Ermənistanda hakim partiyanın siyahısından iki deputat çıxarıldı
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası deputatlar Ayka Sarkisyan və Karen Saruxanyanı qarşıdan gələn parlament seçkiləri üçün tərtib olunan namizədlər siyahısına daxil etməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Hər iki siyasətçi partiya rəhbərliyində keçirilən daxili seçim mərhələsindən keçə bilməyib. Bildirilir ki, Sarkisyanın namizədliyini partiya idarə heyətinin 20 üzvündən cəmi üçü dəstəkləyib.
Ayka Sarkisyan hərbi xidmətlə bağlı səs-küy doğuran qanunvericilik təşəbbüsləri ilə tanınır. O, eyni zamanda mediada kriminal aləmin tanınmış siması Rüstəm Stepanayan (ləqəbi “Kök Rüstəm”) ilə əlaqələr kontekstində də xatırladılıb.
Gümrini təmsil edən deputat Karen Saruxanyan isə ötən il baş nazir Nikol Paşinyanın ona açıq şəkildə narkotik testindən keçməyi təklif etməsindən sonra gündəmə gəlmişdi. KİV-in yazdığına görə, testin nəticəsi müsbət olub.
Qeyd edək ki, Ermənistanda Milli Məclisə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.
Siyasət səhnəsi şahmat taxtası kimidir - fiqurlar dəyişir, gedişlər sərtləşir. Kim siyahıya düşür, kim kənarda qalır. Cavabı isə zaman verəcək.
Sevinc Yarməmmədova
14:34 16.12.2025
Oxunuş sayı: 1141