Şimali Kipr rəsmisi: Bugünkü forum Türk dünyasının birliyinin yeni mərhələyə yüksəldiyini açıq şəkildə göstərir
Bugünkü forum Türk dünyasının birliyinin yeni mərhələyə yüksəldiyini açıq şəkildə göstərir. Xalqlarımızı birləşdirən ortaq dəyərlər, mədəniyyət və tarix bu gün həmrəyliyimizin əsas sütununu təşkil edir. Zəngəzur dəhlizi isə yalnız nəqliyyat xətti deyil, eyni zamanda, bu dəhliz bütün Türk dünyasının inteqrasiya yolunda atdığı böyük bir addımın, birləşmə hərəkatının mühüm simvoludur.
Crossmedia.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumu çərçivəsində keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” mövzulu paneldə Şimali Kipr Türk Respublikasının Daxili İşlər Nazirliyinin aparat rəhbəri Mehmet Ercilasun deyib.
O qeyd edib ki, bu layihə təkcə coğrafi bağlantı yaratmır, həm də siyasi, iqtisadi və mədəni baxımdan birliyimizin güclənməsinə xidmət edir. Türk Dövlətləri Təşkilatı Zəngəzur dəhlizinin açacağı imkanlarla birlikdə daha da strateji əhəmiyyət qazanacaq. Bu dəhliz Türk dünyasının qlobal miqyasda daha sistemli, daha koordinasiyalı və daha qüvvətli şəkildə hərəkət etməsini təmin edəcək. Əslində, bu dəhliz türk dövlətlərini birləşdirən böyük bir zəncirin mühüm halqasıdır.
“Bu prosesdə QHT-lərin rolu xüsusi qeyd olunmalıdır. QHT-lər dövlət və cəmiyyət arasında ən dinamik gücdür. İnsan haqları, ekologiya, qadın və uşaq hüquqları kimi sahələrdə onların fəaliyyəti demokratik cəmiyyətlərin əsas göstəricisidir. QHT-lərin gücü inkişaf etmiş idarəetmə mədəniyyətinin, açıq və iştirakçı demokratiyanın nümunəsidir. Biz inanırıq ki, Türk dünyasının daha dayanıqlı, daha ədalətli və daha çiçəklənən bir gələcək qurmasında QHT-lər mühüm rol oynamağa davam edəcək”, - deyə Mehmet Ercilasun vurğulayıb. (Azərtac)
12:35 24.11.2025
Oxunuş sayı: 4520