Hindistanda növbəti islamofob hadisə ictimai qınağa səbəb olub
Hindistanda daha bir islamofob hadisə geniş ictimai narazılıq doğurub.Bixar ştatında keçirilən ictimai tədbir zamanı müsəlman qadın həkimin niqabı açıq şəkildə çıxarılıb.
Bu barədə Crossmedia.az SAMAA TV-nin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, hadisə Bixar ştatının paytaxtı Patnada baş verib. Həkim Nusrat Pərvin rəsmi təyinat məktubunu almaq üçün mərasimə qatılıb. İddialara görə, Bixar ştatının baş naziri Nitiş Kumar sənədin təqdimatı zamanı onun niqabını hamının gözü qarşısında çıxarıb.
Bu addım baş nazirin yüksək konstitusion statusu nəzərə alınaraq alçaldıcı və yolverilməz davranış kimi qiymətləndirilib. Hadisə müxalifət partiyaları və sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin şəkildə tənqid olunub. Tənqidçilər bunu Hindistanda artmaqda olan islamofobiyanın növbəti təzahürü kimi dəyərləndirərək, mövcud siyasi mühitdə müsəlman qadınların alçaldılmasının adi hala çevrildiyini bildiriblər.
Hindutva ideologiyasının tərəfdarları qadın geyiminə, o cümlədən hicab və niqaba məhdudiyyətlərin zorla qəbul etdirilməsində ittiham olunur. “Hindistan Milli Konqresi” partiyası insidenti “biabırçı” adlandıraraq, Nitiş Kumarın dərhal istefa verməsini tələb edib.
AIMIM partiyasının nümayəndəsi Akbar Oveysi də hadisəni pisləyərək, bu cür davranışların müsəlmanlara qarşı sistemli düşmənçiliyin göstəricisi olduğunu vurğulayıb.
Qeyd olunan hadisə Hindistanda din azadlığı, qadın hüquqları və artan dözümsüzlük mövzularında ictimai müzakirələri yenidən gücləndirib.
Mehriban İbrahimli
14:36 16.12.2025
Oxunuş sayı: 1155