Azərbaycan- BƏƏ münasibətləri nümunəvi əməkdaşlıq modelinə çevrilib - RƏY
Son illərdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yeni məzmun kəsb edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, iqtisadi, siyasi və humanitar sahələrdə aparılan müzakirələr bu əlaqələrin perspektivlərini daha da genişləndirir. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə verdiyi tapşırıq, tərəflərin qarşılıqlı etimada əsaslanan münasibətləri daha sistemli və məqsədyönlü inkişaf etdirmək niyyətini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Al Nəhyan da çıxışında bu məqamı xüsusi vurğulayaraq, iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu qeyd edib. O, BƏƏ ilə Azərbaycanın uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığını yüksək qiymətləndirərək bildirib ki, iqtisadi sahədən tutmuş innovasiya, enerji, investisiya və digər istiqamətlərə qədər müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət üçün geniş imkanlar mövcuddur.
Bu fakt, həm regional əməkdaşlıq baxımından, həm də qlobal iqtisadi trendlər fonunda, Azərbaycan-BƏƏ əlaqələrinin davamlı inkişafının mühüm strateji əhəmiyyətə malik olduğunu təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr son illərdə sürətlə inkişaf edərək regional və qlobal miqyasda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkə başçılarının yüksək səviyyəli siyasi dialoqu, qarşılıqlı səfərləri və imzalanan sənədlər əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə zəmin yaradıb. BƏƏ Prezidentinin Azərbaycanla əməkdaşlığın hərtərəfli dərinləşdirilməsi barədə verdiyi tapşırıq bu münasibətlərin gələcək illərdə daha da güclənəcəyinə dair mühüm siyasi mesajdır. Azərbaycan–BƏƏ əlaqələrinin bugünkü səviyyəsi Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanı regional təhlükəsizlik, enerji sabitliyi, nəqliyyat-kommunikasiya dəhlizləri və iqtisadi əməkdaşlıq sahələrində etibarlı tərəfdaş kimi formalaşdırıb. Ölkə başçısının rəhbərliyi ilə yürüdülən balanslı diplomatiya Azərbaycanın həm ərəb ölkələri ilə, həm də Körfəz regionu ilə əməkdaşlığını genişləndirmiş, BƏƏ kimi aparıcı dövlətlərlə münasibətlərin strateji əsasda qurulmasına şərait yaradıb".
Müsahibimizin fikrincə, iqtisadi əməkdaşlıq sahəsində də mühüm nailiyyətlər əldə olunub: "BƏƏ Azərbaycanın ən böyük sərmayə tərəfdaşlarından birinə çevrilərək enerji, bərpa olunan enerji, nəqliyyat, logistika, maliyyə və rəqəmsal iqtisadiyyat kimi sahələrdə iri layihələr həyata keçirir. ADNOC şirkətinin “Absheron” yatağında pay əldə etməsi enerji sahəsində yeni mərhələnin başlanmasına səbəb olub, Masdar şirkətinin həyata keçirdiyi Qaradağ Günəş Elektrik Stansiyası və digər layihələr isə Azərbaycanın yaşıl enerji keçidinə ciddi dəstək verib. Bu investisiyalar Prezident İlham Əliyevin enerji diversifikasiyası strategiyasının reallaşmasına xidmət edir və ölkəmizin bərpa olunan enerji hədəflərinə çatmasını sürətləndirir".
Deputat, həmçinin Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişlənməsinin mühüm istiqamətlərindən birinin də nəqliyyat və logistika sahəsi olduğunu qeyd edib: "Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi və Orta Dəhliz üzrə əməkdaşlığın inkişafı iki ölkə arasında ticarət dövriyyəsinin artmasına və yeni marşrutların formalaşmasına şərait yaradır. Bu proses Prezident İlham Əliyevin ölkəmizi Avrasiyanın aparıcı nəqliyyat mərkəzlərindən birinə çevirmə strategiyası ilə üst-üstə düşür. Son illərdə turizm, rəqəmsal iqtisadiyyat, süni intellekt, təhsil və əmək münasibətləri üzrə imzalanan sazişlər əməkdaşlığın gələcək inkişaf xəttini müəyyən edir. Bu sahələr üzrə genişlənən əlaqələr Azərbaycan–BƏƏ münasibətlərini daha da kompleks və uzunmüddətli əməkdaşlıq modelinə çevirir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin siyasi liderliyinin və strateji vizionunun nəticəsidir. Onun apardığı ardıcıl islahatlar, iqtisadiyyatın modernləşdirilməsi, enerji və tranzit siyasətinin gücləndirilməsi, habelə Azərbaycanın qlobal əməkdaşlıq platformalarında fəal mövqeyi ölkəmizin BƏƏ kimi güclü tərəfdaşlarla əməkdaşlığını daha da dərinləşdirib. Bu gün Azərbaycan–BƏƏ münasibətləri qarşılıqlı etimada, praqmatizmə və inkişaf perspektivlərinə söykənən nümunəvi əməkdaşlıq modelinə çevrilib".
Elmir Heydərli
11:35 10.12.2025
Oxunuş sayı: 3398