I Türkoloji Qurultayın Qonağı
Türkoloqların yeni əlifba sevdası
Sabiq sovetlər birliyinin antitürk ideologiyasına rəğmən fədakar türkoloqların, milli ziyalıların təşəbbüsü ilə keçirilən Birinci Türkoloji qurultay (1926) Azər-baycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra daha geniş elmi araşdırmalar predmetinə çevrildi və bu beynəlxalq ali məclisin ümumtürk mənafeyinə xidmət edən birləşdirici ictimai mahiyyəti, təcrübəvi tarixi əhəmiyyəti elm və dövlət xadimləri tərəfindən yüksək dəyərləndirildi. Unutmaq olmaz ki, türkoloqların ilk qurultayına qədər mütəfəkkir ədiblərimizdən Mirzə Fətəli Axundzadənin, İsmayıl bəy Qaspiralının, Əli bəy Hüseynzadənin elmi-fəlsəfi əsərlərindən qaynaqlanan islahatlar ideyası böyük maneələr dəf edərək türk xalqlarının maariflənməsi, keçmişinə, milli mədəniyyətinə sahib çıxması, əlifba islahatı uğrunda aparılan mübarizə yanğısına çevrilərək üç ictimai-siyasi mühitin qaranlıq hüdudlarını yarıb keçməli olmuşdur.
Əlifba islahatı məsələsi dövlət səviyyəsində ilk dəfə Azərbaycan Cümhuriyyəti dövründə gündəmə gətirilmiş, 1919-cu ilin martın 21-də – Novruz bayramı günü, Maarif Nazirliyi yanında Xudadad bəy Məlikas¬lanovun sədrliyi ilə komissiya yaradılmışdı. Əlifba islahatı komissiyası fəal və səmərəli işləyərək az vaxt ərzində hökumətə bir neçə layihə təqdim etmiş, onlardan görkəmli pedaqoq və yazıçı Rəşid bəy Əfəndiyevin qardaşı, Parlamentin üzvü Abdulla bəy Əfəndizadənin latın qrafikalı əlifba layihəsi bəyənilmiş və «Son türk əlifbası» adlı bu dərslik 1919-cu ildə «Hökumət mətbəəsi»ndə nəşr edilmişdir. Qırmızı ordunun hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprelin 27-də Azərbaycan işğal edilsə də, Cümhuriyyət dövründə bünövrəsi qoyulmuş əlifba islahatı prosesi milli ziyalıların səyi ilə sovetləşmənin ilk çağlarından daha geniş vüsət almışdır. Xalq Maarif Komissarlığının 11 noyabr 1920-ci il tarixli qərarı ilə yeni türk əlifba layihəsini hazırlayan komissiya yaradılmış, tərkibə Həmid bəy Şahtaxtinski, professor Vsevolod Bronisloviç Tomaşevskiy, Sultan Məcid Qənizadə, Hüseyn Cavid daxil edilmişdir (Doğrudur az sonra Hüseyn Cavid «Kommunist» qəzeti vasitəsilə bəyanat verərək komissiyanı tərk etmişdir – A.R.). Yeni əlifba komissiyasının rəhbərliyinə isə Bakı Dövlət Universiteti Şərqşünaslıq Fakültəsinin yaradıcılarından biri, milliyyətcə ərəb olan professor Panteleymon Krestoviç Juze (Bəndalı ibn Salib əl-Cauz – A.R) gətirildi. Başqa sözlə desək Azərbaycanda ərəb əlifbasının taleyi ərəb mənşəli xristian professora tapşırıldı. Cənab Juze, yəni Bəndalı ibn Salib əl-Cauz Azərbaycan Xalq Maarif Komissarlığının 5 yanvar 1921-ci il tarixli kollegiya iclasında “Əski müsəlman əlifbasını yenisi ilə dəyişmək haqqında” məruzəsində ərəb qrafikasını tarixin zibilliyinə atmağı, onu latın şirifti ilə əvəzləməyi, kargüzarlıq işlərində yeni əlifbaya keçməyin zəruriliyini xüsusi olaraq vurğulamışdır. Əlifba komissiyasının tərkibi 1922-ci ilin martın 5-də genişləndirildi və bura tanınmış elm, mədəniyyət və dövlət xadimlərindən Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Əhməd bəy Pepinov, Abdulla Tağızadə və b. daxil edildi. Aprel ayında isə komissiyanın səlahiyyətləri artırılaraq komitəyə çevrildi. Əlifba Komitəsinin orqanı olan “Yeni yol” qəzeti 1922-ci ilin sent¬yabr ayının 21-dən Mirzə Cəlilin redaktorluğu ilə fəaliyyətə başladı və səhifələrində praktiki olaraq yeni türk (latın) qrafikalı, yığcam informasiyalar, oxunaqlı mətnlər yer alırdı.

C.Cabbarlının ATTC-də və Türkoloji qurultayda fəaliyyəti
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1923-1929) təsis edildikdən sonra türkoloji problemlərin ağırlıq mərkəzi bu qurumun üzərinə köçürülürdü. ATTC-nin fəaliyyətə başladığı ilk günlərdən cəmiyyətə istedadlı gənclər dəvət edilmişdi və onlardan biri də şair, dramaturq kimi tanınan Cəfər Cabbarlı idi. Cəmiyyətə Türk Mədəniyyət Sarayında (indiki AMEA Rəyasət Heyətinin bina¬sında, İstiqlaliyyət küçəsi-10) yer ayrılmışdı. Əbdürrəhim bəy Haqverdiyevin sədrliyi ilə yalnız Tarix-etnoqrafiya seksiyasında könüllülük əsasında 204 nəfər çalışırdı. Bu seksiyada Ədəbiyyat altkomissiyası Rəyasət Heyətinin üzvləri Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Cəfər Cabbarlı, Məmmədəli Səfərov (Sidqi), Əli Kərimov (AMEA RH Arxivi. Fond-1, siy.-1, s.v.-38, q.-2) və başqaları idi.
Cəmiyyət 1924-cü ildə Diyarşünaslıq qurultayı keçirdikdən sonra onun qarşısına qoyulan ən böyük vəzifələrdən biri 1926-cı ildə Bakıda Birinci Türkoloji qurultayin elmi-təşkilati məsələləri ilə məşğul olmaq idi.
ATTC-nin 21 noyabr 1925-ci il tarixli pleniumunda (ATTC-nin pleniumu. AMEA RH Arxivi. Fond-1, siy.-1, s.v.-34, qutu-2) cəmiy¬yətin sədri «Kommunust» qəzetinin baş redaktoru, publisist, ictimai xadim Həbib Cəbiyev seçil¬dikdən sonra I Türkoloji qurultayın məramı, məqsədi və əhəmiyyəti geniş təbliğ olunmağa başladı. ATTC-nin fəal üzvlərindən biri, «Kommunust» qəzetinin o vaxtkı əməkdaşı, Azərbaycan Dövlət Universitetinin tələbəsi Cəfər Cabbarlı mətbuatda «Türkoloji qurultay və sərf-nəhv məsələsi» adı ilə müzakirə açdı. O yazırdı: «Fevralın 26-da (1926-cı il nəzərdə tutulur – A.R.) açılacaq Türkoloji qurultayı bu vaxtadək həll edilməmiş bir çox türkoloji məsələlərini aydınlaşdıracağı kimi, ötədən bəri bir mübahisə və çəkişmə nöqtəsi olan Türkiyə sərf-nəhv məsələsini də müzakirə edəcəkdir. Bu vaxta qədər başlıca olaraq Türkiyədə düzəlmiş və çıxarılmış bir çox sərf-nəhv kitabları vardır. Bu məsələ ilə digər bir çox xarici alimlər də uğraşmışlardır. Fəqət bu gün türk dilinin özünə, dilin xüsusiyyətlərinə istinadən yazılmış bir sərf-nəhv kitabın olmaması və yazılanların da həpsinin denilecek dərəcədə ərəb və Avropa dilləri əsası ilə yazılması mövcud sərf-nəhvin türk dili üçün yaramaz olduğunu göstəriyor. Və buna görədir ki, bir çoxları “Türk dilinin sərf-nəhvi yoxdur” kimi boş iddialardan çəkinməyorlar. Türkoloji qurultayı isə bu məsələni müzakirə edərkən yalnız əsası yollar göstərəcəkdir. Bu əsasi yollar ilə çalışmaq və yalnız türk dilinin xüsusiyyətlərini nəzərə alaraq mükəmməl bir sərf-nəhv düzəltmək işi yenə də bizim öz öhdəmizdə qalacaqdır.
Dilimizin ahəng üsulu, incəlməyə doğru yürüşü başqa dillərdə olmayan və yalnız türk dilinə məxsus olan xüsusiyyətləri bu gün bizdən böyük təbəddülat və əməklər tələb edir. Dilimiz araşdırılmalı, tabe olduğu qanunlar bulunub ortaya çıxarılmalı və müntəz bir hala salınmalıdır. Bundan başqa dilimizə soxulmuş və öz qanunları ilə köçmüş yabancı sözlər türk boğazına girəcək bir qəlibə salınmalı və dilimizin tələb etdiyi müəyyən qanunlar altına alınmalıdır.
Ümumən bir çox bu kimi qatışıq məsələlər üzərində çalışılmalı və pək çox çalışılmalıdır.
Ayrıca türk dilinin xüsusiyyətlərinə və öz qanunlarına istinadən bir sərf-nəhv düzəltmək məsələsi ötəndən bəri Azərbaycanda da fikirləri məşğul etmiş, hətta göstərilmiş əsaslar üzərinə xüsusi bir komisyon tərəfindən bir sərf-nəhv düzəlmiş və bir kitab olmaq üzrə Azərnəşr tərəfindən nəşr edilmişdir.
Bu kitab haqqında vaxtilə “Kommunist” qəzetəsində mübahisə aparılmışsa da, lazımi bir aydınlığa varılmamışdır. Bu gün isə qurultayda danışılacaq sərf-nəhv məsələsinə öncədən hazırlıq aparılmaq lazım olduğundan bu məsələ ətrafında geniş mübahisə açılmalı, hər kəs öz fikrini bildirməli və müntəzəm surətdə bu məsələnin aydınlaşdırılmasına və beləliklə qurultay üçün də material ola biləcək fikirlərin bir araya toplanmasına çalışmalıdır. Bu münasibətlə “Kommunist” qəzetəsi yanındakı klubda iclaslar, müşavirələr düzətmiş, fəqət məsələ yazı yapraqlarına, mətbuat sütunlarına keçirilməmişdir. Halbuki, buna böyük bir ehtiyac vardır. İştə bunların həpsini nəzərə alaraq ümumən sərf-nəhv məsələsi başlıca olaraq komisyon tərəfindən düzəlib, Azərnəşr tərəfindən basdırılmış sərf-nəhv kitabı haqqında mətbuatda geniş mübahisə açılmalıdır” (Cim. Türkoloji qurultay və sərf-nəhv məsələsi, Bakı, “Kommunist” qəzeti, 1926, 12 yanvar, № 10).
Cəfər Cabbarlının “Cim” imzası ilə “Kommunist” qəzetinin 1926-cı il 12 yanvar tarixli 10-cu sayında çap etdirdiyi “Türkoloji qurultay və sərf-nəhv məsələsi” adlı yazısında qurultay ərəfəsində çox ciddi məsələyə - türk dilinin qrammatikası kimi aktual problemə toxunulması sosial sifarişdən daha çox içdən gələn bir çağırış, mənəvi narahatlığın bariz nümunəsi idi. Məqalənin sonunda redaksiya tərəfindən: “Bu xüsusda məqalə sahibi ilə şərik olaraq bu məsələ ətrafında mübahisə açılmasını arzu ediriz” - kimi xatırlatma geniş oxucu auditoriyasının gözlənilən dəstəyini almasa da, Birinci Türkoloji qurultayın başlıca mövzularından biri olaraq qalmışdır.
Cəfər Cabbarlının Türkoloji qurultayın hazırlıq mərhələ¬sində həyata keçirdiyi mühüm işlərdən biri də, qurultayın 17-ci iclasında, “Türk – tatar xalqlarının oktyabr inqlabı dövründə mədəni nailiyyətləri” mövzusunda çıxış edən M.P.Pavloviçin S.İranski ilə birgə yazdığı “İran istiqlaliyyət mübarizəsi uğrunda” (M.P.Pavloviç, S.İranski. “İran istiqlaliyyət mübarizəsi uğrunda”, Bakı, “Bakı işçisi” kooperativ nəşriyyatı, 1926, 204 səh. Mütırcimi Cəfər Cabbarzadə) adlı kitabını doğma dilimizə çevirərək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sifarişi ilə 1926-cı ilin əvvəlində nəşr etdirməsi olmuşdur. İki hissədən ibarət olan və qurultay nümayəndələrinə hədiyyə edilən bu kitab təəssüf ki, ATTC-nin mərasim münasibətilə nəşr etdiyi 26 əsərlərin və jurnalların siyahısına salınmamış, eləcə də “Azərbaycan kitabı” biblioqrafiyasının II cildinə daxil edilməmişdir.
Birinci Türkoloji qurultay 1926-cı ilin fevralın 26-dan martın 6-dək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yerləşdiyi binanın iclas zalında keçirilmiş, türkoloqların ali məclisinə rəsmi qaydada 130 nəfər dəvət olunmuşdur. Qurultayın işində dünya şöhrətli türkoloqlardan akademik V.V.Bartold, akad.A.Y.Krımski, akad. S.F.Oldenburq, professorlardan A.S.Samoyloviç, N.Aşmarin, S.Malov, İ.Brozdin, A.Miller, L.Jirkov və b. iştirak edirdilər. Arxiv materialları vurğulamağa əsas verir ki, göstərilən rəsmi rəqəmlərdən qurultayda daha çox mütəxəssis iştirak etmişdir. 1924-cü ildən ATTC-nin, Yeni Türk Əlifba Komitəsinin fəaliyyətində yaxından iştirak edən professor Vəli Xuluflunun adı qurultayın rəsmi nümayəndələrin sırasında yer almamışdır. Lakin, professor 17 dekabr 1933-cü ildə yazdığı tərcümeyi-halında qeyd etmişdir: «Yeni Türk Əlifba Komitəsinin gələcək üzvü və təlimatçısı kimi Krım, Qazaxstan, Özbəkistan, Başqırdstan, Kazan, Türkmənistan, Tacikstan ərazilərini gəzmək, bu res¬pub¬likaların xalqları arasında təbliğat aparmaq mənə qismət olmuşdur. Birinci Türkoloji qurultayda və yeni türk əlifbasının iki pleniumda iştirak etmişəm» (Vəli Xuluflu. Tərcümeyi-hal (rus dilində), AMEA RH Arxivi, fond-23, siy.-1, s.v.-46, q-2).
Vəli Xuluflu kimi, soyadı qurultayın nümayəndələri sırasında olmasa da, Cəfər Cabbarlı da türkoloqların ali məclisində yaxından iştirak etmişdir. C.Cabbarlının adına verilmiş, Azərbaycan Dövlət Teatr Muzeyində mühafizə olunan rəsmi sənəddə yazılırdı: «Qonaq bileti. İşbu bilet yoldaş C.Cabbarova 1-ci Ümumittifaq Türkoloji Qurultayının iclaslarına daxil olmaq üçün verilmişdir. Qurultayı çağıran komision sədri, Mandat komision sədri» (C.Cabbarlının Qonaq bileti. Azərbaycan Dövlət Teatr Muzeyinin arxivi, iş-460).
Cəfər Cabbarlı Bakıda keçirilən I Türkoloji Qurultayın işində mütərcim kimi fəal iştirak etmiş, xarici ölkələrdən gələn məşhur türkoloqlarla yaxından tanış olmuşdur. Böyük dramaturqun məfkurəvi türkçü, milli sənətkar kimi yetişməsində I Türkoloji Qurultayın mənəvi təsiri şübhəsizdir.

Asif Rüstəmli
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
23:00 27.11.2025
Oxunuş sayı: 1115