Əmək məcəlləsinə dəyişikliklər olunur: Hüquqşünas işçilərə və işəgötürənlərə müraciət etdi
Milli Məclisdə Yeni Əmək Məcəlləsinin hazırlanması ilə bağlı genişmiqyaslı dəyişikliklər müzakirə olunur. Aparatın Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevin sözlərinə görə, hazırda Əmək Məcəlləsinə və digər qanunlara ümumilikdə 457 dəyişiklik təklif edilib ki, bunların 420-si birbaşa Məcəlləyə aiddir. Bu, son illərin ən böyük islahat paketi hesab olunur.
Yeni Əmək Məcəlləsinə edilən dəyişikliklər iş həyatında şəffaflığı və hüquqların qorunmasını gücləndirəcək. Bu islahatlar əmək münasibətlərində mövcud problemlərin həllinə yönəlib. Ümid var ki, nəticədə həm işçilər, həm də işəgötürənlər üçün daha ədalətli sistem formalaşacaq.
Proseslərin gedişi ilə bağlı hüquqşünas Daşqın Qənbərov Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, yeni dəyişikliklər əsasən işçilərin hüquqlarının qorunması və sosial təminatlarının yaxşılaşdırılmasına yönəlib: "Əslində, təklif edilən hər bir dəyişikliklə bağlı geniş danışmaq olar. Amma hesab edirəm ki, qısa, lakonik cavab versək, daha uyğun olar. Söhbət ondan ibarətdir ki, təklif edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, zaman keçdikcə beynəlxalq münasibətlər sistemində fəaliyyət göstərən beynəlxalq təşkilatlar öz fəaliyyət sferalarına uyğun olaraq müntəzəm şəkildə yeni qaydalar, standartlar müəyyənləşdirirlər. Konkret əmək qanunvericiliyi ilə bağlı bilirsinizsə, beynəlxalq səviyyədə bu sahədə münasibətlərin inkişafına əsas töhfə verən qurum Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatıdır. Beynəlxalq Əmək Təşkilatı bu günə qədər kifayət qədər geniş spektrdə sənədlər, beynəlxalq sənədlər, standartlar müəyyənləşdirib. Azərbaycan həmin Beynəlxalq Əmək Təşkilatının hazırladığı demək olar ki, bütün konvensiyaları ratifikasiya edib. Bu günə qədər Azərbaycan Beynəlxalq Əmək Təşkilatının altmışına yaxın konvensiyasını və digər beynəlxalq sənədləri ratifikasiya edib və qanunvericiliyinə implementasiya edib. Qeyd etmək olar ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı kimi tanıdığımız ixtisaslaşmış qurumun 165 nömrəli konvensiyasına görə məzmun bundan ibarətdir ki, əgər hər hansı bir işəgötürən öz müəssisəsində vakant yer yaradırsa, birinci növbədə həmin vakant yeri öz müəssisəsində çalışan yarımştat əməkdaşa təklif etməlidir, onun tam ştata keçməsinə şərait yaratmalıdır. Bu, mütərəqqi ideyadır. Təbii ki, daha yüksək, tam ştatda olan əməkdaşlar əmək haqqı ala bilirlər, nəinki yarımştatda olan işçi. İşəgötürən müəyyən mənada daha konkret olaraq fəaliyyətini tənzimləyir, çərçivəyə salır ki, ilk növbədə fəaliyyət göstərən işçinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş addımı birinci ona təklif edir. Əgər o, istəməsə, həmin vakansiyaya başqa adamı cəlb etmək olar. Və yaxud da analıq məzuniyyəti ilə bağlı qadınların hüquqlarının daha yaxşı, keyfiyyətli təmin edilməsi məqsədilə yeni bir norma təklif olunur. Bu, qadınlar üçün analıq məzuniyyəti ilə bağlı doğuşa qədər və doğuşdan sonra olan müddətin artırılmasını nəzərdə tutur. Hesab edirəm, bütün müddəalar işəgötürənlərdən daha çox işçilərin hüquq və təminatlarının daha geniş və səmərəli təminatına yönəlik müddəalardır".
Ülvi Zahidov
12:55 10.12.2025
Oxunuş sayı: 1421