İdeoloji varisliyin təkamülü
Bəzən mürəkkəb mövzuları geniş auditoriyalarının qarşısında bu və ya digər səbəblərdən açıq şəkildə müzakirə etməkdən çəkindiyimiz üçün ideoloji müstəvidə boşluqlar yaranır. Həmin boşluqlar “ideoloji yara” hesab olunan ucuz demaqogiya, şou qoxulu populizm, habelə təxribat xarakterli qərəzli mülahizələr ilə dərhal və məharətlə doldurulur. Bu cür “yaraların” inkişafı üçün isə ən münbit mühit məhz sağlam olmayan siyasi münasibətlər sistemidir. Əlbəttə ki, sadaladığımız “ideoloji yaralar”, ilk növbədə, cəmiyyətin parçalanması və müxtəlif xarakterli böhranların yaranmasına hesablanıb. Bəli, onu da bilməliyik ki, qeyd edilənlər heç də hansısa elmi-nəzəri təhlillərin nəticəsində gəlinmiş qənaətlər deyil. Dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, analoji ssenarilər tarixin müxtəlif mərhələlərində əksər ölkələrdə yaşanılıb. Yeri gəlmişkən, “rəngli inqilablar” və dövlət çevrilişləri də məhz “ideoloji yara” şərti adlı müxtəlif ssenarilərinin təzahürləridir.
Bu sözləri Crossmedia.az-a açıqlamasında politoloq Asif Adil deyib.
O qeyd edib ki, böyük siyasətdə illüziyalar olmamalıdır. Biz bilməliyik ki, qlobal güclər öz geosiyasi strategiyalardan əl çəkməyəcək və bu səbəbdən onların yeni təsir əraziləri uğurunda mübarizələri heç zaman dayanmayacaq. Sadaladığımız ideoloji “yaralar” konkret ölkənin siyasi sisteminin qapılarını açmaq üçün istifadə olunan açarlardır. Aparılan ideoloji manipulyasiyalar vasitəsilə siyasi münasibətlər sistemi xroniki xəstəliyə yoluxur, bunun nəticəsində isə ölkədə böhranın yaşanması qaçılmaz olur. Müstəqilliyin ilk illərində postsovet məkanı uğrunda qlobal güclər arasında gedən qızğın geosiyasi mübarizə zamanı biz bu cür ssenarilərinin inkişafına şahidlik etmişdik.
Bəli, həmin illərdə Azərbaycanın siyasi sistemi qeyd olunan xəstəliyə çox ağır şəkildə yoluxmuşdur. Ucuz demaqogiya, şou qoxulu populizm, cılız təxribatlar, avantürizm və təcrübəsizlik dövlətimizi faktiki olaraq “olum” ilə “ölüm” seçimi qarşısında üz-üzə qoymuşdu. Bütün ağır təfərrüatlara varmadan deyə bilərik ki, həmin müddət ərzində ölkəmizdə yaşanmış anarxiyanı xarakterizə edən əsas məfhumlar da elə məhz demaqogiya, populizm, avantürizm və təcrübəsizlikdir.
Həmin dövrdə qeyd etdiyimiz ideoloji “yaranın” geriyə dönməz “qanqren” səviyyəsinə qədər inkişaf etməsinin qarşısını ala biləcək yeganə qüvvə məhz Ulu Öndər Heydər Əliyev amili idi. Təlatümlü, olduqca mürəkkəb, həssas və kövrək dövrdə yalnız Ulu Öndər amili milli birliyi və ictimai həmrəyliyi qoruya bilərdi. Elə də oldu. Milləti birləşdirən qüvvə məhz Heydər Əliyev oldu. Təkcə ölkədə və regionda yox, Ulu Öndər obrazı ilə həm də beynəlxalq münasibətlər sistemində hamı hesablaşmağa məcbur idi. Bütün tərəf və qüvvələrin Ulu Öndər obrazı ilə hesablaşmasının nəticəsində bu gün bəhrəsini yaşadığımız dayanıqlı inkişafın sarsılmaz bünövrəsi qoyulmuşdur. Milli həmrəyin təminatçısı olan Ulu Öndər amili həm də dövlətimizin müxtəlif “yaralara” qarşı güclü immuniteti kimi çıxış etmişdir.
“Yenə də illüziyalardan uzaq dayanaq və unutmayaq ki, milli həmrəylik yaşanan ölkələr qlobal oyunçuların geosiyasi strategiyalarının qarşısında dayanan əsas maneələrdir. Ona görə də dünyada psevdodemokratik və ultraliberal şüarlar ilə süni şəkildə individualizm bütləşdirilir. Təsadüfi deyil ki, ideoloji, dini və ya demokratik manipulyasiyalar ilə konkret cəmiyyətdə yaşanan həmrəylik mühitinin boğulmasına yönəlmiş davamlı təxribatlara şahidlik edirik. Bu mənada müxtəlif tendensiya və ideoloji təbliğatın nəticəsində ailə və ağsaqqal kimi institutların tədricən unudulması heç də təsadüfi deyil. Müasir cəmiyyətlərdə “biz” düşüncə paradiqması “mən” düşüncə tərzi ilə sürətlə əvəzlənir. Heç şübhəsiz ki, mövcud tendensiyalar təsadüfi deyil və onların yuxarıda sadaladığımız “ideoloji yaralar” ilə bilavasitə əlaqəsi var.
Bəli, bu cür siyasi “anomaliyalar” doğma məmləkətimizdə də olmuşdur. Hətta ehtimal edə bilərik ki, regionumuzda maraqları olan qlobal geosiyasi oyunçuların beyin mərkəzlərinin müəyyən hesablamalarına görə Ulu Öndər kimi cəmiyyəti birləşdirən nəhəng amildən sonra Azərbaycanın həmrəylik mühitində müəyyən çatlamalar baş verməli idi. Sözsüz ki, Ulu Öndər nəhəng amildir və bu cür şəxslər heç də hər bir xalqın taleyinə qismət olmur. Şəxsi siyasi simpatiyaların məzmunundan asılı olmayaraq hər kəs ədalət naminə etiraf edə bilər ki, həmin o təlatümlü dövrdə müstəqilliyi və dövlətin fiziki mövcudluğunu yalnız Ulu Öndər kimi bir qüvvə xilas edə bilərdi.
Ancaq qlobal oyunçuların beyin mərkəzləri öz təhlillərində yanıldılar. Azərbaycan xalqı öz birliyini və cəmiyyətdəki həmrəylik mühitini qorumağa müvəffəq oldu. Xalqın milli təfəkküründə Ulu Öndər kimi nəhəng obraz ilə müqayisə oluna biləcək ikinci yüksək məfhum yalnız Müzəffər Ali Baş Komandan obrazı ola bilərdi. Elə də oldu.
Azərbaycan xalqı, sadəcə, həmrəyliyi qorumadı, həm də Qalib xalq oldu. Öz inamını qoruyaraq, səbirlə çalışaraq, bütün müqavimətlərə üstün gələrək, ildən-ilə gücünü artıraraq öz Liderinin peşəkar və prinsipial siyasəti sayəsində tarixi ədaləti bərpa etdi və Qalib xalq oldu. Xalqın Lideri isə Müzəffər Ali Baş Komandan statusuna qədər ucaldı. Bu ad və status Ulu Öndər adı qədər ucadır və bu ad yalnız seçilmiş tarixi şəxslərə qismət ola bilər. Müasir tarixdə Müzəffər Ali Baş komandan adına layiq ola biləcək ikinci belə bir şəxs yoxdur. Unutmayaq ki, bunlar hamısı Azərbaycan xalqının tarixidir”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Ulu Öndər və ya bizim uşaqlarımızın sevgi dolu hisslərlə dilə gətirdikləri “Heydər baba” obrazı böyük Azərbaycan xalqı üçün nə qədər doğma və əzizdirsə, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan adı da bir o qədər hər bir azərbaycanlı üçün şəxsi qürur və iftixar mənbəyidir. Münaqişənin gələcəyi ilə bağlı hətta ən optimist proqnozlarda belə Xankəndinin adı dilə gətirilmirdi. Yuxarıda bəhs etdiyimiz “ideoloji yaralar” vasitəsilə cəmiyyətdə hətta “inkişaf naminə ərazilərdən imtina etmək lazımdır” kimi xain fikirlərin tirajlanmasına dair cəhdlər edilirdi. Yalnız Müzəffər Liderə məxsus olan keyfiyyətlər sayəsində Prezident İlham Əliyev millətin inamını və cəmiyyətdə həmrəyliyi qoruyaraq ildən-ilə xalqı öz Qələbəsinə yaxınlaşdırırdı. Qələbəni əldə edərək biz milli qürurumuzu ərazi suverenliyimiz kimi tam olaraq bərpa etdik. Müzəffər Ali baş komandan adının millət və xalq üçün dəyəri budur.
“Necə ki, öz xəstə ambisiyalarının qulları və düşmənlərin maşaları olan yaramaz xislətli siyasi spekuyantlar zamanında Ulu Öndərin xarizmasından boğulurdularsa, indi də Müzəffər Ali Baş Komandan adının böyüklüyü onların cılızlıq və natamamlığını ifşa edir. Azərbaycanda həmrəylik mühitini qoruyan ideoloji varisliyin təkamülü budur və bəzi ölkələrin beyin mərkəzləri bu amili hesablaya bilmədikləri üçün yanıldılar. “Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var", - budur Prezident İlham Əliyevin bütün demaqoji təxribatlara cavabı. Dövlət başçısının Müzəffər Ali Baş Komandan adının beynəlxalq etirafı isə budur: “Siz böyük lidersiniz”, – cari il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə xitabən dediyi sözlər. Odur ki, tarixin dərslərini unutmamalıyıq, habelə əldə olunmuş Qələbənin və milli həmrəyliyin qorunması naminə hamımız bir nəfər kimi qollarımızı çırmalayıb çalışmalıyıq”, - deyən Asif Adil fikirlərini yekunlaşdırıb.
14:35 25.11.2025
Oxunuş sayı: 1767