Güneyli milli fəallar aclıq aksiyasının 46-cı günündədir
Güney Azərbaycanında milli fəallıq göstərən və insan haqları uğrunda mübarizə aparan şəxslər İran rejimi tərəfindən uzun illərdir ki, ciddi təzyiqlərlə üzləşirlər. Bu təzyiqlərə qarşı etiraz olaraq, Güneyli milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi Tehranın Evin həbsxanasında aclıq aksiyasına başlayıblar. Aksiya artıq 46-cı gündür davam edir.
Crossmedia.az xəbər verir ki, fəallar, rejim tərəfindən qanunsuz yerə həbs edilmələrinə, həbsxanada hüquqlarının pozulmasına və məruz qaldıqları fiziki və mənəvi təzyiqlərə etiraz edirlər. Onlar rejim əleyhinə fəaliyyət göstərmək, müxalif qruplara üzv olmaq və İranın daxili təhlükəsizliyini pozmaq ittihamları ilə mühakimə olunaraq, 5 il yarım və 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tahir Nəqəvi həm də vəkildir və Almaniyada yaşayan, illərlə həbsdə saxlanmış Azərbaycan vətəndaşı Fərid Səfərlini müdafiə edən vəkillərdən biridir. Onun vəkillik lisenziyası, həm bu fəaliyyəti, həm də Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarını qorumaq səyləri səbəbindən İran rejimi tərəfindən dondurulub. Bu aksiyalar, həmçinin Güney Azərbaycanda milli-mədəni hüquqların qorunmasının və hüquq müdafiəsinin əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
Sevinc Yarməmmədova
12:50 11.12.2025
Oxunuş sayı: 2841