Ukraynanın hazırkı faciəsi liderlik fenomeni ilə bağlıdır - Deputat
Dünyada sülh və təhlükəsizlik məsələləri yalnız beynəlxalq müqavilələr və diplomatik mexanizmlərlə deyil, həm də liderlərin xarakteri, strateji baxışı və qətiyyətindən birbaşa asılıdır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti nümunə göstərilə bilər. 30 illik işğal dövründə Azərbaycan haqq səsini dünyaya çatdırırdı, lakin özlərini demokratiyanın, insan hüquqlarının və beynəlxalq təhlükəsizlik sisteminin qarantları hesab edən bəzi qüvvələr bu səsi eşitmirdi.
Prezident İlham Əliyev reallıqların çətin olduğu şəraitdə məqsədyönlü, praqmatik və prinsipial siyasət yürüdərək Azərbaycanın gücünü artırdı, haqlı tələblərini dünyaya qəbul etdirdi və nəticədə ölkəmiz heç kimdən yardım almadan ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu uğur, güclü, xarizmatik və strateji baxışlı bir liderin xalqının və ölkəsinin maraqlarını hər şeydən üstün tutmasının nəticəsi idi.
Bu təcrübə, Ukraynanın hazırkı faciəsinin əsas səbəblərindən birinin də liderlik boşluğu olduğunu açıq şəkildə göstərir və göstərir ki, sülh planlarının uğuru yalnız beynəlxalq razılaşmalara deyil, həm də liderlərin qabiliyyət və qətiyyətinə bağlıdır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib ki, hər bir ölkənin taleyində və tarixində onun liderlərinin xüsusi rolu olur: “Nəzərə alsaq ki, Azərbaycan uzun müddət işğala məruz qalmış və eyni zamanda bir sıra aparıcı dövlətlər tərəfindən yetərincə dəstəklənməmişdir, bu şəraitdə ölkəmizin qarşısında çox ciddi çağırışlar dururdu. Lakin cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Azərbaycan güclü dövlət və qüdrətli ordu formalaşdırdı. Xalq–Ordu birliyinin möhkəmlənməsi isə otuzillik işğala son qoymağa imkan verdi. Azərbaycanın qələbə qazanması, torpaqlarının işğaldan azad olunması və MDB məkanında konflikt yaşamış ölkələr arasında ilk dəfə olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi məhz Ali Baş Komandanın rəhbərliyi, güclü ordumuzun formalaşması, həmçinin cənab Prezident tərəfindən həyata keçirilən düşünülmüş daxili və xarici siyasət sayəsində mümkün olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmiz üçün yeni bir tarixi mərhələnin əsasını qoydu. İki yüz ilə yaxın bir dövrdə ilk dəfə olaraq Azərbaycan öz işğal olunmuş torpaqlarına qayıda bildi ki, bu da təkcə bu günün deyil, həm də uzunmüddətli tarixi proseslərin fonunda böyük uğur kimi dəyərləndirilir".
Deputat, həmçinin bu uğurların əsasında məhz milli liderin müəyyən etdiyi strateji xəttin dayandığını qeyd edib:
"Azərbaycan zəfərinin ideya təməlini milli lider qoymuş, onu reallaşdıran isə Ali Baş Komandan cənab İlham Əliyev olmuşdur. Xüsusən də xarici siyasətdə atılan prinsipial addımlar və qəbul edilən mühüm qərarlar qələbəni daha da möhkəmləndirmişdir".
Elmir Heydərli
18:51 22.11.2025
Oxunuş sayı: 6672