Akademikdən təklif: Ayda bir dəfə mətbuata yeni daxil olan sözlərin siyahısı tərtib oluna bilər
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı bildirib ki, İki həftə ərzində verilişlərdə aparıcılar tərəfindən 3 min dəfə əcnəbi sözün işlədildiyinin şahidi olduq.
“Son illər Şura reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını alıb. 5-10 il əvvəl bu hallara çox rast gəlinirdi. Verilişlərdən fərqli olaraq reklam çarxları daha çox görülür və burada istifadə olunan sözlər insanların yaddaşına həkk olunur. Lakin verilişlərdə bununla bağlı vəziyyət qənaətbəxş deyil. Televiziya və radioməkanda 800 saatlıq efirlər olur. Monitorinq şöbəsində 6 nəfərin olduğunu nəzərə alsaq, bunun hamısını aşkar etmək mümkün olmur. Amma cənab prezidentin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözlərin siyahısını çıxarıb, verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 min dəfə bu cür əcnəbi sözlərin işləndiyinin şahidi olduq. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik.”
“Televiziya cəmiyyətin güzgüsüdür” fikri medianın və burada çalışan hər bir insanın üzərində nə qədər böyük məsuliyyətin olduğunu göstərir. Televiziya təkcə informasiya ötürən texniki vasitə deyil, ictimai rəyə təsir göstərən ən güclü platformalardan biridir. Bu səbəbdən televiziya və radio kimi kütləvi informasiya vasitələrində əsas məsuliyyət birbaşa olaraq aparıcıların, jurnalistlərin və ümumilikdə həmin media qurumlarının əməkdaşlarının üzərinə düşür.
Televiziyanın cəmiyyət üzərində təsiri son dərəcə böyük olduğundan, ekranın “üzləri” sayılan aparıcılar, jurnalistlər və verilişlərə dəvət olunan şəxslər söylədikləri hər sözlə, geyimləri, davranışları və ümumi davranış mədəniyyəti ilə nümunəvi olmalı, mədəni təbliğatın daşıyıcısı kimi çıxış etməlidirlər. Çünki insanlar televiziya və radio verilişlərinə inanır, onları ən etibarlı informasiya mənbəyi kimi qəbul edirlər. Sağlam cəmiyyət və sağlam düşüncəli insanlar formalaşdırmaq üçün isə ilk növbədə ictimaiyyətin gördüyü və izlədiyi məzmunun keyfiyyətli, etik və düzgün olması vacibdir.
Etik davranış deyərkən yalnız nəzakətli danışıq, doğru oturuş və duruş nəzərdə tutulmur. Eyni zamanda işlədilən sözlər, dilin ümumi saflığı da etik mədəniyyətin mühüm tərkib hissəsidir. Çünki etik davranış, ilk növbədə insanın öz ana dilinə olan hörmətindən başlayır. Vətəndaşın ən mühüm borclarından biri illərlə qorunub saxlanılan, milləti millət edən dili yad təsirlərdən, xüsusilə də lazımsız alınma sözlərdən qorumaqdır. Bu məsələdə isə ən böyük məsuliyyət məhz jurnalistlərin üzərinə düşür. Çünki jurnalistin “çörəyi” onun sözüdür.
Bu gün Azərbaycan televiziya verilişlərində aparıcıların cəmi iki həftə ərzində təxminən 3000 dəfə əcnəbi söz işlətməsi artıq ciddi bir problemdir və özlüyündə bir çox suallar doğurur. Problem Azərbaycan dilinin zəngin söz ehtiyatında həmin sözlərin qarşılığının olmamasında deyil, həmin qarşılıqların bilərəkdən və ya bilməyərəkdən işlədilməməsidir. Problem əcnəbi sözlərin televiziya vasitəsilə adiləşdirilməsi, dilimizə yeridilməsi və normal hala çevrilməsidir. Ən əsas və narahatedici məqam isə Azərbaycan televiziya məkanında ana dilini qoruya bilməyən, dil məsuliyyətini dərk etməyən aparıcıların fəaliyyət göstərməsidir.
Bu halın yaranma səbəbləri nələrdir və onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bununla bağlı Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlama verib: "Dilimizdə əcnəbi sözlər kifayət qədər çoxdur. Burada “əcnəbi söz” deyəndə əsasən Avropa mənşəli terminləri nəzərdə tuturuq. Bu terminlər artıq dilimizdə işləkdir və hər zaman da işlədiləcək. Çünki onlar ümumiləşmiş, intellektual leksikanın bir hissəsinə çevrilmiş sözlərdir. Məsələn, “konsensus”, “kompromis”, “obyektiv” kimi ifadələrə necə etiraz edə bilərik? Bu sözlər dilimizin elmi-publisistik üslubunda çoxdan öz yerini tutub. Hətta bu terminlərin Azərbaycan dilində qarşılığı olsa belə, həmin qarşılıqların əksəriyyəti ərəb mənşəlidir. Yəni bu da əslində ikinci mərhələli əcnəbiləşmə deməkdir. Əgər söhbət məhz bu kateqoriyaya aid olan sözlərin işlədilməsindən gedirsə, buna qarşı xüsusi müqavimət göstərməyə ehtiyac yoxdur. Digər məsələ son zamanlar dilimizə sürətlə daxil olan gündəlik xarakterli, danışıq dilinə məxsus yeni sözlərdir — məsələn, “okey”, “pinkbonq” və digər bu kimi ifadələr. Bu sözlərin dilə nəzarətsiz şəkildə daxil olmasına təbii ki, müəyyən müqavimət göstərilməlidir və göstərilir də".
Müsahibimiz söyləyib ki, belə halların qarşısını almaq üçün keyfiyyətli lüğətlər hazırlanmalıdır: "Məsələn, ayda bir dəfə mətbuata yeni daxil olan sözlərin siyahısı tərtib oluna bilər. Ümumiləşdirilmiş lüğətlərdə isə müəyyən illər üzrə — məsələn, 2025-ci ildə hansı xarici sözlərin publisistik üslubda daha çox işləndiyi qeyd olunmalı, illik dil təhlilləri aparılmalıdır. Lazım gəldikdə, bu sözlərin gəlişini dəstəkləmək və ya əksinə, məhdudlaşdırmaq istiqamətində təkliflər hazırlanmalıdır. Söz – anlayışdır. Yeni anlayışın gəlməsi isə təbii prosesdir. Biz həmin anlayışdan imtina edə bilmərik. Çünki o, təkcə nitqimizdə yox, həm də təfəkkürümüzdə yer tutur. Lakin arzuolunandır ki, bu anlayışlar daha çox milli sözlərlə ifadə edilsin. Azərbaycan Prezidenti də Akademiyanın yubileyindəki çıxışında xüsusilə vurğuladı ki, əgər dilimizdə işlək və ənənəsi olan bir söz varsa, onun yerinə xarici söz işlətməyə əsas yoxdur. Bu, ya səhv yanaşmadır, ya da bilərəkdən və ya bilməyərəkdən dilə qarşı dağıdıcı münasibətdir. Ona görə də əcnəbi sözlərin işlənməsində optimal balans saxlanmalı, həm dilin təmizliyi, həm də inkişafı nəzərə alınmalıdır."
Gülbəniz Bayramova
10:55 10.12.2025
Oxunuş sayı: 2707