AZAL-ın qəzaya uğrayan təyyarəsindən xəbər var: İstintaq ilin sonunadək tamamlanacaq
Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliyakparov AZAL-ın Aktau şəhəri yaxınlığında baş verən və böyük ictimai rezonans doğuran təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə yeni məlumat verib. O, bildirib ki, araşdırma davam edir və yekun nəticələrin bu ilin sonuna qədər açıqlanacağı gözlənilir
Crossmedia.az NUR.KZ saytına istinadən xəbər verir ki “Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliyakparov Aktaunun yaxınlığında baş verən aviasiya qəzası ilə bağlı aparılan istintaqın gedişi haqqında hökumət brifinqində məlumat verib”.
Onun sözlərinə görə, istintaq hazırda davam edir: “İlkin üç aylıq araşdırmanın nəticələri müvafiq komissiya tərəfindən tam şəkildə təqdim olunub. İndi isə daha dərin araşdırma aparılır. Çox mürəkkəb ekspertizalar və böyük iş görülür. İstintaq başa çatdıqdan sonra əvvəlki hesabat kimi nəticələr tam şəkildə KİV-ə açıqlanacaq. Vaxtla bağlı dəqiq məlumat verə bilmirik”.
Nazir müavini məsələni çox ciddi adlandırıb. “Hazırda dəqiq müddət vəd edə bilmirəm, lakin bu ilin sonuna qədər nəticələri təqdim edəcəyik”, – deyə o əlavə edib.
Xatırladaq ki, 25 dekabrda Bakıdan Qroznıya uçan təyyarə Aktaunun yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 69 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Onlardan 42-si Azərbaycan, 15-i Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı idi.
7 yanvarda Braziliyada “qara qutuların” dekodlaşdırılmasının başa çatdığı bildirilmişdi. 4 fevralda isə Qazaxıstanın Nəqliyyat Nazirliyi qəzanın ilkin istintaq hesabatını dərc etmişdi. Hesabatda hadisələrin xronologiyası və zədələnmiş hissələrin fotoları təqdim olunmuşdu.
Zeynəb Xuduyeva
12:49 25.11.2025
Oxunuş sayı: 1527