Şamaxıda “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında (RMX) “Beyin ölümü və böyrək transplantasiyası: müasir baxış” mövzusunda elmi simpozium təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Böyrək Transplantasiyası Sahəsində Mütəxəssislər Assosiasiyası (BTMA) və Şamaxı RMX-nin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Simpoziumu giriş nitqi ilə açan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri, BTMA İdarə Heyətinin üzvü, professor Fuad Sərdarlı tədbirin Şamaxıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, son illər xroniki böyrək xəstəliklərinin artdığını, böyrək transplantasiyasının isə bu xəstələr üçün ən effektiv müalicə üsullarından biri olduğunu vurğulayıb.
Şamaxı RMX-nin direktoru Natiq Əliyev çıxışında regionlarda ixtisaslaşmış tibbi xidmətlərin inkişafının səhiyyə sisteminin dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, ölkədə orqan transplantasiyası sahəsində aparılan islahatları, eləcə də Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) yaradılmasını bu sahənin inkişafında mühüm mərhələ kimi dəyərləndirib.
Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi, BTMA İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan çıxışında 2025-ci ilin fevral ayında ölkədə ilk dəfə meyitdən orqan transplantasiyası əməliyyatının icra olunduğunu xatırladaraq, bunu Azərbaycan səhiyyəsi üçün tarixi nailiyyət adlandırıb. O, orqan donorluğu sahəsində maarifləndirmənin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Simpozium çərçivəsində “Beyin ölümü” və “Xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası” mövzularında panel iclasları keçirilib. Panel sessiyalarında beyin ölümünün müasir diaqnostikası, orqan donorluğunun hüquqi əsasları, xroniki böyrək xəstəliklərinin müalicəsi və böyrək transplantasiyasının klinik aspektlərinə dair məruzələr dinlənilib.
Tədbirdə, həmçinin böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələr çıxış edərək onlara yeni həyat bəxş edən həkimlərə minnətdarlıqlarını bildiriblər.
Simpozium zamanı bir qrup həkim ölümündən sonra orqanlarını bağışlamaq üçün könüllü olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etdiklərini bəyan ediblər.
Tədbir sonda xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.
09:57 16.12.2025
Oxunuş sayı: 1893