12.2025
Oxunuş sayı: 902