Ermənilər Bakıda: Bu mövzuda razılıq əldə olundu
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində 2025-ci il noyabrın 21–22-də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.
Bu barədə Crossmedia.az xarici mediaya əsasən xəbər verir.
Ermənistandan təşəbbüsün nümayəndələri – Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan həmkarları – Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, dialoqun qurulmasında vətəndaş cəmiyyətinin rolu, yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihələr müzakirə olunub. Bununla yanaşı, Azərbaycan və Ermənistan cəmiyyətlərini maraqlandıran və sülh prosesi ilə bağlı aktual mövzular nəzərdən keçirilib.
Birgə fəaliyyətin mediada daha da aktivləşdirilməsi, ekspert qrupları arasında birbaşa təmasların qurulması, eləcə də hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş cəlb olunması barədə razılıq əldə olunub.
“Sülh Körpüsü” Təşəbbüsünün fəaliyyəti çərçivəsində işgüzar səviyyədə əlaqələrin davam etdirilməsi və gələcək səfərlərin həm Azərbaycana, həm də Ermənistana planlaşdırılması qərara alınıb.
Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsünün üzvləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə də görüşüblər.
Görüş zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Hikmət Hacıyev təşəbbüs nümayəndələrinin suallarını cavablandırıb.
Türkanə Məşədiyeva
17:45 22.11.2025
Oxunuş sayı: 6368