Deputat: "Suriya nümayəndələri Azərbaycana gələcək və..."
Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında əldə etdiyi təcrübə artıq beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilib. Ölkəmizin öz gücü hesabına qısa müddətdə həyata keçirdiyi yenidənqurma modeli regionda yeni standart formalaşdırır. Bu fonunda Azərbaycanın Suriyaya ərazilərin bərpası ilə bağlı təcrübəsini bölüşməyə hazır olması həm humanitar, həm də strateji əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki uzunmüddətli müharibə və dağıntılarla üzləşən Suriya üçün Azərbaycanın tətbiq etdiyi yanaşmalar həm praktiki, həm də institusional baxımdan real nümunə ola bilər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: "Azərbaycan, doğrudan da, geri qaytarılmış ərazilərin bərpası məsələsində çox unikal təcrübəyə malikdir. Birincisi, bütün işlər Azərbaycanın öz vəsaiti hesabına həyata keçirilir. Digər tərəfdən, şəhərsalma və kommunikasiyaların bərpasında ən müasir yanaşmalar tətbiq olunur. Qeyd olunmalıdır ki, xarici mütəxəssislər və xarici ölkə rəsmiləri Azərbaycanın bu fəaliyyətini yüksək qiymətləndirirlər. Suriyada 10 ildən çox davam edən vətəndaş müharibəsi böyük dağıntılara səbəb olub. Hazırda müxtəlif silahlı birləşmələrin nəzarətində olan ərazilərdə genişmiqyaslı dağıntılar müşahidə olunur".
Deputat qeyd edib ki, Suriya əhalisinin əhəmiyyətli hissəsi qaçqın düşüb və geri qayıdarkən öz evlərində normal yaşayış şəraiti tapa bilmirlər: "Elə buna görə də Suriya Azərbaycan təcrübəsinə xüsusi maraq göstərir. Azərbaycan–Suriya münasibətləri əvvəlki rəhbərlik dövründə həmin rəhbərliyin Ermənistanı dəstəkləməsi səbəbindən pozulmuşdu. Yeni rəhbərlik isə Azərbaycanla münasibətlərin bərpasında maraqlıdır. Azərbaycan hazırda Suriyanın qaz təchizatında, enerji sektorunun bərpasında, həmçinin aeroportlarının dizel yanacağı ilə təminatında iştirak edir və Suriya bu fəaliyyəti yüksək qiymətləndirir. Azərbaycan, həmçinin bərpa məsələlərində öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, yaxın vaxtlarda Suriya nümayəndələri Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərə səfər edəcək, ölkəmiz barədə daha dolğun təsəvvür əldə edəcəklər. Azərbaycan təcrübəsi onların ehtiyaclarına uyğun gələrsə, bu təcrübədən istifadə edə bilərlər. Təkcə Suriya yox, digər ölkələr də Azərbaycanın bu sahədəki təcrübəsindən yararlana bilərlər".
Ayhan
11:05 10.12.2025
Oxunuş sayı: 1230