"Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməlidir - Professor
Sosial təminat sahəsində aparılan islahatlar cəmiyyətin ən həssas təbəqələrinin sosial müdafiəsini gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də ailə başçısını itirmiş şəxslərin hüquqları, onların sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Lakin mövcud pensiya sistemi çərçivəsində bəzi məsələlər var ki, həm ictimaiyyət, həm də ekspertlər tərəfindən müzakirə olunmaqda davam edir. Bunlardan biri də əmək fəaliyyəti dövründə formalaşan pensiya kapitalının taleyi və vəfat etmiş şəxsin bu vəsaitə dair hüquqlarının varislərə ötürülməsi məsələsidir. Müvafiq qurumların mövqeyi ilə ictimai gözləntilər arasında yaranan fərq bu sahədə daha çevik, daha şəffaf və daha ədalətli mexanizmlərə ehtiyac olduğunu açıq şəkildə ortaya qoyur. Eyni zamanda, pensiya sahəsində region ölkələrinin təcrübəsi də göstərir ki, bu istiqamətdə modern yanaşmalar sistemi daha dayanıqlı və vətəndaş mərkəzli edə bilər. Hazırda həm pensiya kapitalının idarə olunması, həm də DSMF-in maliyyə dayanıqlığının gücləndirilməsi gündəmdə olan əsas məsələlərdən biridir.

Mövzu ilə bağlı İqtisadçı ekspert, professor Rəsmiyyə Sabir Crossmedia.az-a açıqlama verib:
““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək qabiliyyətli vəfat edənin ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. Bu kateqoriyaya “18 yaşına çatmamış övladı, 18 yaşına çatana qədər əlilliyi müəyyən olunmuş, 18 yaşından yuxarı əlilliyi olan şəxs, 23 yaşına qədər əyani şöbədə təhsil alanlar, ata, ana, ər, arvad pensiya yaşına çatmışlarsa, yaxud orqanizmin funksiyalarının 61-80% və ya 81-100% pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslər,valideynlərdən biri və ya ər (arvad),yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə” aid edilir. Amma, Azərbaycanda ölmüş şəxsin fərdi pensiya kapitalının birbaşa onun varislərinə verilməsi mexanizmi mövcud deyil. “Əmək pensiyaları haqqında” Qanunda belə bir mexanizm nəzərdə tutulmayıb. Bu mexanizmin olması üçün ilk növbədə “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməlidir".
R.Sabir bildirib ki, bu məsələyə münasibətdə müvafiq qurumların rəsmilərinin mövqeyi ilə əhalinin mövqeyi üst-üstə düşmür: "Qərarvericilər ölmüş şəxsin fərdi pensiya kapitalının onun varislərinə verilməsini pensiya sisteminin maliyyə dayanıqlığı üçün real təhlükə hesab edirlər. İşləyən insanlar isə, pensiya kapitalını özlərinin şəxsi vəsaiti hesab etdiklərindən, hansısa bir formada ondan faydalanmaq istəyirlər. İnsanlar ya həyatda olduqları zaman bu vəsaiti (heç olmazsa bir hissəsini) istifadə etmək, ya da həyatlarını dəyişdikdən sonra həmin vəsaitin varislərinə verilməsini sosial ədalət nöqteyi-nəzərindən zəruri hesab edirlər”.
İqtisadçı ekspert qeyd edib ki, ARDSK-nın məlumatına əsasən son illərdə ölkəmizdə vəfat edən hər 100 kişidən 45-46-sı əmək qabiliyyətli yaşda olub: “Bu diqqətə alınmalı bir nüansdır. Ölmüş şəxsin fərdi pensiya kapitalının onun varislərinə verilməsi məsələsi ilə bağlı ölkəmizdə qardaş Qazaxıstanın mütərəqqi təcrübəsindən istifadə oluna bilər".
R.Sabir onu da bildirib ki, DSMF-in dövlət büdcəsindən asılılığı azaldılmalıdır: "Çünkü DSMF yığım fondudur. DSMF-in sərbəst vəsaitlərinin səmərəli şəkildə investisiyalaşdırılması bu asılılığın azaldılmasında mühüm rol oynaya bilər. Sevindirici haldır ki, 2023-cü ildən başlayaraq DSMF sərbəst vəsaitləri investisiyalaşdırır”.
Ayhan
18:12 21.11.2025
Oxunuş sayı: 6587